BMT-nin missiyasının müşahidə etdiyi ŞƏFFAFLIQ VƏ HUMANİZM - TƏHLİL

BMT-nin missiyasının müşahidə etdiyi ŞƏFFAFLIQ VƏ HUMANİZM - TƏHLİL

Birləşmiş Millətlər Təşkilatı missiyasının Azərbaycanın Qarabağ iqtisadi rayonuna düz 30 ildən, bu qədər böyük fasilədən sonra ilk dəfə gəlməsi təbii ki, səbəbsiz deyil. Səbəb də odur ki, düz 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan tərəfi, məhz Qarabağda törətdikləri cinayət əməllərini, qanunsuz hərəkətlərini ört-basdır etmək, gizlətmək məqsədi ilə beynəlxalq missiyaların gəlişini əngəlləyib, buna mane olub. İndi artıq bu missiya, BMT-nin missiyası Azərbaycanın Qarabağ iqtisadi rayonuna məhz ölkəmizin dəvəti ilə gəlir və bu, çox müsbət haldır, diqqətdən yayınmayan məqamdır.

Sözügedən missiyanın məhz ölkəmizin dəvəti ilə Qarabağa gəlməsi onu göstərir ki, Azərbaycan şəffaflığı təmin edir, xoş niyyətli olduğunu, humanist olduğunu çəkinmədən nümayiş etdirir. Eyni zamanda, BMT-nin missiyasının düz 30 ilə yaxın müddətdə Qarabağ ərazilərinə gəlməsini Ermənistan tərəfinin əngəlləməsi isə, həmin ərazini işğal altında saxladıqlarını, dağıdıb viran qoyduqlarını kimlərinsə görməmələri, monitoring aparılmasına, vəziyyətin düzgün, ədalətli dəyərləndirilməsinə imkan verməmək məqsədi daşıyıb. Bütün bunları nəzərə aldıqda görürük ki, BMT-nin missiyasının Azərbaycanın Qarabağ iqtisadi rayonuna gəlməsi, həqiqətən də, hər mənada təqdirəlayiqdir.

BMT missiyası öz səfəri zamanı bir sıra məsələləri aydınlaşdırmaq imkanı əldə edib. Xüsusilə də, bu missiyaya Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradılıb. Diqqətə çatdıraq ki, infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah olunması və silah-sursatının müsadirə edilməsi prosesi, ermənilərin basdırdıqları minalardan yaranan təhlükələrin heyətin üzvlərinə nümayiş etdirilməsi olduqca əhəmiyyətlidir. Çünki heyət üzvləri hər şeyi öz yerindəcə və olduğu kimi görə bilir, həqiqətin nədən ibarət olduğunu müəyyənləşdirir və Azərbaycanın da bu məsələlərdə şəffaflığı təmin etməsinin şahidi olur. Yəni, bütün bunların müşahidə edilməsinə şəraitin yaradılması ilk növbədə, şəffaflıq baxımından əvəzsizdir, çünki BMT missiyasının heyəti onu da görür və fərqindədir ki, Ermənistan tərədindən fərqli olaraq, Azərbaycanın gizlətmək, ört-basdır etmək kimi bir niyyəti yoxdur və reallıqlarla hər kəsi tanış etmək, bütün bunları aşkar şəkildə nümayiş etdirmək, bunları hər kəsin görməsi ölkəmizin maraqları daxilindədir. Çünki Azərbaycan haqlı tərəfdir, ədalətli mövqedədir və qanuni tələblərlə çıxış edir.

Artıq BMT missiyası Ağdam-Xankəndi yolu ilə, “Laçın” sərhəd-nəzarət buraxılış məntəqəsinə gedərək müşahidə aparıb. Məhz həmin müşahidələr sayəsində onlar Qarabağ ermənilərinin məcburi şəkildə deyil, öz qərarları ilə Ermənistana köç etdiklərinə şahidlik ediblər. Şahidi olublar ki, dövlətimiz onlara vətəndaşlıq təklif etdiyi halda, onların təhlükəsizliyinin təminatı və bir sıra tədbirlərlə bağlı məsələləri öz üzərinə götürdüyü halda, onlar separatçıların təhriki ilə bundan imtina edərək ərazilərimizi tərk edir, Ermənistana üz tuturlar. BMT missiyası artıq öz müşahidələri ilə əmin olub ki, Ermənistan tərəfi Qarabağ ermənilərindən, onların köç məsələlərindən istifadə edərək “etnik təmizləmə” şousu yaratmaq istəyir və bununla da, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışır. Təbii ki, Qarabağın erməni əhalisinin köçməsi üçün Azərbaycan dövlətinin hansısa təsirindən söhbət belə gedə bilməz və bu məqamı da BMT missiyası heyəti öz gözləri ilə görüb, buna əmin olub. Ona da əmin olub ki, Azərbaycan tərəfi məhz Qarabağda yaşayan ermənilərin vətəndaşlığı ilə bağlı məsələləri həll etmək üçün praktiki addımlar atır və eləcə də bununla yanaşı, Qarabağın erməni sakinlərinə davamlı humanitar yardımlar göstərilir. Bunlar əlbəttə ki, BMT missiyasının diqqətinə elə yerindəcə çatdırılıb.

BMT missiyasının Azərbaycanın Qarabağ iqtisadi rayonuna gəlişinin ölkəmiz üçün ən önəmli tərəfi ondan ibarətdir ki, missiya artıq hansısa beynəlxalq güclərin, erməni lobbisinin təsiri ilə deyil, obyektivlik meyarı əsasında mövqe ortaya qoymaq məsuliyyətini hiss etmək məcburiyyətində qalır. Beynəlxalq Millətlər Təşkilatı dünyanın ən böyük və nüfuzlu təşkilatıdır və bu təşkilatın gəldiyi, yaxud gələcəyi qənaət də olduqca önəmlidir. Xüsusən də, ermənilərin, erməni lobbisinin dünyaya yalan informasiya yaymaq, yanlış təsəvvür formalaşdırmaq istədiyi zamanda, bunun üçün ciddi cəhdlə çalışdığı məqamda bunun əhəmiyyəti olduqca böyükdür. Sözsüz ki, heyətin gördükləri, müşahidə etdikləri fonunda Azərbaycan məntiqi olaraq, BMT missiyasından ədalətli yanaşma, ədalətli mövqe sərgiləməyi, rəy bildirməyi gözləyir. Çünki hər şey göz önündədir və heyət erməni uydurmalarına deyil, reallıqlara istinad etməlidir. Əgər missiya qeyri-obyektiv rəy ortaya qoyarsa, bu, ilk növbədə, BMT-nin öz nüfuzuna, imicinə mənfi təsir edə bilər. Ona görə də, mötəbər beynəlxalq təşkilatın ədalətli rəy bildirəcəyinə ümid etməyimiz məntiqidir.

Xüsusilə diqqətə çatdıraq ki, məhz Ağdamdan keçərək Əsgəran-Xankəndi istiqamətində hərəkət edən BMT missiyasının məqsədi yerindəcə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Heyətinin tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxil olan missiyanın Qarabağda araşdırmalar aparmasına, faktlara şahidlik edib yekun qərarlar qəbul etməsinə heç şübhəsiz ki, hazırkı dönəmdə xüsusi ehtiyac duyulurdu. Çünki Qərbin bir sıra bəzi mətbuat səhifələrində elə bir fikir formalaşdırılmasına çalışılır ki, guya Qarabağdan Ermənistana gedən erməniəsilli əhali bu torpaqlardan zorla çıxarılır və təzyiqlərə məruz qalır. Məhz bu yalanları ifşa etmək üçün Azərbaycan tərəfi də BMT missiyasını illərlə gələ bilmədikləri bu torpaqlara dəvət edib. Dəvət edib ki, həmin missiya gəlib özü əyani şəkildə olanları müşahidə edib doğru-düzgün rəyin, qərarın nədən ibarət olmasını bəyan etsin.

Əlbəttə ki, qələbəmizin bu dəfə də həzm edilməyəcəyini bilirdik və ermənilərin, onların lobbilərinin dünyaya səs salaraq qara-qışqırıq qoparacağını, reallıqları təhrif edərək, həqiqəti əks etdirməyən informasiyalarla, qarayaxmalarla hayların hay-küy qoparacağını, bununla da ölkəmizə qarşı hansısa beynəlxalq təzyiqin edilməsinə nail olmaq üçün atacaqları addımlar gözlənilən idi. Çünki eyni tərz, eyni davranış, eyni propaqanda 44 günlük Vətən müharibəsindən sonra da müşahidə olunmuşdu. Ancaq bizə qarşı olan bu informasiya terrorunu da dəf etməyi bacarırıq və bundan sonra da bacaracağıq. Elə bu səbəbdən də BMT missiyasının bu gəlişinin əhəmiyyəti, rolu danılmazdır və missiya reallıqların əksini, ermənilərin iddia etdikləri absurd məqamları əks etdirən rəyi verə bilməz. Çünki sözügedən missiya özü də Azərbaycanın Qarabağ iqtisadi rayonunda özbaşına deyil və nəzarət də, bizim tərəfimizdən onların özlərini belə müşahidə edənlərin olması da mütləqdir və müşahidələrin hamısı fiksə olunandır. Missiya elə-belə, gəzinti üçün Qarabağ ərazisinə gəlməyib və vizual müşahidələrlə kifayətlənərək gediləcəyini, sonra da missiyanın gedib Avropada istədiyi şəkildə, yəni hansısa ədalətsiz, absurd rəy bildiriləcəyini düşünmək sadəlövhlük olar. Çünki çəkilişlər hər iki tərəfin iştirakı ilə birgə aparıldığı halda, nəyi isə danmaq, əksini iddia etmək mümkünsüzdür və effektinin böyük olacağını da tezliklə görməliyik. Məhz missiyanın gəlişindən, reallıqları müşahidə və fiksə etməsindən sonra Azərbaycanın əleyhinə olan istər təşkilatlar, istər qurumlar, istərsə də mediaya qarşı bizim arqumentlərimizin yetərli və cavablarımızın daha tutarlı olacağı şübhə doğura bilməz.

Heç şübhəsiz ki, missiya heyəti onu da artıq müşahidə edib ki, BMT-nin 4 qətnaməsini Azərbaycan özü yerinə yetirib. Heç bir beynəlxalq təşkilat, xüsusən də ATƏT kimi məsələ ilə bağlı mükəlləf olan qurum belə kömək etmədən məsələnin həlli ölkəmizin öz gücü və qüdrəti ilə həll olunub. Hətta 44 günlük müharibənin məntiqi nəticəsindən, qələbəmizdən və Ermənistan tərəfinin rüsvayçı məğlubiyyətindən sonra, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 4-cü maddəsində erməni qeyri-qanuni silahlı birləşmələrinin ərazilərimizi tərk etməsi barədə qeyd olunanlara da Ermənistan tərəfi əməl etməyib, buna beynəlxalq təşkilatlar da, üçüncü tərəflər də kömək etməyib və həmin qeyri-qanuni silahlıların tərksilah edilməsi, silahı yerə qoyub təslim olmaları, ərazilərimizi tərk etmələri Azərbaycan tərəfindən təmin edilib və bunu da BMT missiyasının görmüş olması lazımlı, vacib məqamlardır. İndi məhz BMT kimi mötəbər quruma xatırlatmağın yeridir ki, bağlanan beynəlxalq müqavilələr Ermənistan tərəfindən yerinə yetirilmir və yerinə yetirmələri üçün də heç bir beynəlxalq təşkilatın sanksiyası ilə belə bu işğalçı ölkə qarşılaşmır. Eyni zamanda, həmin mötəbər qurumdan soruşmaq lazımdır ki, əgər beynəlxalq müqavilələr, beynəlxalq təşkilatların qərarları Ermənistan tərəfindən yerinə yetirilmirsə, niyə həmin qətnaməni, bəyanatın müddəalarını həyata keçirməyən dövlətə, işğalçı ölkəyə sanksiyalar tətbiq olunmur?

Bütün bu sadalananlar təsdiq edir ki, Azərbaycan BMT missiyasını dəvət etməklə, ilk növbədə, şəffaflığı təmin etdi və missiya heyətinin müşahidələr aparması üçün yaradılan şəraitlə ölkəmiz özünün xoş niyyətini, humanistliyini nümayiş etdirdi. Həm də nümayiş olundu ki, bizim üçün gizlədiləcək heç nə yoxdur və ərazilərimizə gələrək vəziyyətlə tanış olmaq istəyən istənilən missiyanın, təşkilatın, qurumun bütün suallarına cavab verməyə hazırıq və bizim üçün cavabı olmayan heç bir sual yoxdur. Bununla həm də bəyan edildi ki, hansısa bir qurum, təşkilat, hətta hansısa bir ölkə Qarabağla bağlı vəziyyətin necə, daha doğrusu reallığın nədən ibarət olduğunu bilmək və bu barədə rəy vermək istədiyi zaman, gəlib reallıqlarla bağlı yerindəcə tanış ola və Azərbaycanın heç nəyi gizlətmədiyinə, şəffaflığı təmin etdiyinə hamı əmin ola bilər. Elə məhz bu şəffaflığın fonunda BMT kimi mötəbər qurumun, təşkilatın missiyası əmin oldu ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda məşkunlaşan erməniləri çıxarmaq kimi bir niyyətimiz yoxdur və onlara da heç bir təzyiq, yaxud təsir göstərilmir. Əmin oldu ki, qərar qəbul etmək onların öz ixtiyarlarına buraxılıb və köç etdikləri zaman da onlara nəinki maneçilik yaradılmır, əksinə, köçüb gedənlərin hansısa ehtiyacları olduğu zaman bütün bunlar qarşılanır da. Eyni zamanda onlara əyan oldu ki, bütün bunların fonunda əgər erməniəsillilər bizə məxsus əraziləri tərk edirlərsə, deməli, onlar Azərbaycan bayrağı altında yaşamaq istəmirlər. Həm də bunu müəyyən etmiş oldular ki, məhz bu qədər humanistliyin fonunda onlar Azərbaycan bayrağı altında yaşamaqdan imtina edirlərsə, ölkəmizin ərazilərini tərk edirlərsə, deməli, onlara təzyiq göstərən, təsir edən Azərbaycan tərəfi yox, elə Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejimdir. Deməli, hansısa qondarma və dırnaqarası “etnik təmizləmə” barəsində söhbət belə gedə bilməz və BMT missiyası bu gəlişi ilə bir daha əmin olmalıdır və əmin də oldu ki, Ermənistan tərəfi yenə də hansısa şou düzəltmək niyyətindədir və erməniəsillilərin Qarabağdan köç etmələrinə onların ən azından təhrik edilmələri növbəti oyunlarıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə