"Xankəndidə baş tutan matç Azərbaycanın bütövlüyünün simvolu idi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Xankəndidə baş tutan matç Azərbaycanın bütövlüyünün simvolu idi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Xankəndidə keçirilən futbol matçı hər hansı bir idman deyil, siyasi hadisə idi. Bu, sadəcə olaraq Azərbaycan dövlətini maraqlandıran bir hadisə deyildi. Dünən Azərbaycanı aşan və bir çox qlobal şəbəkələri maraqlandıran məsələ baş tutdu. Çünki zamanında Azərbaycanın başına bəla edilən bu separatizm xəstəliyi xüsusi olaraq uzunmüddətli düşünülmüşdü ki, dövlətimizə hər zaman təzyiq mexanizmi kimi qalsın və qabıq tutmayan yaraya çevrilsin. Bu yaranı qanatmaqla Azərbaycana təsir etməyə çalışırdılar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, dünən Xankəndidə baş tutan matçda Prezident İlham Əliyevin topa zərbəsi Azərbaycanın başına bəla kimi hörülmüş separatizmə vurulan zərbə idi: "Eyni zamanda, dövlət başçısı topa zərbə vuraraq onu Mərkəzi Ordu İdman Klubuna, yəni orduya ötürdü. Bu da öz növbəsində böyük bir anlam və mesaj daşıyır. MOİK-ə ötürmə etməklə artıq topun orduda olduğuna işarə etdi ki, bu da Azərbaycana qarşı düşmənçilik edən bütün güclərə ciddi bir mesaj oldu".

Politoloq sözlərinə davam edərək bildirib ki, bununla yanaşı, dünənki hadisə Azərbaycanın bütövlüyünün simvolu, həmçinin qürur mənbəyi olaraq xalqımıza bir mesaj oldu: "Xalqımız özünə qayıdanda çox böyük olur. Bu məsələ bundan sonra da inkişaf etməlidir. Ən azından televiziyada hansısa şou xarakterli mənəviyyatı pozan verlişlərdənsə, insan mənəviyyatına xidmət edən, Azərbaycanın ən böyük dəyəri olan ailə institutunun inkişafı ilə bağlı təbliğatın olduğu ortaya qoyuldu. Bunun üçün bütün Azərbaycan cəmiyyətinə və ailəsinə qarşı mübarizə aparan xristian dünyasının yalançı təbliğlərinə qarşı xalqımız da özünə qayıtmaqla ailə dəyərlərimizi təbliğ etməliyik. Yəni, dünənki hadisə hər birimizə yenilənmə mesajı idi. Əgər bu gün bütövləşə bilmişiksə, deməli yenilənib özümüzə qayıtmalıyıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə