“20 Yanvar Azərbaycanda milli azadlıq hərəkatının zirvəsi oldu” - ŞƏRH EDİLDİ

“20 Yanvar Azərbaycanda milli azadlıq hərəkatının zirvəsi oldu” - ŞƏRH EDİLDİ

“20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində həm faciəli hadisə, həm də qəhrəmanlıq səhifəsi kimi qalıb. 1920-ci ildə bolşeviklər müstəqil xalq cümhuriyyətinin fəaliyyətinə son qoyduqdan sonra, Azərbaycan xalqının illər boyu yaratdıqlarının üstündən xətt çəkdilər. Xalqımızın adət-ənənələri, o cümlədən İslam dininə qarşı düşmən münasibət xalqımızı demək olar ki, mənəvi dəyərlərindən etdi. Dövlət dinə müharibə elan etdi və 100-lərlə din adamımız qətlə yetirildi, Sibirə sürgün olundu və ya fəaliyyətinə məhdudiyyətlər qoyuldu. O cümlədən 1930-cu illərin represiyasında ən çox qətl edilən Azərbaycanın fəalları oldu. Yetmiş il ərzində “SSRİ mənim vətənimdir, milli tarix, adət-ənənədən daha çox Azərbaycan xalqına yad olan düşüncələr təbliğ olundu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, 70 il ərzində hər bir azərbaycanlı üçün “böyük Sovet ordusu, əsgəri var” ifadələri doğmalaşdırmağa çalışırdılar: “Heç kəsin ağlına gəlmirdi ki, gün gələcək məhz bu ordu Azərbaycan xalqına qətliam törədəcək, yəni xalqı güllə-baran edəcək.

Azərbaycan və Ermənistan Sovet dövlətinin tərkibində idi və Sovet rəhbərliyi iki ölkə arasındakı münasibətlərə adekvat yanaşmadı, ədalətli olmadı. Belə ki, ermənilərin tərəfini müdafiə edərək, Azərbaycanın işğal məsələsi ilə razılaşmasını istəyirdi. Dinc əhali isə Sovet rəhbərliyinə etiraz əlaməti olaraq küçələrə çıxdı, amma Sovet rəhbərliyi xalqımızın haqq səsini eşitməkdənsə, qırğın törətdi. Bu faciənin ən dəhşətli yanı ondan ibarətdir ki, Azərbaycandakı hakimiyyət xalqımızı müdafiə etmədi və gizlin şəkildə Sovet rəhbərliyi ilə danışıqlara getdi. Bunun nəticəsi idi ki, 20 Yanvar faciəsinin həyata keçirilməsində ermənilərdən də məharətlə istifadə etdilər.

20 Yanvar xalqımızın tarixində nə qədər ağrılı hadisə olsa da, həm də qəhrəmanlıq səhifəmizdir. Çünki əliyalın xalq küçələrə çıxdı, Sovet rəhbərliyinə öz etirazını bildirdi və həmin ordunun işğalçı bir ordu olmasının şahidi oldu. 20 Yanvar Azərbaycanda milli azadlıq hərəkatının zirvəsi oldu.
Həmçinin bu mənada Sovet rəhbərliyinə olan inam sarsıldı və ziyalılarımız dərk etdi ki, belə hərəkatlara hökmən milli lider rəhbərlik etməlidir. Əgər 20 Yanvar ərəfəsində Sovet rəhbərliyi Ulu Öndər Heydər Əliyevə imkan versəydi, təbii ki, xalqımıza qarşı bu cür qəddarlıqlar həyata keçirilə bilməzdi. Eyni zamanda, bu ərəfədə Ümummilli Liderimiz Azərbaycanda olsaydı məsələnin qan tökülmədən həlli ilə bağlı yollar axtara bilərdi.
Təsadüfi deyil ki, bundan sonra yaşanan çətinliklərdə xalq Heydər Əliyevə ümid bağladı. Məhz 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən də Ulu Öndər olmuşdur. Xalq dərk etdi ki, tək çıxış yolu, müstəqilliyə addımlamaq yalnız Heydər Əliyevlə mümkün olacaqdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə