"Konstitusiyamız dövrün tələblərinə uyğunlaşdırılıb" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətdə 1993-cü ilə qədər bir-birini əvəz etmiş qüvvələr bütün sahələrdə olduğu kimi, hüquqi islahatlar məsələsində də kifayət qədər geri qalmış, ümumiyyətlə, bu proses arxa plana keçmişdi. Lakin Ulu Öndərin Azərbaycan Respublikasında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, hüquqi islahatlara da start verilmiş, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Azərbaycan Konstitusiyası bu gün əhatə dairəsi və bütün digər parametrlər baxımından dünyanın ən müasir və ən yetkin konstitusiyalarından biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, zaman keçdikcə hüquq münasibətləri də müəyyən transformasiyalara məruz qalır və hüquqi aktların dəyişikliklərə uyğunlaşması labüdləşir: "Bu mənada, Azərbaycan Respublikasının Konstitusiyası dəfələrlə ümumxalq səsverməsi yolu ilə öz müddəalarını yeniləmiş və dövrün tələblərinə, ictimai çağırışlara uyğunlaşmışdır.
Sonuncu belə referendum 7 il öncə baş tutmuş, Azərbaycan vətəndaşları irəliyə sürülmüş təkliflərə birmənalı şəkildə öz dəstəyini vermişdir. Lakin bildiyiniz kimi, 7 il ərzində istər regionda, istər ölkə daxilində, bütövlükdə hüquq münasibətləri zəminində müxtəlif aspektlərdən yeniliklər müşahidə olunmaqdadır".
"Bu mənada, Azərbaycan Respublikasının mövcud Konstitusiyasında da yeni yanaşmalara ehtiyac duyulmaqdadır. Xüsusən möhtərəm cənab Prezidentin rəhbərliyi altında əldə olunan ciddi geosiyasi nailiyyətlər, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün, sərhəd bütövlüyümüzün təmin olunması, separatizmə son qoyulması və Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi fonunda yeniliklər xüsusilə gözə çarpmaqdadır.
Digər tərəfdən dövlət idarəçiliyində yeni institutların tətbiqi, həmçinin ən müasir üsul və vasitələrə müraciət edilməsi qanunvericilikdə bu sahədə tənzimləmələrlə bağlı müvafiq addımların atılmasını zərurətə çevirib. Əvvəlki dövrün təcrübəsinə müraciət etsək, deyə bilərik ki, Konstitusiyaya yeni nəfəs verilməsi gözləniləndir. Lakin proses kifayət qədər əhatəli araşdırma və təhlil tələb etdiyi üçün prosesin zamanı və detalları barədə proqnozlar vermək məqsədəuyğun deyil",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB