Dünya ictimaiyyəti belə dəfələrlə şahidi oldu ki, Ermənistanın baş nazirinə real vəziyyət, eləcə də məsələnin həlli başa salınsa da, ya bunu başa düşməyə çətinlik çəkir, başa düşə bilmir, ya da başa düşmək istəmir. Hər kəs artıq buna əmin olub. Çünki müxtəlif platformalarda təşkil olunan diplomatik görüşlər zamanı da məsələlərin konkret həll variantları təklif edildiyi, izah edildiyi halda, eləcə də beynəlxalq ictimaiyyət həmin variantları doğru hesab edərək, qəbul etdiyi halda, erməni baş nazir əvvəlcə razılaşmış kimi özünü aparsa da, sonradan onun hərəkətlərindən, mövqeyindən və tərzindən bunu qəbul etmədiyi ortaya çıxıb. Hadisələrin gedişi artıq dəfələrlə təsdiq etdi ki, Paşinyanı başa salmağın yeganə üsulu güc tətbiqi imiş və qanuni hüquqların, haqqın, ədalətin bərpası naminə onu bu yolla başa salmaq lazım gəlir.
Özünü az qala islaholunmaz uşaq kimi aparan Nikol hər bir istiqamətdə, xüsusən də, danışıqlarla bağlı məsələlərdə süründürməçilik edir. Onun bir-birini təkzib edən fikirləri, ifadələri, iddiaları, mütəmadi olaraq müşahidə edilən dəyişkən mövqeyi, bütün davranışları, absurd yanaşmaları Azərbaycanın Qarabağ iqtisadi rayonundan hələ də çıxarılmayan erməni separatçılarının azğınlaşmasına, hədsizliyinə, sonda da özbaşınalıqlarına rəvac verir və bu da gərginliyin artması ilə nəticələnir. Təsadüfi deyil ki, bu da sülh prosesinə başlanılmalı olacağı təqdirdə Azərbaycanın Qarabağ iqtisadi rayonunda, həm də Azərbaycan və Ermənistan arasında şərti sərhəddə gərginliyi getdikcə artırır. Belə davam edəcəyi rəqdirdə də, heç şübhəsiz ki, hərbi müdaxiləyə belə ehtiyac duyulur və bunun da Ermənistan adlı ölkə üçün, həmin ölkənin erməni əhalisi üçün yaxşı nəticələr vəd etmədiyi bəllidir, amma görünür bunu da Nikola elə qeyd olunduğu şəkildə, güc tətbiqi ilə başa salmaq gərəkir ki, anlasın, başa düşsün.
Qarşıdurmaya, aktiv hərbi əməliyyatların, antiterror əməliyyatlarının mümkünlüyünə zərrə qədər şübhə yoxdur, çünki gedişat bunu göstərir. Ermənistan tərəfinin, şəxsən erməni baş nazir Nikol Paşinyanın mövqeyi buna aparır. Hakimiyyət kürsüsündə tamamilə naşı bir adamın nəyi isə dərk etməsi üçün ona bir “silkələnmə” lazım gəldiyi dəfələrlə öz təsdiqini tapıb. Separatçı xunta tərksilah edilməyincə, birdəfəlik götürülməyənə qədər erməni baş nazir marionet kimi çıxış etməkdə davam edəcək, daxili auditoriyaya hesablanan addımları ilə oyuncağa bənzəyəcək. Doğrudur, Paşinyan separatçı xuntanı qondarma “seçkilər” məsələsi ilə bağlı dindirib danışdırmır, amma buna nə istinad etmək olar, nə də ümid etmək. Çünki Nikolun həmişə zaman qazanmaq, əldə etdiyi zamanı da uzatmaq kimi bir taktikasının olduğu sirr deyil və onun, məhz həmin zaman fasiləsində baş verən proseslərə, şəraitə uyğun davranacağı da əvvəldən bəllidir və bu, özünü dəfələrlə təsdiq də edib. Artıq bir neçə ildir müşahidə edirik ki, Azərbaycan-Ermənistan sülh prosesində o, davamlı olaraq oyun oynayır, zaman qazanmaq üçün çalışır. Qazandığı həmin o zamanda da bir nəticə ortaya qoya, qərar verə bilmir, çünki təbiətcə də, xaraktercə də konstruktiv dialoqa qadir deyil. Paşinyan heç öz sözünə sahib çıxan, sözünün üstündə duran adam deyil və vəd versə belə, vədinə əməl edəcəyinə qətiyyən, inam, ümid yoxdur. Çünki dəfələrlə geri çəkildiyinin şahidi təkcə biz yox, bütün dünya ictimaiyyəti olub.
Doğrudur, beli çantalı küçə nümayişçisi elə məhz nümayişlərdən istifadə edərək 2018-ci ildə Ermənistanda hakimiyyəti ələ keçirəndə onun öz sələflərindən fərqli siyasət aparacağına dair bəzilərinin ümidləri olub. Hətta onu da xatırladaq ki, istər beynəlxalq vasitəçilər, istərsə də Paşinyan özü hər kəsi inandırmağa çalışırdı ki, tamamilə başqa cür hərəkət edəcək və özünü sübut etmək üçün ona vaxt lazımdır. Bəli, ona vaxt da verildi, özü də yetərincə. Amma nəticə olmadı. Ələlxüsus, axmaqcasına, “Qarabağ Ermənistandır, nöqtə”, deməsi ilə Nikol, danışıqlar prosesini tamamilə relsdən çıxardı və bundan sonra baş verənləri də dünya ictimaiyyəti yaxşı bilir. Yaxşı bilir ki, məsələnin danışıqlar yolu ilə həllinə zərrə qədər yer ayırmayan, əksinə, təxribatların miqyasını artıran Paşinyan müharibəyə rəvac verdi. Müharibə isə məntiqi olaraq Azərbaycanın qələbəsi, Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatdı, özü də cəmi 44 gün ərzində. Dünyanın bütün ermənilərinin güvəndikləri, keçilməzliyi iddia edilən, həmin o illər ərzində ərsəyə gətirilən istehkamlar, Ohanyan səddi belə ən qısa zamanda keçildi və düşmən diz çökdürüldü. Düşmən tərəfi çarəsiz duruma düşürüldü və başda elə erməni baş nazirin özü olmaqla, düşmən tərəf təslim olmaq, müvafiq razılığa gəlmək məcburiyyətində qaldı. Silah-sursatını, hərbi texnikalarını, avtomobillərini belə qoyub qaçan o yalandan mifləşdirilmiş erməni döyüşçüləri də, şəxsən ən sıravi erməni də, erməni baş nazirin özü də onun özünün imzaladığı təslimiyyət aktı ilə rüsvayçı duruma düşmüş olduğunu yaxşı dərk etdi. Deməli, Paşinyanı da, onun komandasını da, silahlı qüvvələrini də sarsıtmaq, “silkələmək” lazım gəlirmiş ki, ağılları başlarına gəlsin.
Diqqətə çatdıraq ki, 2020-ci il müharibəsindən sonra məğlub və rəzil duruma düşən Ermənistanın baş naziri müvafiq razılığa gələn kimi özünü göstərsə də, həmin məsələni Azərbaycanın daxili məsələsi kimi tanısa da, yenə bir qədər vaxt qazandıqdan sonra geri çəkilməyi məqbul hesab etmiş oldu. Yerli əhalini, sülhə nail olmaq məqsədi daşıyan hərəkətlərə hazırlamaq adı altında qazandığı vaxtda nə etmiş oldu? Gah Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmin yaradılması tələblərini ortaya atıb sülh prosesini uzatdı, gah da Azərbaycanın 86,6 min kvadratmetrdən ibarət ərazisini tanımaqla bağlı fikirlər səsləndirib oyunlar oynamağı məqbul hesab etdi. Halbuki, sülh sazişi bağlamaq istəyən, buna maraq göstərən biri bütün bunların əvəzinə absurd olmayan, məntiqi addımlar atmağa üstünlük verərdi və bunu da Paşinyandan görən olmadı. Görünən isə əslində o idi ki, onun marağı Qarabağ məsələsinin həll olunmamış qalmasına, sülh sazişinin də, müharibənin də olmamasına, vəziyyəti belə davam etməsinə, əvvəlki vəziyyətə qayıtmağadır, halbuki bunlar qalib ölkə olan Azərbaycan tərəfindən qəbuledilən deyil. Hər bir halda, əvvəla Azərbaycan özünə qonşu olan dövlətlə hansı şəraitdə, sülh, yoxsa müharibə şəraitində olduğunu müəyyən etməlidir. Bununla bağlı qeyri-müəyyənlik bizi, ölkəmizi, xalqımızı qane edən deyil, baxmayaraq ki, Nikol üçün bu qəbulolunan adi normal haldır. Yəqin ki, Ermənistan tərəfini silkələmək lazımdır ki, bunun qəbulolunmazlığını dərk etmiş olsun, əks təqdiqdə daha hansı məğlubiyyətlə qarşılaşacağını anlasın.
Ermənistan ictimaiyyəti, erməni cəmiyyəti, diaspora və siyasi dairələri də özlərini aldatmasınlar. İşğalçılığı dövlət siyasəti olaraq qəbul edənlər, artıq bataqlığa düşmüş, xilas olmaq üçün çabalayan, çabaladıqca isə daha dərinə batanları xatırladır. Hər dəfə də bataqlığa düşənlərin bundan nəticə çıxara bilmədikləri də görünür. Görünən həm də odur ki, həmin o işğalçı ölkəni bu dəhşətli vəziyyətdən ancaq müvafiq silkələnmə çıxara bilər və çox güman ki, bu, onun çox ehtiyac duyduğudur. Ən azından qəflət yuxusunda olanlar, yaxud da hansısa miflərin təsiri altında xəyallar aləmindən çıxa bilməyənlər bu anda silkələnməlidirlər ki, ayılsınlar. Eyni ilə 44 günlük müharibədə silkələndikləri kimi silkələnməsələr 9 noyabr tarixindəki kimi razılaşmalara imza atmaları müşkül olaraq qalır və özlərini də acınacaqlı duruma sürükləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB