""3+3" formatını hələ ki yetkin hesab etmirəm" - MÜNASİBƏT BİLDİRİLDİ

""3+3" formatını hələ ki yetkin hesab etmirəm" - MÜNASİBƏT BİLDİRİLDİ

"Xüsusilə 2020-ci il sülh müqaviləsindən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində təklif verən dövlətlər və qurumlar var. Avropa Birliyi bir cəbhədən, ABŞ o biri cəbhədən, Rusiya isə başqa bir cəbhədən həm İrəvana, həm də Bakıya sülh müqaviləsinin imzalanması üçün müəyyən təkliflər və mesajlar göndərirlər. Amma maraqlı məsələ odur ki, ya Rusiyanın bir qədər təşəbbüs göstərib irəli çıxdığı anda Qərb bu prosesi əngəlləmək üçün maneələr törədir, ya da əksinə hal baş verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Onun sözlərinə görə, bu bir reallıqdır: "Heç biri istəmir ki, sülh sazişi onlardan kənarda baş tutsun. Bu baxımdan düşünürəm ki, "3+3" formatı həm Avropa Birliyinin, həm ABŞ-ın, həm də ayrıca Rusiyanın təşəbbüsündən daha faydalı ola bilər. Əvvəla ona görə ki, bu altı dövlətin hər biri bu və ya digər formada region dövləti sayılırlar. Bu da ona dəlalət edir ki, həmin dövlətlərin bir-birinə bələdçiliyi var. Amma təəssüf ki, "3+3" formatında olan dövlətlər arasında da bir konflikt mövcuddur. Bu səbəbdən hələ ki "3+3" formatını yetkin saya bilmirəm".

"Bildiyiniz kimi, iki gün bundan öncə Tehranda altılıq ölkələrin XİN rəhbərləri üçün bir görüş planlaşdırılmışdı. Gürcüstan XİN rəhbəri Rusiya ilə aralarında olan konflikt səbəbindən görüşə qatılmadı. Bu da prosesin tezləşdirilməsi üçün müəyyən əngəllər yaradır. Hesab edirəm ki, "3+3" formatında istər XİN rəhbərləri, istərsə də digər rəsmi qurumlar səviyyəsində görüşlər tez-tez həyata keçirilərsə, bu həm ayrı-ayrılıqda 6 dövlətin hər birinə fayda vermiş olar, həm də region üçün əhəmiyyətli olar",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə