"Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətləri daha da inkişaf edəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"ABŞ və Azərbaycan arasındakı münasibətlər artıq bərpa olunur. Bir müddətdir ki, bu iki dövlət arasında soyuq küləklər əsirdi. Buna da səbəb noyabrın 15-də ABŞ-ın dövlət katibinin köməkçisi Ceyms O'Braynın ölkəmizlə bağlı səsləndirdiyi qərəzli fikirləri, əsassız bəyanatlar verməsi idi. Təbii ki, bu bəyanatlar Azərbaycan tərəfindən rədd edildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu hadisədən bir müddət sonra ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidentinə zəng edərək münasibətləri normallaşdırmaq üçün Ceyms O'Braynın Bakıya gəlməsinə icazə verilməsini xahiş etdi: "Prezident İlham Əliyev buna razılıq verdi və bu məsələnin qərəzli olduğunu onların diqqətinə çatdırdı.

Bildiyiniz kimi, dekabrın 6-da O'Brayn Azərbaycan Prezidenti tərəfindən qəbul edildi. Azərbaycan-ABŞ münasibətləri, işbirlikləri bir daha bu görüşdə nəzərə çatdırıldı. Eyni zamanda, Azərbaycan Prezidenti ilə görüşdən sonra Ceyms O'Brayn öz sosial şəbəkə hesabında görüşün yüksək səviyyədə keçməsi və bu iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyi haqqında qeyd edib. İkitərəfli münasibətlər qaydasına düşəcək. Bugünlərdə məlumat verilib ki, yaxın günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir".

Politoloq sözlərinə davam edərək bildirib ki, Azərbaycanın yüksək səviyyəli məmurlarının Vaşinqtona səfəri artıq başlayıb: "Eyni zamanda, son günlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanması istiqamətində də irəliyə doğru addımlar atılır. Dünən axşam saatlarında Ermənistanın 32 əsirinin bağışlanması və bizim 2 nəfər əsirimizlə onların dəyişdirilməsi prosesi baş verdi. Bu, həqiqətən həm ABŞ-da, həm də Avropa ölkələrində yüksək səviyyədə qarşılanıb. Çünki bütün bunlar sülh müqaviləsinin imzalanmasına xidmət edən amillərdir.

Hesab edirik ki, yaxın gələcəkdə ABŞ və Azərbaycan arasındakı əlaqələr inkişaf edəcək. Təbii ki, ABŞ siyasətinə təsir göstərən qüvvələr var. Onların əksəriyyəti erməni lobbisinin maliyyəsi ilə konqresə seçilən dövlət məmurlarıdır. Lakin ABŞ hegemon dövlətdir. Onlar Cənubi Qafqazda lider ölkə olan Azərbaycanı daha çox qiymətləndirirlər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə