“Ermənilər başqa variantları qalmadıqlarını tam anlayıblar” - QHT RƏSMİLƏRİ ARASINDA SORĞU

“Ermənilər başqa variantları qalmadıqlarını tam anlayıblar” - QHT RƏSMİLƏRİ ARASINDA SORĞU

Məlumdur ki, keçirilən tədbirlər çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu edərək onların fikirlərini öyrənib.

Elman Cəfərli, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri: “Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda, Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələrinə qarşı başlatdığı lokal anti-terror əməliyyatları başa çatdı. Əslində son zamanlar baş verənlər bu əməliyyatları zəruri edirdi. Son vaxtlar istər Ermənistan, istərsə də Qarabağdakı qanunsuz silahlı quldur dəstələri tərəfindən Azərbaycana qarşı təhdidlər artmışdı. Ermənilər 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının şərtlərini yerinə yetirmirdilər. Bu sənəddə qeyd olunurdu ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində qalan Ermənistan silahlı qüvvələri və qanunsuz erməni dəstələri tərksilah ediləcək, erməni əhalisinin Azərbaycana reinteqrasiyası başlanacaq. Lakin ermənilər bu şərtlərə əməl etmirdilər. Onlar qüvvə toplayıb revanş götürmək, 44 günlük müharibədəki məğlubiyyətin qisasını almaq xəttini tutmuşdular. Qarabağın dinc erməni icması əslində Azərbaycana reinteqrasiyada maraqlı görünür. Lakin orada revanşist qüvvələr var və onlar daimi sülhün əldə olunmasına razı deyillər.

Avqustun 31-də qondarma rejimin özünə yeni rəhbər seçməsi bardağı daşıran son damla oldu. Artıq Azərbaycan tərəfində aydın oldu ki, nə qədər ki, Qarabağ iqtisadi rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri qalacaq, erməni icması Azərbaycana reinteqrasiya etməyəcək.

Sentyabrın 19-da Azərbaycan Daxili İşlər Nazirliyinin 7 əməkdaşının mina terror ilə şəhid edilməsi isə separataçılar üçün əcəl zəngi oldu. Bundan öncə Azərbaycanın siyasi rəhbərliyi də bəyan etmişdi ki, Azərbaycan öz daxilində “boz zona”nın qalmasına dözməyəcək. Bundan sonra Azərbaycan silahlı qüvvələri və hüquq-mühafizə orqanlarının qarşısında bir məqsəd dayanırdı: Qarabağdakı terrorçu qrupları və qanunsuz silahlı dəstələri məhv etmək, Azərbaycanın suveren hüquqlarını bütün ərazilərinə şamil etmək. Qarabağ iqtisadi rayonu BMT tərəfindən Azərbaycan ərazisi olaraq tanınır. Hətta Rusiya və Ermənistan rəhbərliyi də dəfələrlə bu faktı dilə gətirib. Qonşu dövlətlərdən Türkiyə, İran və Gürcüstanın mövqeyi aydındır. O halda Azərbaycan öz qanuni ərazilərində hansısa terror qruplarının fəaliyyət göstərməsinə niyə dözüm göstərməli idi? Gün yarım davam edən lokal anti-terror əməliyatları nəhayət başa çatdı. Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri təslim oldular, erməni icmasının nümayəndələri Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə təmaslara razı oldular. Bu əməliyyat əslində dinc erməni icmasının xeyrinə idi. Nə qədər ki orada revanşist, aşırı radikal, barışmaz millətçi qruplar, terror-təxribat qrupları qalır, Xankəndi və digər bölgələrdəki erməni sakinlərin dinc yaşayışı mümkün olmayacaqdı. Həmçinin erməni vətəndaşlarımızın Azərbaycan reinteqrasiyası reallaşmayacaqdı.

Azərbaycan lokal anti-teror əməliyyatları ilə öz ərazilərini təxribatçı qruplardan təmizlədi. Bu, ilk növbədə erməni icmasının təhlükəsizliyi üçündür. 1988-ci ilə qədər ermənilər Azərbaycan daxilində rahat yaşayırdılar. Bundan sonra da belə olacaq.

Azərbaycan tərəfi erməni icması ilə təmaslara hazır olduğunu dəfələrlə bəyan edib. Erməni vətəndaşlarımız Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Onların da təhlükəsizliyi digər etnik azlıqların təhlükəsizliyi kimi, Azərbaycan Konstitusyası və qanunvericiliyi ilə təmin ediləcək.

Haqlı sual çıxa bilər. Ermənilər yenə də razılaşmadan qaça, güclənən kimi yenə də separatizmə baş vura bilərmi? Bunu mümkün hesab etmirəm. Artıq o zaman deyil. Həm də Azərbaycan ordusunun dəqiq zərbələri ilə ermənilərin inşa etdiyi səngərlər, müdafiə xarakterli mühəndis-istehkam qurğuları məhv edilib. Bundan sonrakı bütün proseslər ciddi müşahidə altında olacaq. Ağ bayraq qaldırıb, təslim olublar. Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı birləşmələri tərksilah ediləcək və mövqelərini tərk edəcəklər. Hərbi postlar Azərbaycan ordusunun nəzarətinə keçəcək. Erməni ordusunun bütün silah-sursat və ağır texnikası təhvil veriləcək”.

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru, “Yeni Müsavat” Media Qrupun redaktoru Elşad Məmmədli: “Azərbaycan postmüharibə dövründə rəsmi səviyyədə dəfələrlə bəyan etmişdi ki, əgər Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilər silahı yerə qoymasalar, sarsaq “artsax” iddialarından əl çəkməsələr, 10 noyabr Üçtərəfli Bəyanatına əməl etməsələr, dövlətin qanunlarına tabe olmasalar, terrorçu fəaliyyəti davam etdirsələr, lokal antiterror tədbirləri həyata keçiriləcək. 3 il ərzində Ermənistana, Qarabağdakı qanunsuz, separatçı rejimə möhlət tanıdıq. Bu müddətdə onlara birbaşa təmaslar, reinteqrasiya üçün bütün mümkün variantlar təklif olundu. Hətta Azərbaycan rəsmiləri sülhməramlıların vasitəçiliyi ilə onların müvəqqəti nəzarətindəki ərazidə bir neçə dəfə ermənilərlə görüşdülər. Ardınca onları müzakirələr üçün Bakıya, daha sonra Yevlaxa dəvət etdik, gəlməkdən imtina etdilər. Humanitar yardım yollamaq istədik, qəbul etməyəcəklərini dedilər. Eyni zamanda Rusiyada, Avropada, Amerikada keçirilmiş görüşlərdə götürdükləri öhdəlikləri yerinə yetirmədilər, bütün razılaşmaları pozdular. Kommunikasiyaların açılması, reinteqrasiya, delimitasiya ilə bağlı vədlərindən konkret imtina etdilər.

Bunun əvəzində davamlı təxribatlara, terror əməllərinə başladılar. Azərbaycan bəyan etmişdi ki, öz ərazisində “boz zona”nın olmasına heç bir halda yol verilməyəcək. Bütün bu tələbələrə, xəbərdarlıqlara baxmayaraq, separatçı rejim Ermənistanın dəstəyi ilə yeni “seçki” keçirdi, “rəhbər” təyin etdi.

Azərbaycan bu müddətdə var gücü ilə çalışdı ki, məsələlər danışıqlar yolu ilə həll edilsin. Ancaq Qarabağdakı separatçılar Ermənistanın təşviqi və köməyi ilə buna imkan vermədilər. O qədər azğınlaşdılar ki, təkcə 18 sentyabrda 6 vətəndaşımıza – 4 polis, iki mülki şəxsə qarşı terror törətdilər. Konkret olaraq ermənilər özləri Azərbaycanı lokal antiterror tədbirləri keçirməyə vadar, məcbur etdilər.

Bizdə tam əminlik yaranmışdı ki, sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə mövcud olan hərbi xunta məhv edilmədən, zərərsizləşdirilmədən, Ermənistan ordusunun qalıqları darmadağın edilmədən, girovluqda saxlanılan, normal vətəndaş olmaq istəyən ermənilərlə təmasa keçmək mümkün olmayacaq.

Ona görə də Azərbaycan rəsmi səviyyədə bəyan etmişdi ki, antiterror tədbirlərinin dayandırılması, dialoqa başlanılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək. Bunu cənab Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da bəyan etmişdi.

Nəhayət, bu gün saat 13:00-da başları növbəti dəfə əzilən separatçılar təslim oldular, ağ bayraq qaldırdılar və Azərbaycanın şərtlərini qəbul etdiklərini bildirdilər. Cəmi 24 saat, dəqiqi 23 saat 43 dəqiqə ərzində dövlətimiz separatçıları təslim etdi, 3 ildir həllinə nail olunmayan məsələ 1 günə dəmir yumruqla çözüldü.

Bu, ermənilərə son dərs olmalıdır. Onlar sentyabrın 21-də Yevlaxda keçiriləcək görüşdə tam şəkildə qondarma qurumu buraxdıqlarını bəyan etməli, Azərbaycan qanunları altında yaşamağı rəsmən bildirməlidirlər. Başqa variantları qalmadıqlarını tam anlayıblar.

Prosesi bu cür həyata keçirmək Azərbaycan Konstitusiyamızın və beynəlxalq hüququn tələbi idi. Dövlətimiz öz suverenliyini tamamilə bərpa etmək, Qarabağda bütün ərazilərdə - Xankəndidə, keçmiş Ağdərə rayonu ərazisində, Xocavəndin bir hissəsində də dövlət idarəçiliyini tam həyata keçirmək üçün orada mövcud olan terrorçuları zərərsizləşdirib.

Azərbaycanın müvafiq strukturları ölkə ərazisindəki terrorçulara qarşı anti-terror tədbirləri gördüyü bir vaxtda, bəzi qərəzli dövlətlər, təşkilatlar heyrət doğuran bəyanatlar verirdi. Bu, sadəcə onların özünün ifşası oldu. Azərbaycan Beynəlxalq Antiterror Koalisiyasının aktiv üzvü kimi, zaman-zaman dünyada anti-terror tədbirlərinə dəstək verib. Bu gün Azərbaycan öz ərazisindəki terrorçuları zərərsizləşdirir. Antiterror tədbirlərinə dəstək verməyənlər, Azərbaycana qarşı “qınayıcı” bəyanatlar verənlər birmənalı olaraq terroru, terrorizmi de-fakto dəstəkləmiş olurlar. Terrorla, terrorçularla, separatizmlə mübarizədə Azərbaycana dəstək nümayiş etdirməyənlər özlərini ifşa ediblər”.

"Cəmiyyətin İnkişafı Mərkəzi " İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “Məlumdur ki, antiterror tədbirlərinin məqsədi ərazidə olan erməni hərbi qüvvələrinin Qarabağ ərazisindən çıxarılması, qeyri-qanuni xunta rejiminin ləğv edilməsi, terrorçu qrupların zərərsizləşdirilməsi və bütün qeyri-qanuni silahlı qüvvələrin tərkisilah edilməsidir.

Qarabağda fəaliyyət göstərən separatçı qüvvələr və qeyri-qanuni rejim artıq Azərbaycanın təkliflərini qeyd edib. Ermənistan hərbi qüvvələrinin bölgədən çıxarılmasına, silahlı qüvvələrin tərksilah edilməsinə və rejimin buraxılmasına razılıq verir. Bununla bağlı sentyabr ayının 21-də erməni icmasının nümayəndəliyi ilə Azərbaycan Respublikası rəsmiləri arasında Yevlaxda görüşün keçirilməsi ilə bağlı razılığa gəlinib. Bu barədə erməni və rus mətbuatı da məlumat yayıb. Düşünürəm ki, Qarabağ məsələsi tamamilə həll olunmağa yaxınlaşır. Bu da təkcə Azərbaycanın deyil, ümumilikdə regionun təhlükəsizliyi üçün zəmin yaradacaq”.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev: “Müharibə üç ilə yaxındır ki, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə üç tərəfli sazişlə bitib. Lakin Ermənistan hakimiyyəti bu günədək sazişdə göstərilən öhtəliklərini yerinə yetirməkdən boyun qaçırdır. Bu müddət ərzində sülhməramləların müvəqqəti nəzarəti altında olan ərazimizdən qanunsuz silahlı birləşmələrini çıxarmaq əvəzinə, Ermənistan hakimiyyəti onların sayını artırıb, döyüş texnikası, silah və sursatlarla uzun müddətli savaşa hazırlayıb. Bu azmış kimi, Ermənistanda yeni istehsal olunan piyada və tank ələyhinə minalarla təchiz edib, Azərbaycanın azad edilmiş ərazilərində diversiyalar həyata keçirmək üçün tapşırıqlar verib. Yəqin ki investorları çəkindirmək, məcburi köçkünlərdə öz yurdlarına qayıtmaq fikrindən döndərmək və öz xalqını yeni müharibəyə ruhlandırmaq məqsədi güdülür.

Son günlər təxribatların və ərazilərimizə göndərilən diversantların basdırdığı minalarda azərbaycanlı mülki, hərbçi və polis çiddi xəsarət alıb və ya şəhid olub, avtonəqliyyat vasitələri yararsız hala düşüb.

18-19 sentyabr tarixlərində edilmiş diversiyalar nəticəsində şəhid olmuş və yaralanmış soydaşlarımızın say çoxluğu bizi təxirəsalınmaz lokal antiterror tədbirləri görməyə məcbur etdi. Bunun məqsədi qanunsuz silahlıları tərksilah edərək sözügedən ərazilərimizdə də Konstitusion quruluşumuzu bərpa edərək erməni əsilli həmyerlilərimizin də ölkə qanunvericiliyinə uyğun təhlükəsiz və bərabər hüquqlu yaşamalarını təmin etməkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə