"Şanlı qələbəmiz bütün tarix kitablarımızda öz əksini tapmalıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu düşmənin əks-hücumunu dəf edərək Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə başladı. Bu qəhrəman Azərbaycan xalqının və ordusunun 44 günlük Vətən müharibəsi nəinki milli tariximizdə, eləcə də dünya tarixində yeni səhifələr açdı. 30 illik erməni işğalından sonra Azərbaycan Ordusu ilk dəfə olaraq düşməni darmadağın etdi. Hər gün, hər saat işğal altında qalan kəndlərimizi, şəhərlərimizi azad etməyə başladı". Bu sözləri Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, erməni mifi darmadağın oldu: "Ermənilər hamını inandırırdılar ki, guya dünyanın ən döyüşkən ordusu onlara malikdir, Qarabağ ərazisi onlara məxsusdur və Azərbaycanın bu torpaqlarda heç bir haqqı yoxdur. Amma 44 günlük müharibədə Azərbaycan Ordusu düşmənə layiqli cavab verməklə Vətənə olan məhəbbətini nümayiş etdirdi. Eyni zamanda, dünyaya bəyan etdi ki, Azərbaycan 30 il ərzində beynəlxalq hüquqa söykənib, BMT TŞ-nın dörd qətnaməsinə riayət olunmasını tələb edib və dünyadan ədalət istəyib. Təəssüf ki, dünyanın nüfuzlu təşkilatları və dövlətləri Ermənistanı müdafiə edərək işğala məruz qalanla işğalçı arasında heç bir fərq qoymayıb. Yenə də son qərarı 30 il ərzində ATƏT-in Minsk Qrupunun hansı oyunlar oynadığını görən Ali Baş Komandan verdi. Çünki o, öz xalqına inanırdı. Ali Baş Komandan 17 il ərzində yetişdirdiyi ordusuna və haqqı müdafiə edən dövlətlərə güvənirdi. Bu dövlətlərin sırasına ən başda Türkiyə Cümhuriyyəti olmaqla, Pakistan İslam Respublikası, İsrail və onlarca başqa dövlətlər daxildir. Onların hər biri haqqı müdafiə edirdi. Haqq isə Azərbaycan idi. Təbii ki, 44 günlük müharibə ilə Azərbaycan Qarabağı özünə qaytardı. Qarabağ uğrunda minlərlə şəhidlərimiz oldu, amma onların qanı yerdə qalmadı".
Deputat sözlərinə davam edərək bildirib ki, I Qarabağ müharibəsindən fərqli olaraq 44 günlük müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı: "Hamı belə düşünürdü ki, artıq Qarabağ problemi həll olmaq üzrədir. Çox təəssüflər olsun ki, qonşu dövlətlərin təzyiqi nəticəsində bu prosesi sona çatdırmağa imkan vermədilər. Nəhayət, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun 24 saatlıq qəhrəmancasına mübarizəsi nəticəsində bütün torpaqlarımız, o cümlədən, Qarabağın hələlik erməni işğalı altında qalan hissəsi azad edildi. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
44 günlük Vətən müharibəsindən sonra "Zəfər tarixi" kitabı orta məktəblərdə tədris olunmağa başladı. Bu, ibrətli bir tarixdir. Bu gün orta məktəblərdə I Qarabağ müharibəsində məğlubiyyət səbəbləri, SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə, həmçinin dünya dövlətlərinin Ermənistana hərtərəfli yardımı nəticəsində torpaqlarımızın işğalı və 30 il ərzində bu məğlubiyyətdən nəticə çıxarılaraq 44 günlük müharibədə düşmənin darmadağın edilməsi öyrədilir. Son üç il ərzində ordu bu ruhda tərbiyə aldı və nəticədə 23 saat 43 dəqiqə ərzində Azərbaycanın bütövlüyünü təmin etdi. Bu mənada 44 günlük müharibə haqqında hər gün danışmaq lazımdır. Dövlət başçımızın dediyi kimi, zaman gələcək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, qonşuluq münasibətləri bərpa olunacaq, amma düşmənin bu illər ərzində bizə qarşı həyata keçirdiyi vəhşiliklər heç vaxt unudulmayacaq. Həmin qəddarlıqları unutmamaq üçün onlar bizim tarix kitablarımızda öz əksini tapmalıdır. Biz hərb istəmirik, amma hər zaman hərbə hazırıq. Bizim heç bir dövlətin torpaqlarında gözümüz yoxdur, eyni zamanda öz torpaqlarımızı da göz bəbəyi kimi qoruyuruq.
27 sentyabr Azərbaycan xalqının tarixində anım günüdür. 30 il idi ki, Qarabağ bizimdir deyirdik. Amma Qarabağ bizdə deyildi. 2020-ci ilin sentyabrından başlanan bu azadlıq yürüşü Azərbaycanın qələbəsi ilə başa çatdı. 2023-cü ilin sentyabrın 19-da olan sonuncu tədbirlər isə Azərbaycanın bütövlüyünü təmin etdi. Azərbaycan bir daha dünyaya bəyan etdi ki, ermənipərəst, erməniləri nahaqdan müdafiə edən qüvvələr ola bilər, amma öz torpaqlarımızı qorumaq bizim haqqımızdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə