“Əli Kərimli və onun kimilər qulaqlarını açıb eşitsinlər ki,…” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Özünü radikal müxalifətin şəriksiz lideri kimi təqdim edən AXCP sədri Əli Kərimli yenə öz köhnə ampluasındadır. Necə deyərlər, qozbeli yalnız qəbir düzəldər”. SİA xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Müzəffər Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz və Dəmir Yumruğa çevrilmiş xalqımızın birgə misilsiz fəaliyyəti nəticəsində Qarabağ üzərində suverenliyimiz tam və qəti təmin edilib: “Cənab İlham Əliyev oktyabr ayının 15-də Xankəndidə Dövlət Bayrağımızı qaldırdı. Burada tarixi proqram xarakterli çıxış edərək bütün proseslərə qiymət verdi, zəfərimizi qazandığımız tarixi nailiyyətimizi şərtləndirən amilləri sadaladı.
Bütün bu reallıqlar fonunda gözləyirdik ki, Azərbaycan müxalifəti, onun radikal kəsimi nəhayət ki özündə bir güc tapacaq və etiraf edəcək ki, “Bəli, biz müxalifət olaraq iqtidarın bu və ya digər addımlarını bəzən lap kəskin tənqid edirik. Amma elə həqiqətlər var ki, onu görməmək də mümkün deyil. Bu siyasi korluq olardı. Biz etiraf edirik ki, cənab İlham Əliyev tarixi bir vəzifəni yerinə yetirə bilib və biz buna sevinərək qürur hissi keçiririk. Ordumuzu və xalqımızı təbrik edirik”. Onlar belə qısa bir mətnlə iqtidarı təbrik etsə idilər, bu, çox rəğbətlə qarşılanardı. Lakin onların bir dəfə də olsun dilləri gəlmir ki, bu tarixi zəfərə imza atan Prezidentimizin adını çəkib onun xidmətini vurğulansınlar. Yenə də bulanıq suda balıq tutmaq taktikasını davam etdirirlər.
Bu tarixi zəfərimizə və qarşıdan bizi gözləyən strateji əhəmiyyətli digər məsələlərin həlli ilə bağlı konstruktiv mövqe ortaya qoymaq əvəzinə indi də başlayıblar: “Görəsən, Azərbaycanın Qarabağ üzərində suverenliyinin təmin edilməsi məsələsində Rusiya niyə kənarda qaldı?”, “Görəsən bunun qarşılığında Rusiyaya hansı vədlər verilib?” kimi iddialar ortaya qoyurlar”.
Deputat sözlərinə belə davam edib: “Əli Kərimli və onun kimilərə üzümü tutub deyirəm ki, bilin və agah olun, cənab İlham Əliyev müstəqil daxili və xarici siyasət həyata keçirir. Bu xalqın milli mənafeyindən irəli gələn bir siyasətdir. Prezidentimizin sözlərini görünür ki, Əli Kərimli ya eşitməyib, ya da eşitmək istəməyib. Prezidentimiz söyləyir: “Ən rahatı böyük bir dövlətin qanadları altına sığınmaq olardı. Çünki o səni qoruyur və hifz edir. Amma heç bir şey havayı olmadığı kimi bunun qarşılığında dövləti cürbəcür siyasi aventuralara sövq edə bilərlər. Biz çətin, amma şərəfli yol olan müstəqillik yolunu seçdik”.
Əli Kərimli və onun kimilər qulaqlarını açıb eşitsinlər ki, Azərbaycan elə Rusiyanın qanadlarına sığınıb öz siyasətini həyata keçirə bilərdi. Bu rahat idi. Amma bunun qarşılığında bizi hansı təhlükələrin gözlədiyini hesablamaq elə çətin deyil. Azərbaycan heç bir dövlətin qanadları altına sığınıb siyasət həyata keçirən dövlət deyil. Onlar dövlətin bir nömrəli şəxsinin mövqeyini öyrənib nəticə çıxarsınlar. Biz müstəqil yol gedirik və işimiz haqq işidir. Haqq işimizə və bu iş naminə fədakar mübarizəmizə hörmətlə yanaşırlar. Rusiya görəndə ki, Azərbaycanın Qərblə bağlı atdığı addımlar Moskvanın əleyhinə deyil, bu Kremldə rəğbətlə qarşılanır.
Eyni zamanda, Azərbaycanın Rusiya istiqamətində öz strateji maraqlarından çıxış edərək atdığı addımlar Vaşinqtonda yaxşı dərk olunur və bilinir ki, bu, heç bir halda Ağ Ev əleyhinə deyil. Bütün bunlar hamısı bir reallıqdır. Ona görə hesab edirəm ki, Əli Kərimlinin bu mövqeyi öz mahiyyəti etibarilə anti-millidir və səfərbər olunmuş cəmiyyət vətəndaş həmrəyliyinin pozulması mənafeyinə xidmət göstərir. Azərbaycanda onsuz da güclü bir cəmiyyət formalaşıb. Xalqımız öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirir.
Xalqımız çox yaxşı bilir ki, xüsusilə son 20 il ərzində biz elə bir inkişaf yolu keçmişik ki, o bizim tarixi zəfərlərimizə gətirib çıxarır. Bu yolun və 20 ildə aparılan siyasətin müəllifi cənab İlham Əliyevdir. Xalqımız da onun ətrafınsa birləşərək irəli gedir. Bizi qarşıda daha böyük uğurlar gözləyir. Əli Kərimli kimilərin isə bütün bunlara görə yuxusuna haram qatılır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB