Ən doğru olan VASİTƏÇİSİZ SÜLH DANIŞIQLARI - TƏHLİL

Ən doğru olan VASİTƏÇİSİZ SÜLH DANIŞIQLARI - TƏHLİL

Cəmi 44 gün davam edən müharibədə rüsvayçı məğlubiyyətlə qarşılaşdıqdan, itkilər verdikdən sonra Ermənistanın hansı duruma düşdüyünü hamıdan yaxşı bilən ermənilər tarixi seçim qarşısında qaldıqlarını da dərk etməli idilər. Dərk etməli idilər ki, baş nazir Nikol Paşinyan kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qalıbsa, deməli, Ermənistan artıq doğru olmayan yolun sonuna çatıb və işğalçılıq yolunu deyil, doğru yolu, qonşularla sülh şəraitində yaşamaq yolunu tutmalıdır. Belə bir doğru yolu seçərək, bir dövlət kimi özünü təsdiq etmək şansını əldən verməməyin vacibliyi məhz zamanında dərk edilsəydi, hər halda, sülh danışıqları bu vaxta qədər uzanmazdı.

Öz məğlubiyyətlərindən lazımi dərs almasalar da, “miatsum” arzularının tez bir zamanda puç olmasından da olsa, haylar doğru nəticə çıxarmalı idilər. “Böyük Ermənistan” adlı mifin təsiri altında olan ermənilər arzularının da, istəklərinin də puç və mənasız olduğunu gördükləri zaman heç olmasa həmin təsir altından çıxmalı idilər. Həmin təsir altından çıxmaqla, eləcə də ağılsız ideyaları, qondarma mifləri bir kənara qoyub normal qonşuluq münasibətlərinə başlamaqla, ermənilər heç olmasa balaca Ermənistanın dövlətçiliyini təhlükədən xilas etmək üçün əməli addımlar atmalı, sülh danışıqlarına nail olunması üçün əllərindən gələni əsirgəməməli idilər. Əsirgəməməli idilər ki, bundan sonra da olsa yalandan deyil, həqiqətən suveren, müstəqil bir dövlət olmaq şanslarını əldən verməsinlər və heç olmasa bundan sonra hansısa bir ölkənin oyuncağı olmaqdan yaxa qurtarsınlar. Amma bu vaxta qədər məsələnin həllini, sülh danışıqları ilə bağlı müzakirələri, öz müqəddəratını ya Rusiyada, ya da Qərbdə axtarmalı oldu deyə, Ermənistan hələ də müəmmalı vəziyyətdədir. “Böyük Ermənistan” mifini reallaşdırmaq istəyən, ölkələrinin “yekə” olmasını arzulayan haylar, gec də olsa, kiçik Ermənistanı itirmək təhlükəsini dərk etməli, bu kiçik ölkənin dövlətçiliyini də təhlükə altına qoyduqlarının fərqində olmalıdırlar.

Bu vaxta qədər hayları türk dünyasına qarşı qızışdıranlar, onları “partlayış” yaradan, qarşıdurma törədən kimi görənlər, Azərbaycanın qələbəsindən və söz sahibinə çevrilməsindən sonra daha da aktivləşiblər. Ermənistanın müstəqilliyinin, suverenliyinin məhz Azərbaycan tərəfindən təhdid altında olduğu barədə şayələr buraxan həmin o hayları qızışdıranların Ermənistan torpaqlarını Azərbaycanın ələ keçirəcəyi barədə proqnoz vermək də yox, öncəgörücülər və falçılar kimi birbaşa əminliklə fikirlər səsləndirmələri planlaşdırdıqları çirkin niyyətdən xəbər verir. Belə ki, artıq öz kölgəsindən belə qorxan hayların kürklərinə birə salmaqla, Ermənistanda öz hərbi mövcudluqlarının vacibliyini gündəmə gətirirlər. Bir sözlə, Cənubi Qafqaza soxulmaq, mövcudluqlarını təmin etmək üçün belə bir variantdan istifadə edirlər, halbuki Azərbaycanın hansısa bir ölkənin ərazisini ilhaq etmək kimi bir niyyəti qətiyyən olmayıb və yoxdur. Deməli, həmişə olduğu kimi, yenə də Ermənistandan istifadə edilir və bu ölkə kimlərinsə siyasəti üçün alət hesab olunur və haylar bunu başa düşmədikcə, alət olaraq bundan sonra da istifadə olunacaqlarını bilməlidirlər.

Haylar gec də olsa başa düşməlidirlər ki, Azərbaycan əldə etdiyi qələbələri ilə öz istədiyinə nail olub və əgər ölkəmiz öz qələbələrindən sonra Ermənistana sülh təklifi edirsə, deməli, həmin ölkəni ilhaq etmək niyyətində ola bilməz. Başa düşməlidirlər ki, rəsmi Bakı beynəlxalq hüquqla Ermənistan ərazisi kimi tanınan ərazilərə iddialı deyil və Azərbaycana başqasının torpaqları lazım da deyil. Dərk etməlidirlər ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində özünə məxsus olan torpaqları işğaldan azad edib, geri qaytarıb və suverenliyini tam bərpa edib və sülh təklifi ilə çıxış edərək, normal qonşuluq edilməsi barədə istəyini bəyan edib. Hətta haylar unutmamalıdırlar ki, tarix boyu qalib tərəf məğlub olan tərəfə sülh təklifi ilə çıxış etmək marağında olmayıb, amma Azərbaycan tərəfi qalib ola-ola Ermənistana sülh təklifi edirsə, deməli, məqsəd dinc və yanaşı yaşamaqdır.

44 günlük müharibə Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatsa da, baş nazir Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu sözdə etiraf etdiyi halda, əməldə bunu göstərmədi. Azərbaycan öz ərazisini, Qarabağı cinayətkar dəstədən, eləcə də erməni silahlı birləşmələrinin qalıqlarından təmizləsə də rəsmi İrəvan bundan nəticə çıxarmadı və hələ də hansısa ölkənin qanadı altına sığınaraq, ancaq yardımlar haqqında, dəstək barədə düşünür. İşğalçı ölkə hakimiyyəti başa düşə bilmir ki, artıq Azərbaycan ərazisində Ermənistanın himayə etdiyi boz zonalar yoxdur və sülh müqaviləsinə gedən yol tam açıqdır. Deməli, Ermənistanın sülh danışıqlarına başlaması üçün hansısa hegemon dövlətin qarışmasına ehtiyac da qalmır və belə bir təklifi artıq rəsmi Bakı İrəvana göndərib. Bu təklif layiqincə qiymətləndiriləcəyi təqdirdə sülh danışıqlarının yaxın zamanda baş tutması tam realdır və bununla da Ermənistan öz yolunu doğru istiqamətə yönəldə bilər. Yəni, vasitəçi olmadan, iki dövlətin öz aralarında razılığa gələrək sülh müqaviləsini imzalaması daha doğru addımdır və bunu məhz Azərbaycan tərəfi Ermənistana təklif edib. Ermənilər bu təklifi layiqincə qiymətləndirə biləcəyi təqdirdə, bütün məsələlər öz həllini tapmış olacağına da zərrə qədər şübhə yeri qalmır.

Sözsüz ki, ölkəmiz tərəfindən ən optimal varintın təklif olunmasını, bunun da nəticədə sülhə gətirib çıxaracağını, Cənubi Qafqazda vəziyyətin daha da yaxşılaşacağını, qonşu ölkələrin dinc və yanaşı yaşayacağını dərk edən bəzi qüvvələrin atılıb ortaya düşməsi səbəbsiz deyil. Əvvəla, onlar münaqişənin hələ bundan sonra da davam etməsini istəyən qüvvələrdir və onlar üçün sülh danışıqları, qonşu ölkələrin mehriban qonşuluq şəraitində yaşaması qətiyyən maraqlı ola bilməz. Digər tərəfdən də həmin qüvvələr sülh prosesində özləri vasitəçi olmağa çalışırlar ki, bundan da divident əldə etsinlər və hansısa “minnət qoymaqla” xüsusi imtiyaz iddiasında olsunlar. Elə buna görə də məhz ABŞ və Fransa kimi ölkələr ortaya düşüblər və dərhal başa düşülür ki, niyyətləri də tamamilə başqadır. Məsələ burasındadır ki, ara qarışdırmaq istəyənlər nəinki keçmişdə olmayanlara görə, hətta gələcəkdə guya olacaq hadisələrə görə də Azərbaycanı ittiham etməyi özlərinə rəva bilirlər. Daha dəqiq desək, nə vaxtsa Azərbaycanın məhz Ermənistana hücum edəcəyi barədə fikir səsləndirənlərin olmamış hadisələrə görə ölkəmizə qarşı indidən ittihamlar irəli sürməsi, təkcə təəccüb deyil, həm də gülüş doğurur və təsdiq edir ki, bir çoxları özlərini gülünc vəziyyətə qoymaqla da olsa, Cənubi Qafqaza soxulmağa can atırlar. Məhz bu həqiqətləri Ermənistan tərəfi başa düşməlidir və ölkəmizin vasitəçisiz sülh təklifinə ağız büzməməli, əksinə, bu təklifi düzgün qiymətləndirməlidirlər.

Rəsmi İravan başa düşməlidir ki, Bakı danışıqlar prosesi üçün ən yaxşı, ən münasib variantı təklif edir. Təklif olunan, danışıqların məhz regionda, öz niyyətləri üçün çalışan kənar qüvvələrin iştirakı olmadan vasitəçisiz aparılması variantıdır. Cənubi Qafqazda, həm Azərbaycana, həm də Ermənistana, yəni, hər iki ölkəyə eyni yaxınlıqda olan Gürcüstanda, Tbilisidə danışıqların vasitəçisiz olaraq keçirilməsi təklifi ilə rəsmi Bakı çıxış edir və bunu ən doğru yol sayır. Lakin Qərb öz təsir variantları ilə buna mane olmağa çalışır. Məsələn, maddi yardımlar, silah təklif olunur, vizasız rejim tətbiqi ilə bağlı yağlı vədlərlə İrəvanı ələ alan Qərb öz danışıqlar formatını sırımaq niyyətindədir. Hətta buna ciddi cəhdlə çalışdığı da göz önündədir. Xüsusən də Qərbin layihəsi kimi irəli atılan Nikol Paşinyan, məhz hakimiyyətə gəlişinə görə özünü borclu hesab edir deyə, həmin ciddi cəhdə qarşı gələ bilmir. Amma iradə nümayiş etdirməyin, eləcə də kimlərinsə aləti olmaqdan imtina etməyin tam zamanıdır. Əks halda, ermənilər hələ bundan sonra nələri itirəcəklərini təsəvvürlərinə belə gətirə bilməzlər.

Uzun illər ərzində Qarabağ ərazilərini ələ keçirmək üçün ermənilərin nə qədər çalışdıqları, hər dona girərək, hər əmələ əl ataraq, Azərbaycan torpaqlarını zəbt etmələri və 30 il müddətində işğal altında saxlamaları onu göstərir ki, həmin ərazilərin ordumuz tərəfindən işğaldan azad olunması, yəni, əllərindən çıxması haylar üçün bir sarsıntı deməkdir. Daha dəqiq desək, ələ keçirdikləri Azərbaycanın Qarabağ torpaqlarını əldən vermək ermənilər üçün çox ağır gəlir. Bunu hələ də həzm edə bilmirlər, çünki onilliklər boyu çalışdıqları, gördükləri çirkin işlər və hətta ümudləri belə puça çıxıb, üstəlik də ərazilər əllərindən çıxıb. Yəni, haylar artıq Qarabağ torpaqlarından əllərinin üzüldüyünü qəbul etməsələr belə başa düşürlər. Amma görəsən başa düşürlərmi ki, onlar bu gedişlə Ermənistanı da itirməkdədirlər? Söhbət ondan gedir ki, ermənilər kimlərinsə əlində alət olmaqla, müstəqilliklərini, suverenliklərini, nəticə də dövlətçiliklərini itirirlər. Hələ də hansısa qüvvələrin, yaxud hegemon dövlətlərin qanadı altına sığınmağa çalışan və özlərinə ağa axtaran haylar bu vaxta qədər öz suveren dövlətçiliklərini formalaşdıra bilməyiblər və bu gedişlə heç zaman da formalaşdıra bilməyəcəklər, yəni onu itirəcəklər. Hər halda, bu vəziyyət barədə onların özləri düşünməli və mövcud vəziyyətlə əlaqədar olaraq doğru qərar qəbul edərək, doğru yolu seçməlidirlər və bunun üçün Azərbaycan tərəfindən də çox gözəl bir şans verilib.

Hansısa ölkənin çətin durumunda qətiyyən məsuliyyət hissi belə keçirməyən Qərb üçün Ermənistan da göydən düşmə bir ölkə deyil. Ukraynanın halına, vəziyyətinə düşdükdə Ermənistanın ümumiyyətlə vəziyyəti Qərbi maraqlandırmayacaq. Heç indiki durumu da maraqlandırmır, əks halda, Qərb sülh danışıqlarının çoxdan baş tutması üçün çalışardı, özünün vasitəçiliyi üçün yox. İndi İrəvanın hansı durumda olduğunu nəzərə belə almadan Cənubi Qafqazda özünə yer eləmək istəyən Qərbin iç üzünü haylar görməlidirlər və bilməlidirlər ki, onlara bu çətin məqamda yardım əlini uzadıb, vasitəçisiz görüşməyi və gələcək münasibətlərin taleyini özləri təyin etməyi təklif edən Azərbaycandır. Təbii ki, bu təklifi qəbul etməmək nəinki yanlışlıq, hətta çox böyük axmaqlıq olardı. Özü də söhbət görüşün təkcə Tbilisidə keçirilməsindən getmir və həmin görüş sərhəd bölgələrində də keçirilə bilər. Amma əsas odur ki, həmin görüş vasitəçisiz keçirilsin və kiminsə iki ölkənin yerinə razılığa gəlməsi gözlənilməsin. Bir sözlə, vasitəçisiz sülh danışıqları ən doğru olanıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə