"Fransanın etmək istədiyi Ermənistanın ziyanınadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Fransanın etmək istədiyi Ermənistanın ziyanınadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Heç kəsə sirr deyil ki, Azərbaycan suverenliyini tam olaraq bərpa etdikdən sonra Ermənistan havadarları, xüsusilə də Fransa daha da azğınlaşıb. Qarabağı könüllü olaraq tərk edən erməni sakinlərin öz ərazisində yerləşdirilməsini istəməyən Fransa, bugünkü gündə sülhə yaxın olan Ermənistanı silahlandırmaqda maraqlı tərəf kimi çıxış edir. Ermənistan da öz riyakarlığını yenidən nümayiş etdirir. "3+3" formatında Ermənistanın XİN rəhbəri iştirak edərək regional sülhü dəstəklədiklərini söylərir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Ermənistanın müdafiə naziri məhz Fransadan müdafiə xarakterli silah-sursatın alınmasına dair saziş imzalayır: "Təəssüf ki, Fransa nəyin bahasına olursa-olsun Cənubi Qafqazda öz maraqlarını qoruyub saxlamaq və istəklərini reallaşdıra bilmək üçün Ermənistanı təsiri altında saxlayır. Eyni zamanda, Ermənistan ərazisindən rus hərbi bazasının çıxarılması üçün dəridən-qabıqdan çıxır. Faktiki olaraq Fransa atdığı bu addımlarla regionda gərginliyi yenidən artırır və Rusiyanı Ermənistanda sərt addımlar atmağa məcbur etməyə sövq edərək sülhün əldə olunmasına maneçilik törədir". Deputat sözlərinə davam edərək bildirib ki, hərçənd ki Azərbaycan və Ermənistan arasında sülh danışıqları müxtəlif platformalarda həyata keçirilib: "Hətta bəzən tərəflər sülhə çox yaxınlaşıldığı barədə açıqlamalar verib. Ancaq Fransa bu danışıqlar prosesinə müdaxilə etdikdən sonra biz Ermənistan təxribatlarının şahidi olduq və sülh prosesi yubandı. Hazırda tərəflər arasında real danışıqların baş tutmasına şahidlik edə bilmirik. Bir sözlə Fransa regionda sülhün olmasını istəmir. Ermənistanı silahlandıraraq onu cəsarətləndirmək istəyir. Bu baxımdan Azərbaycan bütün təxribatlara qarşı hazır vəziyyətdədir. Fransa çox yanlış yoldadır. Fransanın etmək istədiyi nəticə olaraq Ermənistanın ziyanınadır. Erməni xalqı artıq bu prosesləri müəyyən qədər dərk edirlər. Bir müddət sonra Ermənistanda Fransanın təsirinin çoxalmasından erməni xalqı narazılıq etməyə başlayacaq. Ancaq istənilən halda biz regionda vaxt itiririk. Problemlərin həlli regionda olduğu təqdirdə kilometrlərlə uzaqda havadar axtarışında olan Ermənistan nəticə etibarilə daha təhlükəli vəziyyət yaradır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə