"Azərbaycan səbrlə və qətiyyətlə öz hüquqlarını qoruyur" - ŞƏRH EDİLDİ

"Azərbaycan səbrlə və qətiyyətlə öz hüquqlarını qoruyur" - ŞƏRH EDİLDİ

""Qarabağ 30 ildən sonra evə dönüş: Nailiyyətlər və çətinliklər" forumunda cənab Prezident İlham Əliyevin çıxışını həm Azərbaycanın bu günə qədər müstəqillik uğrunda gəldiyi yolun məntiqi nəticəsi və bundan sonrakı problemlərin həlli kimi qiymətləndirmək olar. Cavablardan bir daha aydın olur ki, dövlət, cəmiyyət özünün maraqlarını qorumaq üçün beynəlxalq hüququn tələblərindən istifadə edərək böyük uğurlar qazana bilər. Bunun üçün ölkə özünün yolunu düzgün seçməli, cəmiyyətdə milli birlik yaranmalı və qoyulan sağlam məqsədlərə doğru inamla addımlamaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi Azərbaycanın inkişafına çox böyük əngəllər yaratdı: "Amma sadalanan faktorlar Azərbaycana tədricən özünün ərazi bütövlüyünü təmin etməsi və suveren hüquqlarının bərpa edilməsinə gətirib çıxartdı. Burada ölkə başçısının düzgün daxili və xarici siyasəti, o siyasətin cəmiyyət tərəfindən dəstəklənməsi mühüm rola sahibdir. Azərbaycan nəinki öz problemlərini həll etdi, eyni zamanda region üçün böyük inkişaf verən və verəcək iqtisadi təşəbbüslər də irəli sürdü. Təşəbbüslərin iştirakçısı olan ölkələr bundan faydlanır, özlərinin bir çox problemlərini həll edə bilirlər. Son dövrlərdə də belə təşəbbüslər az deyil. Onların içərisində Zəngəzur dəhlizi layihəsi, Azərbaycanın Cənubi Avropa ölkələri üçün elektrik enerjisi təchizatı məsələləri də böyük rol oynayır. Düzdür, Azərbaycanın təşəbbüslərinə mane olan xarici dairələr də az deyil. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan səbrlə və qətiyyətlə öz hüquqlarını qoruyur. Heç bir zaman hər hansı bir ölkənin və ya siyasi güc mərkəzinin təsiri altına düşmək istəmədiyini bir daha göstərir.

Cənab Prezidentin apardığı siyasət torpaqlarımızın işğaldan azad edilməsi, təbii sərvətlərimizə sahib çıxmağımıza, Azərbaycanın qarşısında duran bir çox məsələlərin uğurla həyata keçirilməsinə səbəb olub. Keçirilən forum, ölkə başçısının çıxışı və sualları cavablandırması bunu bir daha sübut edir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə