Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindəndir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindəndir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin ortaq talelərinin, məqsədlərinin birliyi, qarşıda duran məqsədlərinin müəyyənləşdirilməsi və reallaşdırılması üçün mühüm bir platformadır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, keçirilən zirvə görüşləri iqtisadi, sosial, mədəni əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, inkişafa doğru yeni istiqamətlərin müəyyən olunması baxımından çox əhəmiyyətlidir.

“Yeddi dövlətin iştirakı ilə keçirilən görüşlərdə sözsüz ki, günün ən vacib məsələləri müzakirəyə çıxarılır, problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülür və ölkələrin milli mənafeləri önə çəkilməklə, münasibətlər formalaşdırılır. Türk Dövlətləri Təşkilatının onuncu yubiley zirvə görüşü bunu bir daha təsdiq etdi. Çünki bu görüşlər bilavasitə türk dövlətlərinin birliyinə və gələcək inkişafına xidmət edir. Dövlətlər nəinki iqtisadi məsələləri müzakirə edir, həm də reallıqlara uyğun olaraq baş verən hadisələrə öz münasibətlərini ortaya qoyur və hər bir dövlətin təhlükəsizliyi üçün zəmin hazırlayırlar.

Sözsüz ki, iqtisadiyyat möhkəm olmadan dövlətlərin inkişafı mümkün deyil və bu görüşlərdə beynəlxalq münasibətlərə önəm verilməklə bərabər, həm də sərmayə qoyuluşu, iqtisadiyyatın inkişaf etdirilməsi, ixrac məsələlərinin gündəmə gətirilməsi diqqət mərkəsizində saxlanılır. Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir və onun tədbirlərində yaxından iştirak edir. Bu dəfə də cənab Prezident İlham Əliyev zirvə görüşündə bunu bir daha bildirdi və özünün çıxışı ilə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti sülhün, əmin-amanlığın əməkdaşlığın, dostluğun tərəfdarıdır və daimi olaraq, bu istiqamətdə lazım olan bütün tədbirləri həyata keçirəcəkdir. Əlbəttə ki, bu prosesdə Türk Dövlətləri Təşkilatı da yaxından iştirak edir və onların birgə səyləri dünyada sülhün təmin olunmasına böyük tövhələr verə bilər. Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının onuncu zirvə görüşü böyük əhəmiyyət kəsb edir və bu bilavasitə xalqların gələcəyi üçün çox faydalıdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə