"Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri həm qonşu, həm də dünyanın digər dövlətləri ilə ikitərəfli münasibətlərin qurulması və inkişafıdır". Bu sözləri deputat Azər Kərimli SİA-ya açıqlamasında deyib.

O, sözlərinə belə davam edib: "Ölkəmiz milli maraqlarının qorunmasına yönəlmiş siyasət aparır, ərazisindən və siyasi sistemindən asılı olmayaraq bütün dövlətlərlə bərabərlik, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında münasibətlər qurur. Çin Xalq Respublikası isə bu siyahıda yüksək yer tutur. Azərbaycan rəsmi Pekinlə sıx siyasi və iqtisadi əlaqələr quran ölkələr sırasındadır. Bu, Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da özünü göstərir. Çin Xalq Respublikasının sədri Azərbaycan Prezidentinə ünvanladığı məktubda qeyd edir ki, “Mən Çin və Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə və onların xalqının rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəldilməsi üçün sizinlə birlikdə səy göstərməyə hazıram”. Göründüyü kimi, Çin Azərbaycanın Cənubi Qafqazda dominant siyasi və iqtisadi rolunu çox yaxşı başa düşür və yüksək qiymətləndirir".

Deputat əlavə edib ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır: "Əgər 2022-ci ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,2 milyard ABŞ dolları təşkil edibsə, 2023-cü ilin 9 ayı ərzində bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artıb və bu artım davam edir. İki ölkənin liderləri - Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin dostluğu sayəsində Azərbaycan ilə Çin arasında münasibətlər ən yüksək siyasi və diplomatik səviyyədədir. Bu münasibətlərin fonunda beynəlxalq, iqtisadi, transmilli əlaqələr və nəqliyyat-logistika sahəsində qarşılıqlı əlaqələr uğurla inkişaf edir. Siyasi dialoqun genişlənməsi, iqtisadiyyat, nəqliyyat, logistika, investisiya, energetika və digər sahələrdə uğurlu əməkdaşlıq Çin şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan tikinti-bərpa işlərində fəal iştirakına səbəb olub ki, bu da Azərbaycan-Çin əlaqələrini daha da möhkəmləndirib, əlaqələri strateji tərəfdaşlığın yeni səviyyəsinə çıxarıb. Bu baxımdan, Azərbaycan-Çin münasibətləri müasir şəraitdə diplomatik uğurun simvolu hesab oluna bilər"

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə