"Qeyri-hökumət təşkilatı pul qazanmaq yeri deyil" - QHT SƏDRİ BİLDİRDİ
Azərbaycanda vətəndaş cəmiyyətinə xidmət edən, vətəndaşların ehtiyacları istiqamətində çalışan QHT-lər olduğu kimi, müftəxorluğa öyrəşmiş, reketliklə, müftəxorluqla məşğul olan QHT-lər də mövcuddur. Bu QHT-lərin fəaliyyəti necə tənzimlənməlidir? Vəziyyətdən çıxış üçün hansı addımlar atılmalıdır? SİA mövzu ilə bağlı "Pragma" Sosial inkişafa və Ekologiyanın qorunmasına dəstək İctimai Birliyinin sədri, jurnalist Taleh Şahsuvarlının fikirlərini öyrənib.
T.Şahsuvarlı bildirib ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin prinsipləri, təşkili, hüquq və vəzifələri İctimai Birliklər Haqqında qanunda göstərilib: "Hesab edirəm ki, əgər həmin qanuna əməl olunsa bütün QHT-lər öz hüquq və vəzifələrini yetərincə qiymətləndirsə, onlara riayət etsə bu kimi suallara əlbəttə ki, ehtiyac olmaz. Ancaq çox təəssüflər olsun ki, zaman-zaman Azərbaycanda uğursuz, özünü ayrı sektorlarda tapmayan, ictimai nəzakətdən, kübarlıqdan, QHT-lərin, vətəndaş cəmiyyətinin funksiyalarından xəbərsiz insanlar bu sektora axın ediblər. Bu gün də biz cəmiyyət olaraq bunun acısını çəkirik. İntellektual baza çox dayazdır, QHT-lərin vətəndaş cəmiyyətinin əsas funksiyalarını yerinə yetirmək üçün heç bir bilik və bacarıq yoxdur. Ona görə də bu sahədə mənfi hallar baş verir".
Müsahibimiz qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün İctimai Birliklər Haqqında qanunda müəyyən əlavə və düzəlişlər olunmalıdır, qanun təkmilləşdirilməlidir: "Biz cəmiyyət olaraq başa düşməliyik ki, qeyri-hökumət təşkilatı pul qazanmaq yeri deyil, vətəndaşlara kömək etmək, ictimai nəzarət həyata keçirmək, dövlət idarəçiliyində vətəndaş təşəbbüskarlığını artırmaq yeridir. Biz bu fəlsəfəyə nail olduqda heç şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının cəmiyyətimizdə rolu genişlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB