Qərb dairələri nə üçün USAID barədə tədbir görmür? - RƏYLƏR

Qərb dairələri nə üçün USAID barədə tədbir görmür? - RƏYLƏR

USAID-də aşkarlanan korrupsiya faktları ilə bağlı qərb dairələri və beynəlxalq təşkilatlar tərəfindən heç bir tədbir görülmür.

Mövzu ilə bağlı SİA-ya danışan siyasi şərhçi Tural İsmayılovun fikrincə, qərb imperialist dairələri erməni lobbisinin çirkli pullarının əsirinə çevrilib və bu gün ABŞ-də konqresmenlərin və fondların içərisində erməni dairələrinə bağlı olan çox ciddi qüvvələr var: “Onlar daim Azərbaycan əleyhinə çirkab fəaliyyətlə məşğuldurlar. Bu gün əgər ABŞ konqresində təmsil olunan insanların haqqında cinayət işləri qaldırılırsa, onların korrupsiya ilə məşğul olması barədə ortada faktlar varsa biz USAID-in də bu məsələyə hansısa obyektiv rəy verəcəyini gözləyə bilmərik. Bütövlükdə bu gün erməni lobbi adı altında çirkli pul yuma mexanizmləri qurulub. Bu mexanizmlər dünyadakı erməni lobbisinin Azərbaycan və Türkiyə əleyhinə əsas alətə çevrilib. Bu gün Samanta Pauer həmin bu təşkilatların və şəbəkələrin qulbeçəliyi rolunu üstlənib. Hesab edirəm ki, bunlar olduqca dünyada heç vaxt ədalət, beynəlxalq münasibətlər sistemində bərabərlik bərpa olunmayacaq. USAID-in korrupsiyasına göz yumanlar bu gün qərb dəyərlərindən, insan haqqlarından və hansısa “hüquqlar”dan danışırlar. Amma faktiki olaraq bundan danışan insanların özü bütövlükdə qlobal hüquqda böhrana səbəb olan addımlar atırlar. Bunun da kökündə USAID və bu tip təşkilatların korrupsiya çirkabına bulaşmağı dayanır”.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayın fikrincə isə dünyada birinci dərəcəli sayılan dövlətlər sosial fəaliyyətlər vasitəsilə digər dövlətlər üzərində yumşaq güc yaratmaq üçün fəaliyyətlər həyata keçirirlər: “Soros işini ən mahir görən təşkilatlardan biridir. Bundan əlavə, dövlətlərin törəmə qurumları kimi fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da var. Bu məqamda dünyanın bir çox yerində Amerikanın USAID adlı yardım və qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Əsasən Ermənistan, Azərbaycanda və digər ölkələrdə fəaliyyət göstərən bu qeyri-hökumət təşkilatı zaman-zaman dövlət idarələrinə də müdaxilə edir. Belə qeyri-hökumət təşkilatlarında korrupsiya ilə bağlı narahatlıq və şübhə çox vaxt ön plana çıxır, çünki onlar öz fəaliyyət sahələrində sosial yardım adı altında iqtisadi mobilliyi də cəlb edirlər. Azərbaycan-ABŞ münasibətlərindəki son gərginlik bu qeyri-hökumət təşkilatını diqqət mərkəzinə çəkib. USAID öz daxilindəki korrupsiya və ya qanunsuzluqdan daha çox beynəlxalq münasibətlərdə bu və buna bənzər gərginliklərdən irəli gələn reaksiya ilə üzləşir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə