"KTMT tərəfindən Ermənistanın işğalçılıq siyasəti dəstəklənməyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"KTMT tərəfindən Ermənistanın işğalçılıq siyasəti dəstəklənməyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) aparıcı dövlət deyil". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ona görə də Ermənistanın KTMT-də qalması və çıxması KTMT üçün heç nəyi dəyişməyəcək: "Ancaq Ermənistan üçün bəzi şeylər dəyişə bilər. Ermənistanın bu günə qədər KTMT-də qalmasının səbəbi də məhz bu tərəddüdlərlə bağlıdır. Məsələ ondadır ki, KTMT-dən kənar da Ermənistanın Rusiya ilə xüsusi münasibətləri var. Ermənistan üzv olmadan öncə də Rusiyanın Ermənistanda hərbi bazası var idi. Ermənistanın İran və Türkiyə ilə xarici sərhədlərini Rusiya sərhədçiləri qoruyurdu. Bu gün də belədir. KTMT sonradan yaranan təşkilat kimi əlavə təhlükəsizlik təminatı verən bir quruma çevrilib ki, şübhəsiz, təşkilatların yalnız ümumi maraqları çərçivəsində olmalıdır. Ermənistanın KTMT-dən narazılığı ondan ibarətdir ki, KTMT tərəfindən onun işğalçılıq siyasəti dəstəklənməyib. Dünyanın heç bir yerində elə bir beynəlxalq hərbi-siyasi alyans yoxdur ki, kiminsə təcavüzünə bəraət qazandırsın. Ona görə düşünürəm ki, daha çox Ermənistanın KTMT-yə münasibəti dəyişməlidir. Hər kəs aydın şəkildə dərk etməlidir ki, heç bir beynəlxalq təşkilat bir ölkənin başqa ölkəyə qarşı təcavüzünü dəstəkləməklə bağlı nizamnaməsində xüsusi bəndlər qeyd etmir".

O, əlavə edib ki, hazırkı mərhələdə Ermənistanın KTMT-ni tərk etməsi mümkün görünmür: "Çünki bunun hansı nəticələr doğuracağını Ermənistan proqnozlaşdıra bilmir. Üstəlik Azərbaycan Prezidentinin qeyd etdiyi kimi "Ermənistan +" siyasi formulası da bunu proqnozlaşdıra bilmir. Yəni Ermənistan müstəqil iradə nümayiş etdirə bilmir. "Ermənistan +" dedikdə onu idarə edən digər imperialist mərkəzlər - Fransa, İran və sair nəzərdə tutulur. Ermənistan burada müstəqil qərar nümayiş etdirə bilməyəcəkdir. Yaxın perspektivdə, yəni 2024-cü ilin noyabrına qədər olan müddətdə nəyinsə dəyişəcəyini güman etmək doğru olmaz. Ondan sonra Rusiya - Ukrayna müharibəsi və Yaxın Şərq müharibəsinin nəticələri ilə bağlı dəqiq proqnozlar ifadə etdikdən sonra müəyyən qərar qəbul oluna bilər. Ancaq bu, Ermənistanın qərarı olmayacaq. "Ermənistan +"un KTMT-yə, yaxud Rusiyaya qarşı qərarı olacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə