Sülh əleyhinə qan qoxuyan TƏHLÜKƏLİ TƏBLİĞAT – TƏHLİL

Sülh əleyhinə qan qoxuyan TƏHLÜKƏLİ TƏBLİĞAT – TƏHLİL

Erməni arxiyepiskopunun fikirlərindən, bəyanatlarından bizə artıq çoxdan bəllidir ki, o qətiyyən Cənubi Qafqazda sülhün tərəfdarı olmayıb və hətta müharibənin, münaqişənin qızışdırılması üçün bacardığını edir. Zorakılığı təbliğ edən, ərazi iddiaları ilə çıxış edən, erməniləri azərbaycanlıların qətlinə təhrik edən birinin sülhün əleyhinə olması bir aksiomdur, çünki bütün dediklərindən sonra qətiyyən isbata ehtiyacı qalmır. Onun çıxışlarından qan qoxusu gəldiyini uzaqdan da təyin etmək çətin deyil və erməni arxiyepiskopu Baqrat Qalstanyanın belə təxribatçı nitqi sülhə deyil, müharibəyə, münaqişəyə, insan tələfatına sövq edən ən təhlükəli təbliğatdır.

“Bəli, mən özümü revanşist hesab edirəm və həyatımın son saniyəsinə qədər də belə yaşayacağam”, - deyən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan əslində, bir etiraf etmiş olub. Etiraf etmiş olub ki, onun özü də revanşistdir və qisas almağı, insanları qətlə yetirməyi, qan tökməyi, işğal etməyi, başqalarına mənsub olanı mənimsəməyi və sadalananların fonunda qanunsuzluqları, cinayət əməllərini məqbul hesab edir. O, bu cinayət əməllərini nəinki başqalarına, hətta özünə də rəva bildiyini açıq-aşkar şəkildə bildirir. Yəni, heç çəkinmədən bəyan edir ki, onun özü belə bir revanşist olaraq, cinayət əməllərini, qanunsuzluğu dəstəkləyir, hətta ermənilərə bununla bağlı bir çağırış da edir. İstənilən halda qanunsuzluğa, cinayətkarlığa bu qədər açıq şəkildə çağırış heç bir müstəviyə, heç bir normaya sığışan deyil və bu təxribatçı təbliğatına qətiyyən dırnaqarası yanaşılmamalıdır.

“Biz düşünməliyik ki, biz yer üzündə Allahın işi ilə, ədalətin, həqiqətin və xilas yolunun bərpası ilə məşğuluq. Bəli, bu, qisas yoludur. Evinizi geri qaytarmağın başqa hansı yolu var?”, - deyə fikirlər səsləndirən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri nəyi təbliğ etdiyinin fərqində deyilmi? Fərqində deyilmi ki, təxribatçılıq edir və öz cəfəng fikirləri ilə insanları cinayətə, qanunsuzluğa dəvət edir? Bilmirmi ki, onun dedikləri zorakılığın təbliğidir? Başa düşmürmü ki, “öz evinizi geri qaytarmağın başqa hansı yolu var”, - deyərək, sayıqladığı zaman birmənalı şəkildə ərazi iddiası ilə çıxış edir? Başa düşür. Özü də çox yaxşı başa düşür, amma qətiyyən bunu etməkdən çəkinmir, çünki cəzasız qalacağına əmindir və bilir ki, qanundan, beynəlxalq hüquqdan və normalardan dəm vuran beynəlxalq qurumlar da, özünü demokratiya carçısı kimi göstərən ölkələr də, sadəcə, müşahidəçi mövqedən çıxış etməklə kifayətlənmiş olacaqlar.

Maraqlıdır ki, Baqrat Qalstanyanın təxribat xarakterli belə sərsəm fikirlərinə niyə hələ də reaksiya verilməyib? Ötən həftənin bazar günündən, yəni, Qalstanyanın təxribatçı fikirlər səsləndirdiyi gündən bu vaxta qədər bir dənə də olsa beynəlxalq təşkilat, ələlxüsus da beynəlxalq müstəvidə qanun müdafiəçilərindən biri də olsa niyə erməni arxiyepiskopuna “gözün üstündə qaşın var” deməyib? Niyə bu vaxta qədər Avropa Parlamentinin üzvlərindən bircəciyi belə bununla bağlı bir kəlmə də fikir bildirməyib? Azərbaycanın hər addımını izləyən, əsassız olaraq, ədalətsizlik edərək, ölkəmizə qarşı narazılığını bildirənlərin biri də ağzını açıb danışmayıb və həmin o erməni arxiyepiskopunu qınamayıb. Rəsmi Bakını hər addımda qınamağa çalışan Fransa prezidenti Emmanuel Makron da özünü görməməzliyə və eşitməməzliyə vurub, yoxsa, arxiyepiskopun dediklərini vecinə də almır? Bəs həmin ölkənin senatorları niyə ağızlarına su alıblar? Azərbaycanla bağlı ən xırda məsələlərə burun soxan Fransa şəhər merlərindən bu təxribatçı bəyanata, təhlükəli təbliğata niyə reaksiya yoxdur? Yoxsa, ermənidir deyə, ağlına gələni danışa, istədiyi kimi təxribatçı bəyanatlarla çıxış edə və vəhşiliyi, qanunsuzluğu, cinayətkarlığı, işğalçılığı, ərazi iddialarını təbliğ edə bilər, deyə düşünürlər?

Diqqətçəkən məqamlardan biri də odur ki, erməni arxiyepiskopu öz təxribatçı fikirlərini məhz Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına ümidlərin yarandığı bir vaxtda səsləndirir. Ermənistan tərəfi sülh təşəbbüsü ilə bağlı hansısa addımlar atmaq qərarına gəldiyi bir vaxtda arxiyepiskop Qalstanyan da bunun əksinə olaraq, təxribat xarakterli fikirləri ilə erməni cəmiyyətini qıcıqlandırmaq, münaqişəyə, müharibəyə təhrik etmək istəyir. Azərbaycan və Ermənistan hərbçilərinin mübadiləsindən bir neçə gün sonra erməni arxiyepiskopun sayıqlamasına, revanşizmi təbliğ etməsinə təxribatçılıqdan başqa nə ad vermək olar? Zənnimizcə, Bakının və İrəvanın sülh yolunda ilk real addımlar atmağa başladığı zamanda Qalstanyanın təxribatçı fikirlər səsləndirməsinə heç Avropa Şurasının rəhbəri Şarl Mişel də biganə qalmamalı idi. Çünki o səsləndirdiyi fikirlərlə olduqca təhlükəli təbliğat aparır və sülh təşəbbüsünə qarşı olmaqla yanaşı, həm də erməniləri müharibəyə, münaqişəyə təhrik etməyə çalışır.

Əslində, sülh yolunda ilk real addımları, təşəbbüsləri alqışlayanların elə hamısı erməni arxiyepiskopun təxribatçı fikirlərinə müşahidəçi mövqe sərgiləməməlidirlər. Ona xatırladılmalıdır ki, Ermənistan-Azərbaycan sərhədi boyunca 2020-ci ilin iyulunda məhz erməni hərbçilərinin törətdiyi təxribatlara, təxribatçılığa görə məlum toqquşmalar olub. Xatırladılmalıdır ki, toqquşmaların Ermənistan tərəfinin təhrikindən sonra baş verdiyini Ermənistan Respublikasının eks-prezidenti Robert Koçaryan da açıq şəkildə bildirib, etiraf edib və deməli, təxribatçılıq qətiyyən diqqətdən yayınan deyil. Məhz erməni arxiyepiskopuna başa salınmalıdır ki, onun hərhansı təxribat xarakterli bəyanatı, təhlükəli təbliğatı da eyni şəkildə münaqişənin qızışdırılmasına səbəb olur, sülh təşəbbüsünə zərbə vurur və bu özü də heç kəsin diqqətindən kənarda qala bilməz.

Azərbaycana qarşı ərazi iddiaları ilə, daha dəqiq desək, işğalçılığı təbliğ etmək niyyəti ilə təkcə Qalstanyan çıxış etməyib. Ermənilərin keçmiş katolikosu I Vazgenin 1988-ci il fevralın 25-də Mixail Qorbaçova açıq məktub göndərərək, Qarabağın Ermənistana birləşdirilməsini tələb etməsi də tarixi faktdır. Ərazi iddiasını dəstəkləyən, qonşu ölkənin ərazisinə qarşı işğalçılıq siyasətini müdafiə edən II Qaregini də hər kəs xatırlayır. Özünü erməni Apostol Kilsəsinin qondarma “Artsax” yerarxiyasının rəhbəri kimi təqdim edən Pargev Martirosyan da öz sayıqlamaları ilə, tərxribatçı fikirləri ilə hər zaman diqqəti cəlb edə bilib. ABŞ-a qaçaraq aradan çıxan Martirosyanın pafoslu fikirlər səsləndirməsi, sonra da dabanına tüpürüb ölkəni tərk etməsi heç ermənilərin özlərinin də gözündən yayınmayıb. Bir çox erməni blogerlərin onun haqqında qeyd etdikləri təsdiq edir ki, kimliyi heç ermənilərin özləri tərəfindən də qəbul edilən deyilmiş. Onun hələ ötən əstin axırlarında, daha dəqiq desək, Şuşa işğal edildiyi zaman mənzilləri paylaması, kimə hansı mənzili verməyi özü qərarlaşdırması, “müqəddəs ata” adlandırdıqları birinin azərbaycanlılara məxsus mənzilləri istədiyi kəslərə verməsini məsələn, erməni bloger Roman Baqdasaryan heç də doğru, düzgün hesab etmədiyini açıq şəkildə bildirib. Hətta o qeyd edib ki, bir zamanlar mənzilləri paylayan birinin, özü də “müqəddəs ata” kimi özünü göstərənin camaatı atıb qaçması olduqca gülüncdür, utancvericidir.

Maraqlıdır, baş götürüb ABŞ kimi bir ölkəyə “qaçmaq” elə də asan məsələ deyil və onun bunu nəyin hesabına edə bildiyi də sual doğurur axı. Amerikada yaşamaq özü də böyük vəsaitlər tələb edir. Soruşmaq ayıb olmasın, həmin o Martirosyan kimilərinə hardan olur belə külli miqdarda vəsaitlər? Axı nə dədələrindən bir şey qalıb, nə də hansısa var-dövləti onlar üçün kimsə miras qoymayıb. Təbii ki, Ermənistanı, erməni xalqını keçmişindən, əldə etməli olduqlarından məhrum etmək bahasına oynadıqları çirkin oyunlar hesabına var-dövlət qazanıblar və bu həvəslə də indi həmin ölkəni gələcəyindən məhrum etmək fikrindədirlər. Ölkələrinin çətin duruma düşməsi onların heç birinin vecinə də deyil və yalnız özlərini düşünürlər. Elə məhz buna görə də Ermənistan uduzmaqda, itirməkdə davam edir və indi Cənubi Qafqazda ən zəif, ən rəzil və səfalət içərisində olan ölkədir. Məsələ burasındadır ki, elə həmin o katalikoslar, arxiyepiskoplar hələ də əl çəkmək niyyətində görünmürlər və onsuz da səfalət içərisində olan Ermənistan adlı ölkəni daha dərin quyuya sürükləməkdədirlər. Məhz sülh təşəbbüsü ortada olduğu zaman, Ermənistanın həmin o quyunun dərinliyindən çıxmaq şansı əldə etdiyi zaman təxribatçı fikirlər, bəyanatlar səsləndirənlər, təhlükəli təbliğata əl atanlar bu şansı da ermənilərin əllərindən almış olurlar. Ermənistanın çətin vəziyyətdən, hətta fəlakətlərdən qurtara biləcəyinə ermənilərin yenicə ümidlərinin yarandığı bir vaxtda təxribatçı fikirlərlə sayıqlamaq Ermənistan üçün çox təhlükələr yaratmaq deməkdir. Kimlərisə qızışdırmaq, ümumiyyətlə, erməni xalqını yeni təxribatlara, müharibələrə, məğlubiyyətlərə sürükləmək, bütövlükdə Ermənistan üçün, erməni cəmiyyəti üçün təhlükəli sonluq vəd edir. Hər halda, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyana bunu başa salmaq lazımdır. Başa salmaq lazımdır ki, təxribatçı fikirləri ilə yalnız erməniləri, Ermənistan adlı dövləti uçuruma doğru səsləmiş olur.

Dəfələrlə şahidi olmuşuq ki, ermənilər hər dəfə sülhə bir addım yaxınlaşdıqları zaman hansısa qüvvələr öz təxribatçı fikirləri ilə buna mane olmağa çalışıblar. Əmin-amanlığın, normal qonşuluq münasibətlərinin təmin olunması istiqamətində addım atıldığı zaman erməni cəmiyyətini kimlərsə qarşıdurmalara, münaqilələrə, müharibələrə sövq etməyə can atıblar. İnsan tələfatının olacağını nəzərə belə almadan təxribat xarakterli bəyanatlar səsləndirməkdən çəkinməyiblər. Ərazi iddialarını, işğalçılığı, cinayətkarlığı körükləyən təhlükəli təbliğatlar aparmaq üçün əllərindən gələni ediblər. Ələlxüsus da belə təxribatçılığı arxiyepiskopuun, katalikosun, yeparxiya rəhbərinin etməsi, humanizmi tərənnüm etməli olan erməni din xadimlərinin insan tələfatına rəvac verən təhlükəli təbliğata əl atması təəssüf, eləcə də təəccüb doğurur. Çünki heç bir dini təfəkkürdə insan tələfatı, qan tökülməsi, insanların əzab-əziyyətlə qarşı-qarşıya qoyulması, nifaq salınması və ümumiyyətlə, sülhün əleyhinə olmaq təbliğ edilmir. Hər halda, cəmiyyətdə, insanlar arasında humanizmi təbliğ etməli olduları təqdirdə, məhz onların erməni cəmiyyətini qanunsuzluğa, cinayətkarlığa səsləməsi daha tənqidi reaksiyaya səbəb olmalıdır. Həm erməni cəmiyyətinin, həm Ermənistan hakimiyyətinin, həm də beynəlxalq təşkilatların belə bir reaksiya verməsi çoxdan gözləniləndir. Ona görə ki, təxribat xarakterli bəyanatlar, ümumiyyətlə, belə təhlükəli təbliğat, qarşıdurma təhriki olaraq, ilk növbədə, sülhün əleyhinədir və sülh təşəbbüsünü dəstəkləyən beynəlxalq təşkilatlar da, özlərini demokratiyanın beşiyi, insanların hüquq və azadlıqlarının vətəni kimi təqdim edən dövlətlər də buna qarşı çıxmalıdırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə