Azərbaycanda cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq daim Azərbaycanın inkişafı, tərəqqisi üçün fədakarlıq göstərib. Bu gün müstəqil Azərbaycanın təşəkkülü və qüdrətli ölkəyə çevrilməsi Heydər Əliyevin gərgin əməyi və siyasi qətiyyəti sayəsində mümkün olub.
Respublikaya rəhbərlik etdiyi ilk gündən etibarən Heydər Əliyev fəaliyyətini ölkəmizdə çoxşaxəli iqtisadiyyatın əsaslarının qurulmasına yönəldib, elmin, təhsilin, səhiyyənin, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və əhalinin rifah halının yüksəldilməsinə diqqət göstərib. Heydər Əliyev strateji əhəmiyyət kəsb edən bu məsələlərin müvəffəqiyyətlə həyata keçirilməsinə nail ola bilib.
Onun rəhbərliyi altında Azərbaycan SSRİ-nin tərkibində o vaxtlar üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmişdi. Bu da ölkəmizin gələcək dövlət müstəqilliyi üçün möhkəm təməl yaratmışdı.
İstər SSRİ dövründə, istərsə də müstəqillik dönəmində Ulu Öndər nəqliyyatın müasirləşməsinə və inkişafına, yeni nəqliyyat infrastrukturu obyektlərinin yaradılmasına böyük önəm verirdi. Bunun nəticəsidir ki, nəqliyyat kompleksində, dəmir yolunda, hava və su nəqliyyatında əsaslı işlər aparıldı, yük və sərnişin nəqliyyatında intensivlik artdı və daşımaların həcmi yüksəldi. Eləcə də şəhər nəqliyyatı, metropoliten sürətlə inkişaf etdi, yeni stansiyalar tikildi, sərnişin nəqliyyatı parkı yeniləndi. Yeni yolların inşası da Heydər Əliyevin diqqət mərkəzində idi.
Ölkəmizin beynəlxalq əhəmiyyətli nəqliyyat-tranzit imkanlarının yaxşılaşdırılması ilə yanaşı, respublikadaxili, magistral, həmçinin şəhərlərarası və kənd yollarının tikintisi, vətəndaşların rahat, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin olunması da daim Ümummilli Liderin sosial-iqtisadi siyasət strategiyasının əsasını təşkil edib.
Hələ 1970-ci illərin əvvəlindən başlayaraq Ümummilli Lider Heydər Əliyev yeni sənaye obyektlərinin istifadəyə verilməsi fonunda əhalinin güclü axın etdiyi Bakı şəhərində sərnişin nəqliyyatında da illərlə yığılıb qalan problemlərin böyük uzaqgörənliklə və kompleks şəkildə həllinə başladı. Görülən tədbirlər kadr siyasətindən tutmuş, nəqliyyat infrastrukturuna, sərnişin nəqliyyatının maddi-texniki bazasının yenilənməsinə qədər geniş bir sahəni əhatə edirdi. Respublikamızı ixtisaslı kadrlarla təmin etmək üçün 1976-cı ildə Azərbaycan Politexnik İnstitutunda “Avtomobil nəqliyyatı” fakültəsi və bu fakültənin nəzdində “Sərnişin nəqliyyatı” və “Yol hərəkətinin təşkili” ixtisasları açıldı. Elə həmin illərdə Bakıda Trolleybus parkında mənəvi cəhətdən köhnəlmiş və sovet istehsalı olan trolleybuslar daha çox sərnişin tutumuna və şəhərin dağlıq hissəsində yüksək manevr qabiliyyətinə malik “Şkoda-9TR” trolleybusları ilə əvəz olundu.
Çexoslovakiyada istehsal olunan bu trolleybuslar 1979-cu ildə ilk dəfə Bakıda, Dəmiryol vağzalından “Azneft” meydanına, “Azneft” meydanından isə Bayıl qəsəbəsinə işləyən 1 saylı marşrut üzrə xəttə buraxıldı. Daha sonra isə bütün xətlər üzrə istismarına başlanıldı.
Bu dövrdə, həmçinin sərnişin nəqliyyatına Macarıstan Respublikasında istehsal olunan “İkarus”lar daxil oldu. Dizel yanacağı ilə işləyən bu avtobuslar sovet istehsalı olan avtobuslara nisbətən həm rahat idilər, həm də daha çox sərnişin tuturdular.
1993-cü ilin ikinci yarısından başlayaraq Heydər Əliyevin rəhbərliyi altında ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra ölkədə tənəzzül aradan qalxdı. Bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Bu dövrdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən nəqliyyat-yol kompleksinə daxil olan qurumlarda da əsas göstəricilər üzrə yüksəlişə nail olundu.
Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan əlverişli geostrateji mövqeyə malikdir. Bu potensialı böyük uzaqgörənliklə qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və səyləri sayəsində 1998-ci ildə 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olundu. Həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı.
Təsadüfi deyil ki, TRASEKA Hökumətlərarası Komissiyasının daimi katibliyi də Bakıda yerləşir. 1998-ci ildən indiyədək TRASEKA-ya üzv ölkələr, o cümlədən Azərbaycan tərəfindən İpək Yolunun inkişafı üçün bir sıra genişmiqyaslı layihələr həyata keçirilib.
Ölkəmizin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi, ictimai nəqliyyatın işinin daha səmərəli qurulmasına dair inkişaf konsepsiyası bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Reallaşdırılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirib. Belə ki, bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülür, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə nail olunur.
Nəqliyyat sahəsinin inkişafı qeyri-neft sektorundan daxil olan gəlirlərin artmasına, ticarətin genişlənməsinə və ölkəyə turist axınının çoxalmasına şərait yaradır. Bu da Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın tərəqqisində əhəmiyyətli rol oynayır.
Anar Rzayev
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB