"Kəndimizə hücum olunanda mən 10 yaşında idim. Uşaq yaddaşı çox güclü olur. Ermənilərin etdiyi zülmü heç vaxt unutmaram". SİA xəbər verir ki, bu sözləri qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində çıxış edən Qərib Cəbiyev deyib.
"Səhər saatlarında atam postdan gəlmişdi. Təzə içəri girib ocağı yandırmışdı ki, hadisə baş verdi. Birinci atam evdən çıxdı. Daha sonra anamgillə birlikdə əmimgilə getdik. Sonra oradan çıxdıq və anamın qohumu Xəlil kişigilin evinə getdik",- deyə o əlavə edib.
Zərərçəkmiş həmin hadisələr baş verəndə qapıdan baxdığını bildirib: "Ermənilər tökülüb kəndə gəlmişdi. Hər yeri talan edirdilər. Mən kənddən qaçanda çaydan ayaqyalın keçmişdim. Soyuqladığım üçün 4 ay müalicə olundum. Biz evdən çıxan kimi ermənilər evimizi dağıtmışdılar. Bütün evlər iç-içəydi. Hamı gələn erməniləri tanıyırdı. Vaqif deyir ki, mən orada olmamışam. Amma mən hamısını görürdüm. Onların hətta arvad-uşaqları belə gəlmişdi. Vaqif gözünün içinə qədər yalan danışır. Onlar bizim mal-qaranı da yığıb aparırdılar. Atam həmişə kəndimizi qıranlar barədə danışırdı və Vaqifin də adını çəkirdi. Ona ən ağır cəzanın verilməsini istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB