Cənab Pezidentin səfərləri münasibərlərin daha da yaxşılaşmasına, əlaqələrin möhkəmlənməsinə hesablanıb – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Cənubi Qafqazın xoşbəxt gələcəyi regionda yerləşən dövlətlərin birliyindən, əməkdaşlığından, qarşılıqlı sağlam münasibətlərindən çox asılıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, regionda yerləşən dövlətlərin birliyi, əməkdaşlığı həmin ölkələrin milli təhlükəsizliyinin təmin edilməsi, iqtisadi inkişafı üçün çox vacibdir.
“Çox təəssüflər olsun ki, uzun illərdir Ermənistan Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaradılmasına maneçilik törədir və Azərbaycanın torpaqlarının 30 il işğal altında saxlanılması, eləcə də Azərbaycan xalqının başına gətirilən ağır müsibətlər Cənubi Qafqazda əmin-amanlığa ciddi təhdidlər törətmiş və regionda sağlam münasibətləri təmin etmək mümkün olmamışdır. Bu gün də bu davam edir, Ermənistan üzərində tarixi qələbələr qazanılmasına, antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına baxmayaraq, yenə də Ermənistan və onun havadarları Qafqazda münasibətləri qızışdırmağa cəhdlər göstərirlər. Bu baxımdan da Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə xatırladıbdır ki, Cənubi Qafqazda sülh hələ də tam bərqərar olmayıb. Cənubi Qafqazda sülhün bərqərar olunmasının vaxtı çatıb. Ölkəmizin rəhbərinin bu istiqamətdə apardığı siyasət, irəli sürdüyü təkliflər müəyyən mərhələlərdə öz bəhrəsini versə də təəssüflər olsun ki, bu gün də xarici dövlətlər Cənubi Qafqazda müharibəni qızışdırmaq, xalqları bir-birinə qarşı qoymaq əzmindədirlər. Ancaq Azərbaycan bu yolda onlara maneədir və yenə də özünün sülh çağırışlarını edir.
Gürcüstanla Azərbaycanı tarixi köklər, yaxşı ənənələr və sağlam münasibətlər birləşdirir. Bu qardaşlığın, dostluğun əsası Ulu Öndərimiz Heydər Əliyev və Gürcüstanın keçmiş prezidenti Eduard Şvardnadze tərəfindən qoyulmuşdur. Bu iki dahi şəxs Azərbaycan və gürcü xalqlarının bir olmasına, birliyinə daim çalışmış və bu günkü manasibətlər də həmin əsaslar üzərində möhkəmlənir və güclənir. Azərbaycan Prezidentinin Gürcüstana on birinci səfəri də bunu təsdiq edir və bu səfərlərin hər biri qonşu dövlətlər arasında münasibətlərin daha da yaxşılaşmasına, əlaqələrin möhkəmlənməsinə hesablanmışdır. Yenidən qonşuluq və tarixi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə artıq möhkəmlənmiş və strateji əlaqələr, əməkdaşlıq səviyyəsinə yüksəldilmişdir.
Bu gün Gürcüstanla Azərbaycan arasında həm enerji, həm də nəqliyyat sahəsində çox mühüm əhəmiyyətli layihələr həyata keçirilir və yeni əməkdaşlığın planları hazırlanmışdır. Anakliya limanı və Kulevi limanı bu əməkdaşlığı daha da gücləndirəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin beş dəfədən çox artırılacağı və Orta Dəhlizin gücləndirilməsinə xidmət etməsi göstərir ki, nəqliyyat sahəsində yeni perspektivlər açılır və bu da Orta Dəhlizin yuksəlməsinə təkan verəcək və xidmət göstərəcəkdir. “Yaşıl enerji” sahəsinin həyata keçirilməsində də Azərbaycanla Gürcüstan bir yerdədir və hər iki ölkə bu sahədə Avropa ölkələri ilə sıx əməkdaşlığa böyük önəm verir.
Sözsüz ki, Gürcüstan Azərbaycanı beynəlxalq qurumlarda müdafiə edən, Azərbaycanın haqq səsini dəstəkləyən ölkələrdən biridir və Gürcüstanın yaşadığı problemlər də Azərbaycan üçün doğmadır və daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin Gürcüstana səfəri qonşu dövlətlərin gələcək inkişafı üçün müham əhəmiyyət kəsb etməklə, həm də bu birliyin vacibliyini və əhəmiyyətini dünyaya göstərməkdə, bəyan etməkdədir. Azərbaycan Prezidenti dəfələrlə xatırladıb ki, Cənubi Qafqazda sülhü, əmin-amanlığı, təhlükəsizliyi təmin etməkdən ötrü bu üç dövlət bir yerdə olmalıdır, bir məqsədə xidmət etməlidir. Ona görə də bu gün regionda əmin-amanlığın yaradılması Ermənistanın təcavüskar niyyətlərdən əl çəkməsi tələbini ortaya qoyur və bu çox vacibdir. Xarici ölkələrin, xüsusilə də Fransanın bu gün Cənubi Qafqazda möhkəmlənmək və Cənubi Qafqaz dövlətlərini təsir altına almaq sahəsində maraqları önəmli deyil və bu, bilavasitə xalqların birliyinə, onların qarşılıqlı əməkdaşlığına maneədir. Azərbaycan Prezidenti də bunu dəfələrlə öz çıxışlarında qeyd etmişdir və bildirmişdir ki, Gürcüstana münasibət, Gürcüstanla əlaqələrin möhkəmləndirilməsi Cənubi Qafqazda yeni layihələrin həyata keçirilməsinə bir stimul olduğu kimi, həm də sülhün yaradılmasına bir zəmanətdir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB