"ABŞ bu addımları atmaqla bölgədə vəziyyəti gərginləşdirməyə çalışır" - POLİTOLOQ BİLDİRDİ
"ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatı qərəzli, qeyri-peşəkar, qeyri-ciddi və məsuliyyətsiz şəkildə hazırlanıb. Bu hesabatın Azərbaycanla bağlı hissəsini hazırlayan şəxsin erməni əsilli olduğunu nəzərə alsaq bəri başdan onunla bağlı fikri demək olardı. Amma nəzərə almaq lazımdır ki, ABŞ zaman-zaman Azərbaycanı müxtəlif məsələlərdə tənqid etsə də dini tolerantlıqla bağlı məsələdə ilk dəfə belə bir məsələyə toxunur və Azərbaycan tənqid edilir və nəzarət altına alınır". Bu barədə SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, qeyd edilən hesabat başdan-başa uydurma, qərəz və riyakarlıqdan ibarətdir: "ABŞ əgər doğurdan da milli və dini azlıqlara qarşı təzyiq, repressiyalarla bağlı danışmaq istəyirsə, ilk növbədə özünə yaxın saydığı dövlətlərdən başlamalıdır. Onun Qafqazda müdafiə etdiyi Ermənistan son 35 ildə ərazisində yaşayan milli azlıqlara və başqa dindən olan şəxslərə qarşı ciddi şəkildə etnik təmizləmə aparıb. Bu təzyiqlərə azərbaycanlılarla yanaşı orada yaşayan başqa dini azlıqlar, o cümlədən Ermənistanda yaşayan malakanlar da məruz qalıblar. Məhz bu siyasətin nəticəsində Ermənistan monoetnik bir ölkəyə çevrilib".
Politoloq qeyd edib ki, Fransa və digərləri kimi ABŞ-yə yaxın olan İslam dininə, müsəlmanlara, onların geyiminə, hətta dərilərinin rənginə görə diskriminasiya aparan dövlətlərə bununla bağlı hansısa irad bildirilmir: "Amma ABŞ-nin ən yüksək şəxsləri, mütəxəssisləri tərəfindən Azərbaycanda multikulturalizmin ciddi bir həyat tərzinə çevrildiyi, Azərbaycanın dünyada örnək sayılan, tolerant ölkələrdən biri olduğu qeyd edildiyi halda hazırkı hesabatda bunun tam əksinə olan fikirlər yazılıb. Bu da ABŞ-nin məsələyə necə yanaşmasının göstəricisidir. Digər tərəfdən ABŞ doğurdan da diskriminasiya məsələlərini qeyd etmək istəyirsə özünün müttəfiqi hesab etdiyi Hindistanda müsəlmanlara qarşı aparılan təhqiramiz hərəkətləri, repressiyaları və onlara edilən zülmləri diqqətə almalı idi, amma bunlar baş vermir. Hansı ki, son 10 ildən artıq müddətdə Hindistanda hakimiyyətdə olan ultra millətçi, faşist düşüncəli Modi hakimiyyəti Hindistanda yaşayan digər dini qruplara qarşı ciddi şəkildə sərt və repressiv siyasət aparır".
O.Qasımov bildirib ki, ABŞ-nin siyahıya saldığı ölkələrdə obyektiv yanaşmalar da var: "Çin, İran və digər ölkələrdə doğurdan da insanlar dini baxışlarına görə təqib olunurlar və onlara sərbəst fəaliyyət göstərmək imkanı verilmir. Amma Azərbaycana Qarabağ erməniləri üzərindən bunu etmək riyakarlıqdır. Nəzərə almaq lazımdır ki, Qarabağdan ermənilərin köçüb getməsinin səbəbləri tamamilə fərqlidir. Onların dini etiqadlarına görə heç zaman onlara qarşı bir aşağılayıcı addımlar atılmayıb. Eyni zamanda Qarabağ ərazisində xristian dininə aid olan abidələrin hamısı Azərbaycan dövləti tərəfindən ciddi şəkildə qorunur. Bakı şəhərində vaxtilə mövcud olmuş erməni kilsəsi tam şəkildə bərpa olunub və dövlət tərəfindən ciddi şəkildə qorunur. Hətta 12 il əvvəl Bakıda beynəlxalq tədbirdə iştirak edən erməni katalikosu Qaregin belə həmin kilsəni ziyarət etmiş, orada 5 mindən artıq kitabın saxlandığını da görmüşdür".
Müsahibimiz sonda vurğulayıb ki, rəsmi Vaşinqton bununla da Azərbaycana qarşı riyakar mövqeyini ortaya qoyub: "ABŞ bu hesabatı yaymaqla Azərbaycana qarşı qərəzli mövqe ilə bərabər həm də Azərbaycan-Ermənistan arasında obyektiv vasitəçilik missiyasını ciddi zərbə vurdu. Faktiki olaraq ABŞ-nin bundan sonrakı vasitəçiliyinin baş tutması ciddi sual altnda olacaq. Artıq maskalar cırıldı və ABŞ-nin sifəti tam şəkildə ortaya çıxdı. Bundan sonrakı dövrdə də Azərbaycana qarşı bu düşmən mövqe davam edəcəksə, bu iki tərəf arasında münasibətləri gərgin vəziyyətdə saxlayacaq. Bununla da ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə vurulur. ABŞ bu addımları atmaqla bölgədə vəziyyətin gərginləşməsinə çalışır. Təsadüfi deyil ki, iki gün öncə ABŞ dövlət departamentinin nümayəndəsi də açıq şəkildə etiraf etdi ki, Cənubi Qafqazda sülh prosesini əngəlləyən dövlət ABŞ-nin özüdür. Nümayəndə bildirdi ki, ABŞ Cənubi Qafqazda vasitəçilik və sülh prosesinin irəliyə aparılması ilə bağlı Rusiya tərəfindən hansısa əngəl yoxdur. Belə çıxır ki, Rusiya mane olmursa, mane olan tərəf ABŞ-nin özü imiş".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB