“Səfər ölkələrarası qardaşlıq münasibətləri üçün vacibdir" - HULUSİ KILIÇ

“Ali Baş Komandan İlham Əliyevin 14 fevraldakı andiçmə mərasimindən dərhal sonra, 19 fevralda ilk səfərini qardaş Türkiyəyə etməsi böyük bir sevinclə qarşılandı. Bu ziyarət Türkiyə-Azərbaycan münasibətləri cəhətdən tarixi bir xüsusiyyət daşıyır”. Bu barədə SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Türkiyədə Prezident seçkiləri olduqda ilk xarici səfəri Azərbaycana, Azərbaycanda da eyni şəkildə Türkiyəyə edilir: “Bu ziyarət həm iki liderin, həm də iki qardaş xalqın görüşü deməkdir. Çünki prezidentlər xalqları təmsil edir. Bu ziyarəti bu şəkildə dəyərləndirmək lazımdır. Türkiyə və Azərbaycan münasibətləri heç bir ölkələrin münasibətlərinə bənzəmir. Ölkələrimiz arasında tarixdən gələn yaxınlıq, münasibət var. 1915-ci il Çanaqqala müharibəsindən başlayıb, 1918-ci il Qafqaz İslam Ordusunun gəlməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması, 1993-cü ildə torpaqların işğal edilməsindən sonra Ermənistanla sərhədin bağlaması, 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi dəstək, Azərbaycanın Türkiyəyə etdiyi Bakı-Tiflis-Ceyhan, TANAP kimi yatırımlara baxanda Türkiyə-Azərbaycan münasibətləri heç bir ölkə ilə müqayisə edilə bilməz. Bu ziyarət eyni zamanda türk dünyası üçün də önəmlidir. Cənab Prezidentin andiçmə mərasimində işlətdiyi “Biz türk dünyasına aidik” ifadəsi eyni şəkildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi mesajla üst-üstə düşür. Bu ziyarət Türk Dövlətləri Təşkilatına üzv dövlətləri də mənmun edir. Səfər çərçivəsində iki ölkə arasında ortaq universitet açılması qərarı da çox önəmli qərardır. Azərbaycan və Türkiyə gəncləri eyni universitetdə oxuyacaq və bununla da eyni mənəvi dəyərlərə malik gənclər yetişəcək. Cənab Prezidentin iyunda Şimali Kipr Prezidenti Ersin Tatarı Şuşada keçiriləcək Türk Dövlətləri zirvəsinə təbrik etməsi Türkiyədə məmnuniyyətlə qarşılanıb”.

H.Kılıç bildirib ki, ziyarət qərbə bir mesaj xarakteri daşıyırdı: “Səfər ölkələrarası qardaşlıq münasibətləri üçün vacibdir. Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Ermənistana etdiyi çağırış da önəmlidir. Türkiyə-Azərbaycan münasibətləri gündən-günə güclənir. Xüsusilə 15 iyun 2021-ci ildə imzalanmış Şuşa bəyannaməsi ilə bizi bir millət, lazım olduğu zaman isə bir dövlət halına çevirir. Dolayısı ilə bu bəyannamə stratejik müttəfiqliyimizin yazılı sənədidir, bu sənəd xüsusi önəm daşıyır. Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanında olacaq. Gücümüzü birliyimizdən almaqdayıq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə