“Azərbaycan bənzərsiz uğurlara imza atır” - TAHİR BUDAQOV

“Azərbaycan bənzərsiz uğurlara imza atır” - TAHİR BUDAQOV

“Çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz uğurlara imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır. Şərqdə ilk demokratik respublika yaratmış və 32 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın regionun liderinə və qalib ölkəyə çevrilməsi, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olmuşdur”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” adlı konfransda YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Tahir Budaqov sözlərinə belə davam edib: “Anadan olmasının 100-cü ildönümünü dərin ehtiramla və böyük minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərində - müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu olduqca mürəkkəb şəraitdə xalqın qətiyyətli dəstəyi və öz liderlik keyfiyyətləri ilə Azərbaycanı tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna çıxarmış, məqsədyönlü və uzaqgörən siyasəti ilə respublikamızın gələcək inkişaf yolunu müəyyən etmişdir.

Ulu Öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirilməsidir.

Gəncləri Azərbaycanın bu günü, sabahı və ümidi adlandıran Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik dövründə respublikamıza rəhbərlik etdiyi zaman intellektual, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi və digər addımlar müdrik dövlət xadiminin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunəsi kimi mühüm əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Heydər Əliyevin 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalaması respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün imkanların genişləndirilməsi baxımından böyük önəm daşımışdır. Bir sözlə, Ulu Öndər gənclər siyasəti sahəsində önəmli qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla bugünkü – müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaratmışdır.

Heydər Əliyev siyasətini uğurla davam etdirərək son 20 ildə Azərbaycana tarixi nailiyyətlər qazandıran, ölkəmizin iqtisadi potensialının, hərbi-strateji qüdrətinin, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına nail olan Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunda mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması hər zaman xüsusi yer tutmuşdur.

Dövlət başçısı ötən müddət ərzində gənclər siyasətinin təkmilləşməsinə, bu sahədə təşkilati-hüquqi əsasların möhkəmlənməsinə, bütövlükdə Azərbaycan gəncliyinin inkişafına xidmət edən çox mühüm addımlar atmışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 2007-ci ilin “Gənclər İli” elan edilməsi və bununla əlaqədar gəncliyin inkişafına xidmət edən çoxşaxəli tədbirlərin həyata keçirilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, müxtəlif Dövlət proqramlarının reallaşdırılması gənclərin cəmiyyət həyatında və beynəlxalq müstəvidə fəallığının artmasına təkan vermiş, onların müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmasına stimul olmuşdur.

Bu kontekstdə çox mühüm məqamlardan biri kadr islahatları çərçivəsində gənclərə yüksək etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, istedad və bacarıqlarını nümayiş etdirmələri üçün əlverişli şəraitin yaradılmasıdır. Bu, yeni reallıqlar fonunda idarəetmənin təkmilləşdirilməsi və dayanıqlı inkişaf baxımından böyük əhəmiyyətə malik olmaqla yanaşı, müasir çağırışlara uyğun peşəkar gənclər ordusunun formalaşmasına da töhfə vermişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi əsasında həyata keçirilən layihələr, görülən işlər də fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşmasına xidmət edir.

Ümummilli Liderin xalqımıza siyasi mirası olan və ümumxalq rəğbətini qazanaraq qələbələr partiyasına çevrilən Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, bu gün YAP sıralarına yeni qoşulanların mütləq əksəriyyəti məhz gənclərdən ibarətdir və bu da Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə böyük inamından və qətiyyətli dəstəyindən qaynaqlanır.

Bu gün Azərbaycan gəncliyi dövlətə, Vətənə və xalqa sədaqət andını inamla yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir. Ən əsası, qürurlu, şərəfli və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə tarix yazmışdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən gənclərimiz şanlı Qələbənin qazanılmasında - tarixi ədalətin, Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında misilsiz rol oynamışlar. Bu reallıq xalqımızın qürur mənbəyi və dövlətimizin qüdrətinin ifadəsidir.
Şübhə yoxdur ki, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gəncləri bundan sonra da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Ulu Öndərin zəngin dövlətçilik irsi əsasında Zəfər yolunda əmin addımlarla irəliləyən müstəqil Azərbaycanın tərəqqisində mühüm rol oynayacaq, onlara göstərilən inam və etimadı layiqincə doğruldacaqlar!

Əziz gənclər, hər birinizə cansağlığı, Heydər Əliyevin ideyaları əsasında günü-gündən çiçəklənən doğma Azərbaycanımızın daha parlaq gələcəyi üçün yeni-yeni uğurlar arzulayıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə