"Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi sülhə təhdiddir” - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi sülhə təhdiddir” - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“Maraqlıdır ki, Rusiya-Ermənistan münasibətləri dostluq prinsiplərinə söykəndikdə bölgə üçün dağıdıcı nəticələrə səbəb olurdu. Bu gün iki ölkə arasında münasibətlərin gərginləşməsi də bölgə üçün özü ilə yeni təhdidlər gətirir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, həm Ermənistanın, həm də Rusiyanın siyasətində yanlışlıqlar var: “Rusiya bir vaxtlar Ermənistanla yaxşı münasibətlər quraraq bunu Azərbaycana təzyiq vasitəsi olaraq istifadə etdi. İndi isə Ermənistana qarşı Azərbaycanla münasibətlərin yaxşı olmasından təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Azərbaycan isə bu siyasətə və prinsiplərə imza atan ölkə deyil və olmayacaq.

Azərbaycan-Rusiya münasibətləri hər zaman rəvan olmayıb. Bir zamanlar Rusiyanın Azərbaycana qarşı münasibətlərində soyuqluq, təzyiq əlamətlərini hiss edirdik. İndi olduğu kimi həmin dövrlərdə də Azərbaycan bölgədə sülhün taleyi və təhlükəsizliyi üçün məsuliyyətli siyasət aparırdı.

Ermənistan isə həm bölgədə sülhün təhlükəsizliyi nöqteyi-nəzərdən, həm də öz xalqının mənafeləri baxımından sülhə, dincliyə söykənən siyasət aparmırdı. Bu gün isə Ermənistan Rusiya ilə münasibətlərin soyuqlaşmasından istifadə edərək Qərblə yaxınlaşır. Bu da indiki şəraitdə Fransanı, Amerikanı bölgəyə gətirmək məqsədini hədəfləyib. Bununla da bölgənin Ermənistan tərəfindən Rusiya-Qərb poliqonuna çevrilmək niyyəti güdülür. Azərbaycan isə bölgəni Rusiya-Qərb poliqonuna çevirməkdən nə qədər uzaq olsa da, Ermənistan bunun tam əksinə siyasət yürüdüb.

Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi bölgədə sülhü birmənalı olaraq təhlükə altına alır. Buna görə də hər iki ölkə yürütdüyü siyasətə yenidən baxmalıdır. Rusiya siyasətinin bölgədə təhlükəsizlik maraqları baxımından yenidən qurulması da Ermənistanı təhlükəli siyasətdən yayındıra bilər. Əks təqdirdə münasibətlərin gərginləşməsi bölgədə ümumi vəziyyətə öz mənfi təsirini göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə