"Milli həmrəyliyimiz milli birliyimizdir" - SƏDR DANIŞDI

"Milli həmrəyliyimiz milli birliyimizdir" - SƏDR DANIŞDI

“Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilənhər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

Onun sözlərinə görə, 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyiilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bildirmişdir: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Heydər Əliyevin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi. Qurultaydan sonra H.Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarla bağlı dövlət siyasəti haqqında qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Heydər Əliyev siyasi fəlsəfəsinə, məktəbinə söykənən Azərbaycan prezidenti İlham Əliyev onun bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlət başçısının “Dünya Azərbaycanlılarının II Qurultayınınkeçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diasporlarının daha da genişlənidirlməsi istiqamətində daha biraddım oldu, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Azərbaycan Diasporunun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir.

Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda Dünya Azərbaycanlılarının Xartiyasının qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi. Həmrəylik günü millibirlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu birliyi Vətən müharibəsində bir daha gördük. Xalq müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. İkinci Qarabağ Müharibəsi bu əminliyi bir daha təsdiqlədi. Öz Liderinin ətrafında dəmir yumruq tək birləşən xalq ordusuna arxa-dayaq oldu, düşmən bu gücün qarşısında cəmi 44 gün dayana bildi. 30 il işğal altında inləyən Azərbaycan torpaqları düşmən tapdağından azad edildi. Sıldırım qayalarla əhatələnən qədim Azərbaycan-türk obasının – Şuşanın noyabrın 8-də azad olunması isə bu qəhrəmanlığın zirvəsi idi. Azərbaycan əsgərinin şücaətinə, bacarığına dünyanın hərbi mütəxəssisləridə heyran qaldı. İndi azad olunan torpaqlar yenidən qurulur, o yerlərə yenidən həyat qayıdır.

Soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, nümayiş etdirdiyi bu möhtəşəm birliyə verilən ən ali qiymət 22-23 aprel 2022-ci il tarixində Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi oldu: Qurultayda müzəffər Ali Baş Komandan, tarixi qələbəmizin memarı cənab İlham Əliyev heç də təsadüfü deyildir ki, bu qurultayı Zəfər Qurultayı adlandırdı. Çünki 30 ilə yaxın bir müddət ərzində biz tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yorulmadan mübarizə apardıq. Dövlətimizin müəyyən etdiyi bütün hədəflərin son ucu Qarabağda və onun tacı olan Şuşada birləşirdi. Bundan əvvəl keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarında yalnız bir istək var idi: növbəti qurultayı Qarabağda keçirmək. Bu, onu göstərirdi ki, xalqımız davam edən erməni işğalı ilə, məğlub adı ilə heç vaxt barışmayacaq. Uzun illər apardığımız yorulmaz mücadilə, xalqımızın tükənməz və sarsılmaz nümunəvi birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və diplomatik bacarığı bizi qələbəyə qovuşdurdu. Məhz buna görə də Dünya Azərbaycanlılarının Zəfər Qurultayı bu qədər möhtəşəmdir. Zəfər Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atadılar. Hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultayda iştirak edən hər bir nümayəndə qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşadılar. Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər.

Milli həmrəyliyimiz fonunda dünyada yüksək milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus harmoniya yaradır. Multikulturalizmin ölkəmizdə yaranma tarixinə nəzər yetirsək görərik ki, Sovet İttifaqının dağılması ilə bu regionlarda xaosun hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində ölkəmizdə tolerantlıq mühiti qoruna bildi, bütün xalqlar arasındakı yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritmi pozulmadı. Bu cür dəyərlərə, milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və Öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.

44 gün davam edən İkinci Qarabağ müharibəsində Respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki, Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır.

Dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini nümayiş etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə multikulturalizmin, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması da həm ölkəmizdə tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Göründüyü kimi ölkəmiz milli həmrəylik multikultural dəyərlərlə sıx bağlıdır və ölkəmizdə yaşanan bu tendensiya bütün dünya üçün əsil nümunədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə