"Savaş müharibə qanunlarına uyğun aparılmalıdır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Müasir dünya VII əsr ehkamları ilə idarə oluna bilməz. Çağdaş dünyamızda “filan xalq yer üzündən silinməlidir”, “filan millət bu regiondan rədd olub getsin” ehkamları ilə yaşamaq, siyasət qurmaq olmaz. Təsir əks təsirə bərabərdir. Sən zülm edəcəksən, sənə də edəcəklər. Yaxın Şərqdə davam edən gərginlik dünyanı da, bizi də narahat edir. Biz məsələnin ədalətli yolla həllinin tərəfdarıyıq. BMT hər iki xalqın dövlət qurmasını məqbul sayıb. İsrail dövləti qurulub, Fələstin dövləti də yaranmalıdır. Ancaq bir şeyi unutmaq olmaz: terrorla dövlət qurmaq olmaz. Olsa belə bu dövlət ölü doğulacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, düşmənə qarşı qisas hissi insanı acımasız, qocaya, uşağa, qadına rəhm etməyəcək qədər heyvani hisslərlə hərəkət edən varlığa çevirməməlidir: "Anti-terror əməliyyatları da dinc insanları, mülki infrastrukturları hədəfə almamalıdır. Dünya hər kəsə yetəcək böyüklükdədir. Yaxın Şərqdə İsrail və Fələstin dövləti qurula və dinc yanaşı yaşaya bilərlər. Bunun alternativi yoxdur. Ortaq uzlaşma modeli tapılmalıdır. Yoxsa bu qan uzun illər axacaq. Fələstin ərəbləri hazırkı baxışlarını dəyişməlidir. Dünyada 21 ərəb dövləti, 1 yəhudi dövləti var. Həmin torpaqlarda yəhud dövləti yarana bilməzmi? Dövlət qurmaq yəhudilərin haqqı deyilmi? Qafqazda, Balkanda, Baltikyanı bölgədə bir neçə dövlət var".
E.Cəfərli sözlərinə davam edərək bildirib ki, Ermənistan türk torpaqlarında yaranıb: "Gürcüstanda, Dağıstanda, İranda nə qədər tarixi torpaqlarımız var. Amma biz hər kəsə savaş aça, dünyanın tanıdığı dövlətləri ləğv edə bilmərik. Fələstin və ərəb dünyası İsrailinin varlığı ilə barışmalı, İsrail də Fələstin dövlətinin yaradılmasına razılıq verməlidir. Bu savaşda-istər HƏMAS-ın terror aktlarında, istərsə də İsrailin anti-terro əməliyyatlarında günahsız körpələrin öldürülməsini pisləyirik. Savaş müharibə qanunlarına uyğun aparılmalıdır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB