"AŞPA ilə uzunmüddətli əməkdaşlıq müsbət divident vəd etmir" - ŞƏRH EDİLDİ

"AŞPA ilə uzunmüddətli əməkdaşlıq müsbət divident vəd etmir" - ŞƏRH EDİLDİ

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) səhv etdiyini düşünmür, elə nümayiş etdirdiyi mövqe də bunu əyani şəkildə sübut edir. Burada AŞPA-nın yox, Azərbaycan tərəfinin nə düşündüyü önəmlidir”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan AŞPA-ya qarşı yanlış heç bir şey etməyib. Faktiki olaraq nümayəndə heyətimizə qarşı edilən davranış AŞPA tərəfindən nümayiş etdirilib: “2001-ci ildən bəri Azərbaycan təşkilata üzvdür. Üzv olma səbəbi isə, Qarabağın işğalda olması idi. AŞPA-nın edə biləcəklərinə ümid edib bu təşkilata üzv olduq. Amma bu illər ərzində AŞPA nəinki Azərbaycan lehinə qərar verdi, heç Ermənistanın işğal faktoru və 4 BMT qətnaməsi ola-ola Ermənistana qarşı bu gün Azərbaycana qarşı atılan addım atılmamışdı. Belə olan təqdirdə bizim AŞPA ilə davam etməyimiz məsələsi sual altındadır. Azərbaycana AŞPA lazımdırmı? Sualına fokuslansaq lazım deyil”.

T.Rzayev bildirib ki, AŞPA-nın bu gün bizə verə biləcəyi heçnə yoxdur: “Bu baxımdan da AŞPA ilə uzunmüddətli əməkdaşlıq Azərbaycana heç bir müsbət divident vəd etmir. Bununla belə AŞPA addım atarsa, edilən davranışın yanlış olduğunu bildirərsə münasibətlər normallaşar və Azərbaycanın təşkilatdakı fəaliyyəti davam edər. Amma vəziyyət onu göstərir ki, AŞPA-nın belə bir niyyəti yoxdur. Ümumiyyətlə AŞPA-dakı deputatların hamısı olmasa belə, böyük bir qismi diaspora və lobbi təsiri dairəsindədir. Bu da əslində onların verdiyi qərarların obyektivliyini sual altına alır. Nəticə etibarilə AŞPA-nın bundan sonra Azərbaycanla bağlı müsbət qərar qəbul edəcəyini düşünmürəm”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə