Azərbaycanın əbədi intibahının təməli sayılan MÖHTƏŞƏM 20 İL - TƏHLİL
Azərbaycan tarixinin ən qüdrətli dövrü, ölkəmizin suverenliyinin, müstəqilliyinin ən güclü çağı, dövlətçiliyimizin ən möhtəşəm mərhələsi məhz cənab Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrüdür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən quruculuq strategiyasının müvəffəqiyyətlə reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyasda, bütün dünyada nüfuz sahibinə çevirib və qələbələrimizə əsaslı zəmin yaradıb.
Qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasında, Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasında Azərbaycan məhz son iyirmi ildə misilsiz nailiyyətlər qazanıb, hansıki bu nailiyyətlər cənab Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin sayəsində gerçəkləşdirilib. Bu o deməkdir ki, cənab Prezident İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının, bu ölkənin ən möhtəşəm dövrünün yaradıcısıdır. Son iki əsrlik tariximizdə qələbəyə ilk dəfə imza atan Azərbaycan Prezidenti cənab İlham Əliyev ən böyük Zəfərin Müzəffər Komandanıdır.
Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsinin məhz cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsi onu deməyə əsas verir ki, bu illər, bu dövr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan mərhələdir. Çünki ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi prosesi elə məhz cənab Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bu günə qədər olan zaman kəsiyində öz həllini tapıb. Heç şübhəsiz ki, bu uğurlar, bu nailiyyətlər, qələbələrimiz, əldə etdiyimiz Zəfər məhz cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarındandır və bu dövr, möhtəşəm 20 il şanlı tariximizə, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış oldu.
"Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir", deyərək, düz 20 il öncə andiçmə mərasimində ən ali məqsədlərin icrasını üzərinə götürən cənab İlham Əliyev, əslində, ali dövləti fəaliyyətinin elə ilk günündən Vətən müharibəsinə artıq başlamışdı. Sadəcə olaraq, bu savaş, bu müharibə, bu mübarizə 2020-ci il 27 sentyabr tarixində həlledici hərbi fazaya keçdi və 17 illik hazırlıq Ermənistanın rəsmən təslim olması, rüsvayçı məğlubiyyəti, Azərbaycanın isə möhtəşəm qələbəsi ilə uğurla yekunlaşdı. Öz silahlı qüvvələri barəsində “məğlubedilməzlik” mifi yaradan, onillər boyu qurduğu istehkamları “keçilməz sədd” adlandıran düşmən Azərbaycan Ordusu qarşısında 44 gündən artıq müqavimət göstərə, davam gətirə bilmədi və yaratdığı bütün miflər darmadağın olmaqla çox rüsvayçı məğlubiyyət qarşısında təslim olmaq, kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qaldı. Doğrudur, erməni silahlılarının tör-töküntüləri, separatçıların qalıqları bundan nəticə çıxara bilmədikləri, ərazilərimizi tərk etmədikləri üçün, mütəmadi olaraq, terror aktları törətdikləri səbəbindən müvafiq tədbirlərin görülməsi lazım gəlirdi və
Ali Baş Komandanımızın "Dəmir yumruğ"unun qəti qələbəsi olaraq tarixə yazılan sonuncu anti-terror tədbirləri 44 günlük Zəfərdən sonra xalqımıza böyük qürur bəxş etdi. Bununla da ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi reallaşdırıldı.
Nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən cənab Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plan sayəsində bütün Qarabağ ərazsində artıq Azərbaycan bayrağı dalğalanır. Əsassız iddialarla çıxış edən, hədsizlik edərək, Azərbaycana hədə-qorxu gələn, qanunsuz hərəkətlər edən, cinayət əməllərinin iştirakçısı və təşkilatçısı olan qondarma rejim rəhbərləri isə indi Bakıda mühakimə olunurlar, istintaq qarşısında cavab vermək məcburiyyətindədirlər. Həmin o məhkəmə qarşısında mühakimə olunan qondarma regim rəhbərlərinin, eləcə də millətçi ideoloqların girovluğundan xilas edilən və artıq rahat, qorxusuz halda, rifah içərisində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilir. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun təmin edilməsini, onilliklər boyu beynəlxalq qurumların, bu məsələnin həllini üzərinə götürən ATƏT kimi bir təşkilatın belə 30 il ərzində həll edə bilmədiyi problemi bir həmlə ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əiyev həll etdi. Düz iki əsrdən artıq müddət ərzində Azərbaycanı təhdid edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, hayların "dənizdən-dənizə" xülyalarını puç edən cənab Prezident İlham Əliyev ölkəmizdə, eləcə də Cənubi Qafqaz regionunda təhlükəsizlik sisteminin tam formalaşmasına, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə məhz "Heydər Əliyev İli"ndə Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri gercəyə çevrildi. İki yüz il ərzində Azərbaycan xalqının milli varlığına, onun malik olduğu tarixi ərazilərinə və dəyərlərinə dırnaqarası "Qarabağ problemi" adı ilə erməni millətçi ideoloqları və havadarları tərəfindən süni yolla yaradılan əsas təhdid və təhlükəni öz müdrikliyi ilə, öz qətiyyəti ilə cənab Prezident İlham Əliyev aradan qaldırdı. Həqiqətən də nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən cənab Prezident İlham Əliyevin müdrik siyasəti, uzaqgörənliyi sayəsində Azərbaycan güclü, qüdrətli bir ölkəyə çevrildi və öz severenliyini, ərazi bütövlüyünü tam olaraq təmin etdi, hansıki bunun uçun illər lazım gəlirdi və həmin illər tariximizə ən qüdrətli, ən möhtəşəm illər olaraq yazıldı.
Ötən əsrin sonlarında öz müstəqilliyini Sovet İttifaqının süqutundan sonra bərpa edən Azərbaycan milli təhlükəsizliyini təmin etməkdə aciz idi, çünki həmin dövrdə ölkəyə rəhbərlik edənlər həm səriştəsiz idilər, həm də yaranmış böhranı aradan qaldırmaq üçün ciddi səylər belə göstərmirdilər. Dövlət müstəqilliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu hədəfə çevrilən Azərbaycan o zaman daxili və xarici təhdidlərlərə qarşı müqavimət göstərə bilmirdi. Dövlət strukturlarının dağıdılması, onların fəaliyyətinin pozulması, ölkədə idarəetmə sisteminin iflic olması, separatçılığın, etnik, dini və siyasi ekstremizmin güclənməsinə, qanunsuz silahlı dəstələrin tüğyan etməsinə gətirib çıxarmışdı ki, bu da Azərbaycan dövlətinin müqəddəratını sual altında qoyurdu. Məhz bu vəziyyəti özləri üçün münbit şərait hesab edənlər, xalqımıza düşmən kəsilənlər, torpaqlarımızı işğal etmək niyyətində olanlar ölkəmizə təcavüz edərək, yüz minlərlə həmvətənimizi öz doğma yurd-yuvasından zorla, silah və təhdid hesabına qovaraq, kütləvi qətllər və qarətlər törədərək, ərazilərimiz işğal etdilər. Bu hadisələrin fonunda saysız-hesabsız vətəndaşımız qətlə yetirildi, hələ də taleyi bəlli olmayan çoxlu sayda insan əsir götürüldü, bir milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrildi. Bütün bunları o zaman hakimiyyətdə olan səriştəsiz rəhbərlər bilə-bilə qarşısını almaqda həm aciz idilər, həm də vəzifə davası, şəxsi maraqlar naminə bunun qarşısının alınması üçün heç bir tədbir görmürdülər, acısını da Azərbaycan xalqı çəkirdi.
Heç kim üçün sirr deyildi ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda formalaşan hərbi xunta rejimi yalnız Azərbaycana qarşı fəaliyyət göstərmirdi. Həmin rejimin miqyasca Qafqaz bölgəsini də aşan cinayətkar əməlləri əslində, bütünlüklə dünya üçün təhdid yaradırdı. Terrorçuluğu, separatçılığı başlıca siyasəti hesab edə həmin o hərbi xunta rejiminin daha hansı cinayətlər törədəcəyini əvvəlcədən demək olmasa da, nələrə, hansı cinayət əməllərinə əl atacaqlarını təsəvvürə gətirmək mümkündür, çünki bu rejimin nələrə, hansı vandallıq, hansı vəhşilik törədə biləcəyini, ən azından ötən əsrin 90-cı illərdində törətdikləri Xocalı soyqırımını xatıramaqla təsəvvür etmək heç də çətin deyil. Elə buna görə də dünya ictimaiyyəti bilməlidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Qarabağdakı cinayətkar rejimi məhv etməklə qlobal təhlükəsizlik sisteminə çox mühüm töhfə vermiş olub. Bu qənaətə elə Cənubi Qafqaz regionunda məşkunlaşanlar da çoxdan gəliblər və bilirlər ki, cənab Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini və bu sistemin tərkib hissəsi olan yeni geosiyasi, geoiqtisadi xəritəsini formalaşdırıb. Hər kəs bilir ki, əsrlər boyu davam edən çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi indi sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşmaqdadır və bu da məhz cənab İlham Əliyevin sayəsində, onun ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində olan fəaliyyəti sayəsində gerçəkləşməkdədir. Heç kim üçün sirr deyil ki, məhz Azərbaycan Prezidentinin müdrik, uzaqgörən siyasəti sayəsində bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini artırır, yeni resursları da üzə çıxarır. Hətta bu da bəllidir ki, məhz cənab Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün tarixi bir fürsətdir. Elə təkcə "Zəngəzur dəhlizi" özü regionun bütün ölkələrinin, hətta Ermənistanın belə inkişafına təkan verilməsi üçün kifayətdir və bütün bunlar Azərbaycan Prezidentinin müdrikliyindən, uzaqgörənliyindən, ölkəmizə rəhbərlik etdiyi həmin o möhtəşəm 20 il ərzində gördüyü işlərin məqsədyönlü, göstərdiyi fəaliyyətin də həmçinin uğurlu olasından xəbər verir.
Artıq belə bir fikir formalaşıb ki, cənab İlham Əliyevin adı, imzası, iştirakı harada varsa, orada təhlükə və hətta hansısa risk belə ola bilməz. Belə bir fikir təkcə bizə, yalnız Azərbaycan cəmiyyətinə məxsus deyil, bu, dünyanın qəbul etdiyi və hesablaşdığı həqiqətdir. Əslində, dünya ictimaiyyəti görüb, şahidi olub və dəfələrlə əmin olub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin adı qlobal inkişafın, imzası etibarlı tərəfdaşlığın, iştirakı isə uğurlu nəticənin təmin olunması üçün yetərlidir. Bir sözlə, Azərbaycan Prezidentinin istər ölkəmizdə, istərsə də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilməkdədir və daşıdığı missiyanın qlobal miqyası hansısa vəzifə ilə qətiyyən əlaqələndirilmir, çünki nəinki dövlətimizə və xalqımıza tövhələri, həmçinin dünyada sülhün bərqərar edilməsinə, yaxud təmin olunmasına verdiyi töhfələr belə nə yaddan çıxan, nə də diqqətdən yayınan deyil.
Ölkə rəhbərimizin, Ali Baş Komandan cənab İlham Əliyevin vətənimizə, xalqımıza, bizim hər birimizə, hər bir azərbaycanlıya bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər bundan sonra Azərbaycan durduqca, var olduqca yaddaşlarda yaşayacaq. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu möhtəşəm 20 il Azərbaycanın əbədi intibahının mükəmməl təməli olaraq qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB