"Hər iki dövlətin münasibətləri inkişaf etdirməyə marağı var" - MÜNASİBƏT BİLDİRİLDİ
"Çin dünyada birinci yeri tuta biləcək ən böyük iqtisadiyyata sahib olan bir dövlətdir. Bununla yanaşı, Çinin çox fərqli bir siyasəti var. Azərbaycan digər dövlətlərlə olduğu kimi, Çinlə də qarşılıqlı suverenliyin tanınması prinsiplərinə əməl etməklə balanslaşdırılmış münasibətlər qurur. Çinin "Bir kəmər bir yol" layihəsi çərçivəsində Azərbaycan da aktiv iştirak edənlər sırasındadır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, digər dövlətlərdən fərqli olaraq Azərbaycan öz daxili ərazilərində, hətta bəzi qonşu ölkələrdə də məhz bu kommunikasiyaların qurulması layihəsini özü həyata keçirib: "Yəni, burada Çin maliyyəsinin heç bir iştirakı olmayıb. Bu da Azərbaycanı layihə çərçivəsində daha müstəqil və bərabərhüquqlu etməkdədir. Bu baxımdan hazırda Çin "Bir kəmər, bir yol" layihəsi daxilində Orta Dəhlizin inkişaf etdirilməsinə böyük maraq göstərir. Çünki bu faktiki olaraq ən real alternativ yol kimi dəyərləndirilməkdədir. Çinin Mərkəzi Asiya dövlətlərində çox böyük sərmayələri var. Bu baxımdan Azərbaycan Çin üçün xüsusi maraq kəsb edir. Bununla yanaşı, 30 illik işğal dövründə Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımış və suveren hüquqlarını dəstəkləmişdir. Azərbaycan bu proseslərdə həmişə Çinin dəstəyini hiss edib. Ona görə də mütəmadi olaraq Çin və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi normal bir haldır. Çünki hər iki dövlətin əlaqələri inkişaf etdirməyə marağı var".
Deputat sözlərinə davam edərək qeyd edib ki, hər iki dövlətin liderləri arasında olan dostluq münasibətləri də bu inkişafı biraz da sürətləndirir: "Dekabr ayının 24-də Çin Xalq Respublikasının sədrinin Azərbaycan Prezidentinə ünvanladığı məktubu bu qəbildən hesab edirik. Bu, Prezident İlham Əliyevə hörmət, Azərbaycan xalqına olan xoş münasibəti göstərir. Düşünürəm ki, növbəti illərdə də biz bu münasibətlərin inkişafını müşahidə edəcəyik. Çünki bu inkişaf üçün çox əla bir zəmin var".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB