Ermənistan-Rusiya savaşı açıq müstəvidə - ƏKS-REAKSİYA

Ermənistan-Rusiya savaşı açıq müstəvidə - ƏKS-REAKSİYA

Ermənistan mətbuatı cəmiyyətin "damarını tutaraq" Rusiyaya olan nifrətini yaymaqdadır. İrəvanda və ökənin digər bölgələrində Moskvanın qlobal mənada artıq uduzduğu barədə fikirlər dolaşır və buna rəğmən keçmiş ağalarına qarşı münasibətlərə yenidən baxmaq qərarına gəlinib. Ermənilər Rusiyanın gələcəyini itirdiyindən bütün mahiyyətini davamlı müharibəyə həsr edəcəyini düşünürlər. Ermənistanda Rusiyadan qurtulmaq yolları aranır, amma bir yerə varmaq, məsələni həll etmək üçün imkanların tükəndiyini hiss edirlər. Qərbin son ümidləri də boş təsəllidən başqa bir şey deyil. Nəzərə alsaq ki, Ermənistanda nə varsa, hamısı Rusiyanın əlindədir, bu prosesin, yəni ayrılmanın nə qədər ağır olacağını, hətta mümkünsüz olacağını düşünənlər çoxluq təşkil edir.

"Gec olsun, güc olsun" prinsipi ilə davrananlar məsələni Rusiya sərhədçilərini İrəvanın Zvartnots beynəlxalq hava limanından çıxarmaqla başlamaq istəyiblər. Erməni mətbuatı yazır ki, bu proses yaxın vaxtlarda baş verəcək. Hava limanının rəsmisi bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, əmin edib ki, siyasi qərar var. Maraqlıdır ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Əldə edilən məlumata görə, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandirləri ilə Rusiya FTX arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir. Milli Təhlükəsizlik Xidmətindən rus sərhədçilərinin hava limanından nə vaxt çıxarılacağını soruşduqda, kəşfiyyat xidmətindən onların bu barədə heç bir məlumatın olmadığını bildirilib.

Qeyd edək ki, 1992-ci ildə İrəvanla Moskva Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş imzalayıblar. Lakin bu müqavilədə hava limanında xidmətlərin göstərilməsi ilə bağlı bənd yoxdur. Müvafiq olaraq, Rusiya sərhədçiləri orada mahiyyətcə qeyri-qanuni fəaliyyətlər həyata keçiriblər. Bunu dayandırmağın mümkün və lazım olması barədə məsələ dəfələrlə qaldırılsa da, sonuna qədər getmək mümkün olmayıb.

Amma Robert Köçəryan və Serj Sarkisyanın prezidentliyi dövründə Rusiya sərhədçilərinin çıxarılması ümumiyyətlə, mümkün deyildi. Hər iki prezidentin zamanında kurs Ermənistanı tamamilə Rusiyadan asılı bir dövlətə çevirmək olub. O zaman Ermənistan bir çox müstəqillik və suverenlik atributlarını itirdi. Və belə bir şəraitdə Ermənistanın faktiki olaraq normal dövlətlər ailəsinə qoşulması ağlasığmaz idi.

Sarkisyan təbii ki, ermənilərin Aİ-yə daxil olmağa can atdığını bilirdi, lakin 2013-cü il sentyabrın 3-də bu istəklərin real qiymətini hamı gördü. Ermənistan nəhayət Rusiyanın Gömrük İttifaqına və Aİİ-yə qoşuldu. Oradan çıxmaq isə onlara girməkdən daha çətin olacaq. Amma ermənilər yenə israrla seçim yolunu tutublar, Rusiya ilə, yoxsa Qərblə bir olmaq. Bəli, indi bəziləri Rusiyanın Ukraynada kollektiv Qərbi məğlub etdiyini düşünür. Amma erməniər bunu yanlış fikir, illüziya adlandırırlar. Rusiyanın qlobal mənada artıq uduzduğunu deyirlər. Düşünürlər ki, Rusiya gələcəyini itirib, bütün mahiyyəti, bu günü və gələcəyi davamlı müharibələrlə bağlıdır. Təbii ki, Kreml məsələyə fərqli yanaşır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsi zamanı, "Ukrayna Rusiya ilə ortaq dövlətdə normal həyat və ya sonsuz müharibə arasında seçim etməlidir" deyib. Erməni mediasının qənaətinə görə, o, olduqca sərxoş vəziyyətdə olub. Belə bir vəziyyətdə yalan və boş-boş danışmaq çox asandır. Mətbuat yazır: "Həqiqət budur ki, sonsuz müharibəyə can atan Rusiyadır. Ukrayna və onun müttəfiqləri isə bir çox Avropa ölkələrini müharibə dəhşətinə qərq etməyi planlaşdıran belə qanlı Rusiyanı dayandırmağa can atırlar. Məsələn, Moldova KİV-ləri yazır ki, fevralın 28-də Tiraspolda keçirilməsi planlaşdırılan bütün səviyyəli deputatların qurultayı “Dnestryanı Rusiyaya qəbul etmək” tələbi ilə Moskvaya müraciət edə bilər. Bunu separatçı Dnestryanı bölgənin qondarma “hökumətinin” keçmiş üzvü və Dnestr çayının sol sahilinin fəalı Gennadi Çorba deyib. Eyni zamanda, vəziyyətin bu inkişafının başında duranlar 2006-cı ilin sentyabrında keçirilən referendumun məlumatlarına istinad edəcəklər ki, burada özünü "PMR" elan edən sakinlərə "Dnestryanı Rusiya Federasiyasına sərbəst şəkildə qoşulması haqqında" sual verilir. Hadisələrin bu cür inkişafı isə Rusiyanın Nikolayev və Odessanı tutmaq planlarını da nəzərdə tutur. Bu məqsədlərə çatmaq üçün Rusiya daha yüz minlərlə insanın həyatını - özünün və başqalarının həyatını qurban verməyə hazırdır".

İndi isə ermənilər sadə seçim qarşısında qalıblar, belə bir dövlətin strateji müttəfiqi olaraq qalmaq, ya yox? Təbii ki, Rusiya Ermənistanı öz təsir zonasında saxlamağa hər cür cəhd edəcək. Ermənistan rəhbərliyi düşünür ki, Qərbin vəzifəsi Rusiyanın bu planlarının qarşısını almaqdır: "Görünür, biz artıq bu qarşıdurmanın kulminasiyasının başlanğıcını görürük. Bundan sonra Rusiya hərbi bazalarının çıxarılması və onların başqa müttəfiq dövlətin bazaları ilə əvəzlənməsi məsələsi olmalıdır. Və sonra - Aİ və NATO-ya gedən yol. Bu uzun və çətin olacaq, amma alternativ rus əsarətidir".

Bu arada dəqiqləşib ki, Ermənistan KTMT-də iştirakını dondurub. Amma Kreml prosedur qaydasının İrəvanın düşündüyü kimi olmadığını hər addımda onlara anlatmağa çalışır. Kreml bəyan edib ki, onlar Ermənistanın KTMT-də iştirakı məsələsində mövqeyini tam aydınlaşdırmaq niyyətindədirlər, çünki bu təşkilatın nizamnaməsində “dondurulmuş üzvlük” statusu nəzərdə tutulmayıb. Jurnalistlərin Baş nazir Nikol Paşinyanın bu təşkilata üzvlüyünün dondurulması haqda bəyanatından sonra "Ermənistanın KTMT-nin fəaliyyətində sonrakı iştirakı iməsələsinə aydınlıq gəlib-gəlmədiyi" sualına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə cavab verib: “Xeyr, hələ ki, yoxdur. Burada bizim erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız olur və təbii ki, biz bunu aydınlaşdıracağıq”.

Hələlik isə KTMT üzvləri arasında dartışma bütün şiddəti ilə davam edir. Kim qalib gələcək, qaçan, yoxsa qovan?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə