“Onların dövründə bu münasibətlər ən yüksək zirvəsinə çatıb” - MÜNASİBƏT BİLDİRİLDİ

“Onların dövründə bu münasibətlər ən yüksək zirvəsinə çatıb” - MÜNASİBƏT BİLDİRİLDİ

"Türkiyə-Azərbaycan münasibətləri hər zaman dostluq və qardaşlıq prinsiplərinə əsaslanıb. Lakin Prezident İlham Əliyevin və cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dövründə bu münasibətlər ən yüksək zirvəsinə çatıb”. Bu sözləri SİA-ya açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan iqtidarı dönəmində Türkiyə dövləti hər zaman ən yüksək tribunalardan Azərbaycanın haqq işini, ədalətli davasını dəstəkləyib: “Türk dövlətinin, siyasi və hərbi xadimlərinin 4 günlük Vətən müharibəsi zamanı Azərbaycana verdiyi dəstək unudulmaz. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

Son antiterror tədbirləri ilə Qarabağ tamamən Azərbaycanın nəzarətinə keçdi. Dövlət suverenliyimiz bərpa edildi. Amma qarşıda təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm olan vəzifələr var. Bu, ilk növbədə, türk dünyasını birləşdirən nəhəng nəqliyyat dəhlizinin -Zəngəzur yolunun açılmasıdır. Doğrudur, bölgədə marağı olan bir sıra dövlətlər, o cümlədən qonşu İran, Fransa bu yolun açılmasına qarşıdır. Amma düşünürəm ki, Azərbaycan -Türkiyə dostluğu, iki dövlətin siyasi rəhbərliyinin doğru və qətiyyətli siyasəti bu səddi də aşacaq.

Ən əsası, Ermənistanı səfalətdən, bir dövlət kimi məhv olmaqdan qurtarmaq istəyən erməni dairələri də yolun açılmasını, Türkiyə və Azərbaycanla münasibətlərin istiləşməsini arzulayır. Türkiyə - Azərbaycan ittifaqının bölgədə yeni düzən yaratdığı, regionun yeni geosiyasi reallıqlarla üz-üzə qaldığı faktdır. İnanırıq ki, ədalətli qonşuluq münasibətlərinə əsaslanan Türkiyə -Azərbaycan müttəfiqliyi bölgədə uzunmüddətli və dayanıqlı sülhün təminatçısı olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə