“Prezident İlham Əliyevin 20 illik fəaliyyəti tarixin ən qüdrətli Azərbaycanını ərsəyə gətirib” - KAMRAN ƏLİYEV
Ümummilli Lider Heydər Əliyevin canından çox sevdiyi xalqına sonuncu müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” bildirməsi bugünkü tarixi gerçəkliyimizin aydın mənzərəsinin tərənnümü olub. Milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi lider İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğruldub, eləcə də bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanıb. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü əlaqədar bildirib.
Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanın ötən 20 ildə keçdiyi inkişaf yoluna nəzər salan Baş prokuror vurğulayıb ki, bu illərdəki fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən Prezident İlham Əliyevin 2003-cü il oktyabrın 15-də ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib.
Bildirilib ki, prokurorluq orqanları daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Qeyd olunub ki, dövlət başçısının dəstəyi ilə prokurorluqda hesabatlılığın və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyinin artırılması və çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması istiqamətində mütəmadi islahat tədbirləri həyata keçirilməkdədir.
Baş prokuror Kamran Əliyev həm “Heydər Əliyev İli”, həm də Prezident İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar məsuliyyətini dərindən dərk edən prokurorluq işçiləri tərəfindən bu müddətdə üzərilərinə düşən vəzifələrin layiqincə icrası hədəf seçilməklə ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə lazımi tədbirlərin görüləcəyini vurğulayıb. Həmçinin milli iradənin təntənəsi olan qalib liderin rəhbərliyi ilə növbəti onilliklərdə də Azərbaycan xalqının öz tarixinin yeni, şanlı səhifələrini yazacağına, bütün sahələrdə möhtəşəm inkişaf naminə yüksək zirvələr fəth edəcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB