“Əli Kərimli ilə Gültəkin Hacıbəylini birləşdirən əsas amil...” MÜNASİBƏT

“Əli Kərimli ilə Gültəkin Hacıbəylini birləşdirən əsas amil...” MÜNASİBƏT

“Əli Kərimli ilə Gültəkin Hacıbəylini birləşdirən əsas amil onların eyni mənbədən maliyyələşməsi və hakimiyyəti ələ keçirməyə olan ümidləridir. Onların daha bir ortaq tərəfi məqsədə çatmaq yolunda hər şeyi məqbul saymaları, mənəviyyat baxımından heç bir məhdudiyyətlərinin, necə deyərlər “qırmızı xət”lərinin olmamasıdır”. Bunu SİA-ya açıqlamasında “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ə.Kərimli onu 27 yaşında Dövlət katibi təyin edən Ə.Elçibəyin etibarından sui-istifadə edərək öz liderini AXCP sədrliyindən demək olar ki, uzaqlaşdırdı, partiyada rəhbərliyi ələ keçirdi: “Ancaq bununla kifayətlənməyib “Azadlıq” qəzetini də onun nəzarətindən çıxardı və öz yaxın adamlarını bu mühüm KİV vasitəsinin rəhbərliyinə yerləşdirdi. G.Hacıbəyli deputat olduğu müddətdə YAP-ın ən fəal təbliğatçısı kimi çalışdı. Parlamentdən kənar qalan kimi dönüklük edərək əks cəbhəyə keçdi və dediklərindən imtina etdi. Dünən iqtidarın bir nömrəli təbliğatçısı idi, indi həmin iqtidarın bir nömrəli düşmənidir. Gecə-gündüz dünən ünvanına təriflər söylədiyi insanları indi ən ağır cinayətlərdə ittiham edir. Və çəkinmədən deyir ki, “siyasət faydalanmaq sənətidir”. Üstəlik təkcə demir, mütəmadi olaraq məqsədyönlü şəkildə faydalanmaq üçün hər şeyi edir.

Nə qədər ki, xaricdən alınan maliyyə kəsilməyib onlar birlikdə, çiyin-çiyinə “mübarizə”lərini davam etdirəcəklər. Ancaq bir qəziyyə baş versə, Ə.Kərimli pulu vaxtında çatdıra bilməsə öz çiyindaşının əsil sifətini görmək imkanı əldə edəcək və onu “Milli Şura”ya gətirdiyi günü ömrünün sonuna qədər lənətləyəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə