"Qarşıda Azərbaycanı böyük perspektivlər gözləyir" - ŞƏRH EDİLDİ
"Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin hər ili barədə saatlarla danışmaq olar. Bu istiqamətdə onlarla kitablar, yüzlərlə məqalələr yazılıb və bundan sonra da yazılmağa davam edəcək. Ölkə başçısı İlham Əliyev Azərbaycanın dövlətçilik tarixində qurucu Prezident, xalqı birləşdirən və ölkəni qüdrətli bir dövlətə çevirən lider və torpaqları işğaldan azad edib, ərazi bütövlüyü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan kimi qalacaq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, əgər Ümummilli Lider Heydər Əliyev ölkəni iqtisadi, hərbi, siyasi böhrandan qurtardı, Azərbaycan dövlətçiliyinin əsasını qoydusa, 2003-cü ildən sonra Onun siyasi xəttini uğurla davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanı sözün bütün mənalarında qüdrətli dövlətə çevirdi: "Ölkə başçısı Azərbaycanın hərtərəfli inkişafı üçün bütün lazımi işləri gördü. Neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ilə ölkənin harmonik inkişafı təmin edildi. Eyni zamanda insan kapitalını düzgün qiymətləndirərək, Azərbaycan insanını keyfiyyətli və rəqabətli peşə sahibinə, kadrlara çevrilməsi üçün ölkə başçısı onların dünyanın aparıcı universitetlərində təhsil almasını təmin etdi. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı böyüdü və inkişaf etdi, ölkəmizin büdcəsi artdı. Azərbaycanın sosial-iqtisadi göstəriciləri ölkə tarixində olmayan rəqəmə qədər yüksəldi. Bu dövrdə Azərbaycanda 20 min kilometrdən artıq yollar çəkildi, yüzlərlə parklar salındı, mədəniyyət evləri, istirahət mərkəzləri, təhsil obyektləri, səhiyyə müəssisələri tikildi və xalqın istifadəsinə verildi. 2 milyon 700 minə yaxın iş yerləri açıldı. Azərbaycan bütövlükdə regionla yanaşı, bütün dünyanın diqqət mərkəzinə çevrilən və çox sürətlə inkişaf edən dövlətlərdən oldu. Ölkəmiz və dövlət başçısının beynəlxalq imici ən yüksək səviyyəyə çatdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin aprelində Laçında sərhəd-keçid məntəqəsinin qurulması və 2023-cü ilin sentyabr ayında anti-terror tədbirləri nəticəsində qeyri-qanuni erməni silahlı qüvvələri ağ bayraq qaldırmaqla Azərbaycanın bütün ərazilərində suverenliyini tam təmin edən də məhz ölkə lideri İlham Əliyev oldu.
Qarşıda Azərbaycanı böyük perspektivlər gözləyir. İyirmi ildə başlayan işlərin, təməli möhkəm qoyulan uğurların yaxın illərdə daha böyük təntənəsini görəcəyik. Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə çatacaq, o cümlədən Ermənistanla sülh müqaviləsi bağladıqdan sonra bütün kommunikasiyaların açılması, Naxçıvan və Türkiyə ilə quru əlaqələrimizin bərpa edilməsi ilə isə türk dünyasının coğrafi bağlantısının Azərbaycan üzərindən təmin olunması çox böyük tarixi hadisə olacaq.
Bununla yanaşı qarşıya qoyulan digər məqsədlər, Qarabağın inkişaf etməsi, ölkənin sosial-iqtisadi güclərinin möhkəmlənməsi və yaxın illərdə Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi, Qərbi Azərbaycan İcmasının yaradılması ilə qarşıya qoyulan böyük məqsədə çatmaq və ata-baba yurdumuza dönmək imkanlarının reallaşması cənab Prezidentin qarşıya qoyduğu mühüm tarixi vəzifələrdir. İnanıram ki, 7 fevral tarixində keçiriləcək seçkilər zamanı da xalqımız birmənalı olaraq cənab İlham Əliyevə dəstək verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB