20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir ŞƏRH

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir ŞƏRH

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 34 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşun hissələri Bakıya yeridildi. Həmin gecə sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş və 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini aldı. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymətini verdi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 21 noyabr 1990-cı il tarixli qərarı ilə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verildi. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. 1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçovun əsas məqsədi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-nin nəzarətindən çıxarıb Ermənistan SSR tərkibinə qatmaq, Heydər Əliyevi Azərbaycan xalqının gözündən salmaq idi. Bu hadisələr Azərbaycan SSR-də 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına təkan Verdi və sonda 1990-cı il 20 yanvar faciəsinə gətirib çıxartdı. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku sıradan çıxarıldı. Fövqəladə vəziyyətin başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi.

Heydər Əliyev: "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı".

Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də şəhidlər ilə vidalaşdı. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi. Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. Şəhidlərimizin qanı yerdə qalmadı. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşmən darmadağın edildi. Qanı və canı bahasına qəhrəman əsgər və zabitlərimiz ölkəmizin ərazi bütövlüyü bərpa etdilər. Azərbaycan xalqı Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından belə keçməyə hazır olduğunu və hər zaman cənab Prezident İlham Əliyevin yanında olduğunu bir daha sübut etdi.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qalibiyyətin ardınca hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli bayrağımızın Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası tarixi hadisədir. İlham Əliyev: “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”. Bütün bu nailiyyətlər onu təsdiqləyir ki, Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasətinə sadiqdir. Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə, onun ideyalarına sədaqətlidir və hər zaman prezidentin ətrafındadır. 20 Yanvar faciəsinin 34-cü il dönümünü 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdığı bir zamanda, ərazi bütövlüyünü və suverenliyini tam bərpa olunan vaxt qeyd edirik. Şəhidlərimizin ruhu şaddır.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə