Ermənilərin növbəti axmaqlığı: FİASKONU TRİUMFA ÇEVİRMƏK ARZUSU – TƏHLİL
İrəvanın mərkəzi küçələrində təşkil olunan etiraz aksiyaları, hətta toplaşanların vandallıq həddinə çatan vəhşi davranışları, onların yolları bağlamalarına irad bildirən avtomobil sürücülərini təhqir etmələri, onlara qarşı fiziki güc tətbiq etmələri, döymələri Ermənistanda vəziyyətin idarəetmədən çıxdığı qənaətinə gəlməyə əsas verir. Son günlər İrəvanın nəinki hansısa mərkəzi küçələrindən birində, elə Respublika meydanında mitinqə toplaşanların çıxışları və bu çıxışlar zamanı irəli sürülən iddialar onu deməyə əsas verir ki, erməni cəmiyyəti tamamilə başını itirib, nə istədiyinin özü də bilmir, hətta rüsvayçı məğlubiyyətlərinin fonunda böyük “iddialar” arzusundadırlar.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda terrorizmə qarşı mübarizə tədbirlərinin uğurla və sürətlə başa çatdırılması işğalçı ölkə ictimaiyyətində bir rezonans doğurub. Ermənilər özlərini elə aparırlar, elə bil bilmirdilər ki, separatçıların təxribatları dayandırmaları, ərazilərimizdən qanunsuz silahlı dəstələri çıxarmalı olduqları, silahı yerə qoymaları barədə Azərbaycanın çağırışlarına, tələblərinə əməl etməyəcəkləri təqdirdə onlara qarşı antiterror tədbirləri görülə bilər və yenə də məğlubiyyət acısını dadmalı olarlar. Bilirdilər, amma deyəsən başları daşa dəyənə qədər, daha doğrusu dəmir yumruq başlarına dəyənə qədər bunu anlamaqda çətinlik çəkirlərmiş. İndi də həmin yumruğun təsirindən ayılar-ayılmaz yenə də toplaşıblar meydanlara və vəziyyətdən düzgün nəticə çıxarmaq, doğru yolu seçmək əvəzinə özlərini daha dərin uçuruma doğru sürükləməkdədirlər və vətəndaş müharibəsi ilə üz-üzə qaldıqlarını da elə bil ki, anlamaq istəmirlər.
Özlərini demokratik dövlət kimi göstərməyə, təqdim etməyə, daha doğrusu, sırımağa çalışan Ermənistan hakimiyyəti bu etirazları ifrat, hətta hədsiz sərtliklə dağıtmaqdan da çəkinmir. Artıq bir neçə yüz etirazçının saxlanılması, ölkə polisi tərəfindən güc tətbiq edilərək aparılması təsdiq edir ki, mövcud hakimiyyət, ələlxüsus da baş nazir Nikol Paşinyan heç də istefa niyyətində deyil və hələ bu xəmir çox su aparacaq. Doğrudur, hadisələrin gedişi göstərir ki, revanşistlərin, o cümlədən Qarabağ klanının Paşinyanın istefasına nail olmaq üçün real şansı yoxdur. Bunu özləri də etiraf edirlər və bildirirlər ki, əgər 100 min insan topaşmış olsa, belə bir şansları ola, yarana bilər. Amma etiraf etmək istəmirlər ki, yaratdıqları vəziyyət Ermənistan daxilində yaradılan çatdır və işğalçı ölkə daxildən çatlayır. Etiraf etmək istəmirlər ki, Ermənistan sonu görünməyən daxili münaqişələrdən sarsılır. Ona görə etiraf etmək istəmirlər ki, onları düşündürən və maraqlandıran hakimiyyət kürsüsüdür və bu kürsü elə hazırkı hakimiyyət üçün də, onun müxalifəti üçün də, revanşistlər, Qarabağ klanı üçün də erməni xalqının müqəddəratından daha vacib, daha “qiymətli” sayılır.
Səfalət içərisində olan, inkişafdan, tərəqqidən söhbət belə gedə bilməyən bir ölkədə “Çiçəklənən Ermənistan” kimi gülünc adda bir partiyanın rəhbəri Sarukyan üçün deyəsən, əvvəlcədən də proqnozlaşdırılan həmin o miatsum mifinin dağılması, qarşılaşdıqları fiasko bir dərs olmayıb. İrəvanın bir neçə küçəsində, lap elə Respublika meydanının özündə belə boş və mənasız səs-küylə müşaiyət olunan və nəticəsiz şəkildə məhdudlaşan etiraz aksiyalarından nə gözləyirlər? Bir-birinin ardınca mikrafona yaxınlaşanlar söz oyunundan başqa heç nə ortaya qoyan deyillər və elə bil söz yarışması keçirirlər. Bu qədər məğlubiyyətləri, itkiləri, qarşılaşdıqları fiasko fonunda boş söz yığınından gözləntiləri nədir? Bunlar nəyə ümid edirlər? Ən gülməli məqam isə odur ki, sanki torpaşanlar fiaskonu triumfa çevirmək arzusundadırlar və az qala buna inanmağa da başlayıblar.
Xatırladığımız kimi, hələ 44 günlük müharibədən öncə erməni cəmiyyəti müharibə olacağı təqdirdə qələbə qazanacağı ümidində idi və xəbərdarlıqlara da Ermənistan tərəfindən məhəl qoyulmurdu. Hətta sözügedən müharibə dönəmində də Ermənistan ictimaiyyəti özlərinin döyüşlərdə qələbə qazandıqları barədə aldadılırdılar və döyüşlərdə qələbə qazandıqları barədə işğalçı ölkə hakimiyyətinin yaydığı xəbərlərə də ermənilər nəinki inanırdılar, aldadıldıqlarını da həvəslə qəbul edirdilər. Özlərini məğlubedilməz hesab edən, reallıqdan çox, miflərdə yaşamağı məqbul hesab edən ermənilər özləri özlərini tezliklə qələbə qazanacaqlarına inandırmağa çalışırdılar. Məhz elə bu xislətləri məğlubiyyət acısını dadana qədər reallıqları görməkdə onlara mane olmuş oldu. 44 günlük müharibənin məntiqi nəticəsi olaraq, rüsvayçı məğlubiyyətlə qarşılaşan Ermənistan ictimaiyyətinin bununla barışmaq, məğlubiyyəti həzm etmək istəməməsi də, məhz həmin o miflərə inanma xislətindən qaynaqlanır. İndi də eyni şəkildə həmin xislət reallıqları görməyə mane olur və sonuncu fiasko fonunda erməni cəmiyyətində sanki hansısa triumf arzusu peyda olub.
İkinci Qarabağ müharibəsində qarşılaşdıqları rüsvayçı məğlubiyyət, təslim olmaları, kapitulyasiya sənədinə imza atmaları ermənilərə elə bil ki, dərs olmamışdı və təslim olduqdan, Üçtərəfli Razılaşmalara imza atdıqdan sonra təxribatlara əl atmaları bunu təsdiq edirdi. Hərbi qüvvələri 44 günlük müharibə dönəmində darmadağın edilən, silah-sursat, hərbi texnika, hətta böyük həcmdə maliyyə itgisi ilə üzləşən, çarəsiz vəziyyətə düşən ermənilərin Qarabağ ərazisində gizlənən silahlı qüvvələrinin tör-töküntülərinə, separatçı qalıqlarına bel bağlayaraq ümid etmələri özü də ən böyük yanlışlıq və axmaqlıq idi. Bunun yanlışlıq, axmaqlıq olduğunu onlar Azərbaycanın sonuncu antiterror tədbirləri zamanı gördülər. Cəmi 23 saatdan bir qədər artıq müddət ərzində davam gətirə bilməyən həmin o separatçı qalıqları ağ bayraq qaldıraraq təslim olduqları zaman erməni cəmiyyəti növbəti məğlubiyyət, fiasko acısını dadmış oldu. Halbuki, bunu əvvəldən dərk edə bilərdilər ki, 44 gün ərzində əsas hərbi heyətini darmadağın edən, silah-sursatının, hərbi texnikasının böyük hissəsini məhv edən, onları böyük itgilərlə üz-üzə qoyan Azərbaycan Ordusuna Qarabağ ərazisində gizlənən silahlıların tör-töküntüləri, separatçı qalıqları bir gün belə müqavimət göstərə bilməz. Yəni, 44 günlük müharibədə qarşılaşdıqları rüsvayçı məğlubiyyətin ardınca qələbə arzusu və niyyəti ermənilərin ən böyük səhvlərindən biri idi.
Eyni ilə indi də ermənilərin, Azərbaycan tərəfinin öz torpaqlarında həyata keçirdiyi həmin o antiterror tədbirlərində qarşılaşdıqları fiaskonun ardınca yenə xam xəyallara düşmələri təəccüb doğurur. Öz səhvləri ucbatından qarşılaşdıqları fəlakətlərdən dərs almaq, nəticə çıxarmaq əvəzinə hansısa xam xəyallara düşmək əlbəttə ki, təəccüb doğurmaya da bilməz. İndi küçə və meydanlarda etiraz aksiyaları keçirməklə, mövcud hakimiyyətin istefasını tələb etməklə nəyə isə ümid etmək son dərəcə böyük axmaqlıqdır. Elə zənn edək ki, Nikol Paşinyanın və ümumilikdə Ermənistan hakimiyyətinin istefasına nail olacaqlarına hədsiz böyük ümidləri var və hətta belə olacağı təqdirdə nəyə ümid edə bilərlər? Bir nəfərin, yaxud hansısa bir hakimiyyətin istefası məğlubiyyət damğasını erməni cəmiyyətinin üzərindən götürəcək, yoxsa onlara dərhal qələbə bəxş edəcək? İşğalçı ölkənin qarşılaşdığı bu boyda fiaskonu mitinqlərlə, həmin mitinqlərdəki boş-boş söz yarışmaları ilə, lap elə mövcud hakimiyyətin istefasına nail olmaqla belə truimfa çevirmək arzusu həddindən artıq absurd görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB