Cəbrayıl Şəhəri Gününü qeyd edir - ŞƏRH

Cəbrayıl Şəhəri Gününü qeyd edir - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub, həmin ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən, cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəd olan rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib.

2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Ötən il mayın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına növbəti səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

Prezident həmçinin, Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub. Həmçinin, 2023-cü il mayın 4-də Cəbrayıl rayonuna səfər edib, Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.

Prezident İlham Əliyev növbəti dəfə bu ilin sentyabr ayının 28-də Cəbrayıl rayonuna səfər edib. Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub.

Beləliklə Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu, tarixi Zəfər qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim əminliklə bildirir ki, tarixi Zəfərin davamı olan quruculuq işləri də uğurla başa çatdırılacaqdır.

Aydın Hüseynov,
Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə