"ABŞ-ın bu addımları Azərbaycanı sarsıda bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və ondan bəzi xahişlər etməsi bir daha Azərbaycanın doğru yolda olduğunu və müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Blinkenin bu zəngi sıradan bir hadisə deyil. Təbii ki, belə hal dəfələrlə yaşanıb. Amma Azərbaycan ABŞ-ın ona qarşı etdiyi səhvə görə öz iradını göstərib. Bundan sonra isə atılan ilk addımın ABŞ Dövlət katibi səviyyəsində olması maraqla qarşılanmalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bundan əlavə Azərbaycanın apardığı müstəqil siyasəti alqışlamaq lazımdır ki, bu gün ABŞ tərəfindən üzrxahlıq edilir və münasibətlərin düzəlməsi ilə bağlı xahiş olunur: "Məsələ ondan ibarətdir ki, ABŞ yanlış siyasət yürüdərək regionda Azərbaycanı başqa ölkələrlə qarışdırdı. Hansı ki Azərbaycanla ABŞ arasında münasibətlər çox yaxşı olub. İstər Əfqanıstanda, istərsə də İraqda həyata keçirilən antiterror tədbirləri zamanı Azərbaycan həmişə ABŞ-ın yanında olub. 1994-cü ildə "Əsrin müqaviləsi" zamanı Azərbaycan və ABŞ əlaqələrinin təməlinin qoyulması bu iki dövlət arasında soyuq küləklərin əsməsinin qarşısını almalıydı. Azərbaycan Ermənistandan fərqli olaraq hər ay bir tərəfdaş dəyişən bir ölkə deyil. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməmişdən öncə də müstəqil siyasət yürüdürdü, təmin etdikdən sonra da buna davam etdi. ABŞ Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı dəstəkləməli və alqışlamalı idi. ABŞ isə əks mövqe tutdu. Regionda ən zəif və idarə oluna bilən dövləti, yəni Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı müəyyən qərəzli mövqe nümayiş etdirdi. Bu da yanlış bir addım idi".

Politoloq sözlərinə davam edərək bildirib ki, Azərbaycan qonşu İranla Zəngəzur dəhlizini açmağa qərar verdi və bu baxımdan işlər davam etdirilir: "Bundan sonra isə ABŞ narahat olmağa başladı. Blinkenin zəng edərək ABŞ rəsmisinin səhvini düzəltməsi üçün Azərbaycan Prezidentinin qəbuluna göndərilməsini xahiş etməsi onu göstərir ki, ABŞ artıq Azərbaycanla necə danışmalı olduğunu anlayıb. ABŞ bəzi vətəndaş cəmiyyəti və ya KİV nümayəndələrini maliyyələşdirmək, hansısa siyasi partiyaya dəstək göstərməklə Azərbaycan dövlətini sarsıda bilməz. Çünki Azərbaycan Prezidenti İlham Əliyev xalq tərəfindən seçilib və sevilir. Dövlət başçısı Azərbaycan suverenliyini bərpa edən bir sərkərdədir. Azərbaycan xalqı bu sərkərdənin ətrafında sıx birləşib. Hər hansı bir qüvvə bu birliyi ayıra bilməz. Hər halda ABŞ okeanın o biri tayında olduğu üçün bunu anlaya bilməyib. Lakin ABŞ-ın Azərbaycanda olan səfirliyi və Agentur şəbəkəsi bunu yaxşı anlamalı idi ki, burada vəziyyət Ermənistanda, Gürcüstanda və ya Ukraynada olduğu kimi deyil. Ona görə də ABŞ etmiş olduğu səhvləri düzəltməyə çalışır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə