"İki ölkə arasında bütün sahələr üzrə günü-gündən inkişaf edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Türkiyə-Azərbaycan münasibətləri dərin strateji, müttəfiqlik münasibətləridir. Bu münasibətlər bütün sahələr üzrə günü-gündən inkişaf edir. Hazırda iki qardaş ölkənin qarşısında duran əsas vəzifələrdən biri ticarət dövriyyəsinin artırılması, əməkdaşlığın daha da dərinləşdirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hazırkı mürəkkəb tarixi şəraitdə iki ölkənin ümumi təhlükəsizlik məsələləri də hər iki dövlətin milli maraqları kontekstində olduqca aktualdır: “Buna görə də qardaş ölkə prezidentinin Azərbaycana səfəri hər zaman ölkəmizdə bayram əhval-ruhiyyəsi yaradır. Hər səfərdən sonra qardaş ölkələr arasında münasibətlər daha da dərinləşir.
Dünyada baş verən nəqliyyat blokadaları kontekstində Azərbaycan və Türkiyə mühüm logistika mərkəzlərinə çevrilib. Təsadüfi deyil ki, bu günə qədər Cənubi, Şərqi Asiyadan Avropaya qədər uzanan yolda bu kommunikasiyaların fəaliyyətinin daha da səmərəli olması üçün işlərin görülməsi aktuallaşıb. Eyni zamanda Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində digər dövlətlərlə əməşdaşlıq qurmağı bacarıb. Yeni dünya nizamı kontekstində bu əməkdaşlıqlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür səfərlərin baş tutması regional təhlükəsizlik fonunda aktualdır.
Nəzərə almaq lazımdır ki, Türkiyə Cənubi Qafqazla sıx bağlı olan tarixi ənənələrə sahibdir. Düşünürəm ki, baş tutacaq səfər həm ölkəmizin, həm də regionumuzun sülhə irəliləməsinə növbəti töhfə olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə