"Ermənistanın bu qərarını Rusiya və İran bağışlamayacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanın bu qərarını Rusiya və İran bağışlamayacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya və Ermənistan münasibətlərinin gərginləşməsinə səbəb birbaşa Ermənistanın özüdür. Ermənilər heç bir qonşu dövlətlə normal münasibət qurmayıb. Əsrlər boyu Rusiya və digər Qərb dövlətləri tərəfindən alət kimi istifadə olunub. Ermənistan üçün müttəfiq və daimi dostluq anlayışı yoxdur. Təbii ki, Rusiya da bunu bilməli idi. Ona görə də Ermənistan kimi terrorçu bir dövləti dəstəkləməməli idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bütün dönəmlərdə Ermənistanın bölgədə mövcud olmasına və ərköyünlük göstərməsinə səbəb Rusiyanın onu bütün məqamlarda dəstəkləməsi idi: "Belə olduğu halda Ermənistan qonşu dövlətlərinə qarşı ərazi iddiası irəli sürüb. Son dövrlərdə isə Ermənistanda gedən proseslər və hakimiyyətdə olan qüvvələrin Rusiyaya qarşı mövqeyi dəyişdi. Ermənilər tərəfindən Rusiyanın əleyhinə müəyyən addımlar atıldı. ABŞ-ın bir neçə əsgərini Ermənistana dəvət edərək birgə hərbi təlim keçirmək barədə qərar qəbul etdilər. Bu da təbii ki, Ermənistanın dəstəkçiləri olan Rusiya və İrana xoş təsir bağışlamadı. Haqlı olaraq onlar Ermənistanı mühakimə etdilər. Çünki Ermənistanın var olma səbəbi Rusiya, İran və Fransa kimi dövlətlərdir".

Politoloq sözlərinə davam edərək bildirib ki, bu günlərdə Ermənistan və Rusiya arasında münasibətlərin gərgin olması hər kəsin diqqətindədir: "Görünən odur ki, Ermənistanda müəyyən revanşist qüvvələr baş qaldırıb. Ermənistanın bu qərarını Rusiya və İran ona bağışlamayacaqdır. Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Qərbin adamı olduğunu bildirsə də, sonradan Rusiyaya meyilləndi və onun dəstəyini aldı. Təbii ki, indiki halda Rusiya Ermənistanın Qərbin alətinə çevrilməməsinə qarşılıq güc nümayiş etdirəcəkdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə