İrəvanda davam edən RÜSVAYÇILIQ – TƏHLİL

İrəvanda davam edən RÜSVAYÇILIQ – TƏHLİL

Ermənistan müxalifətinin şənbə günü üçün elan etdiyi etiraz aksiyası bir çox məqamları üzə çıxardı. İşğalçı ölkənin düz paytaxtında, İrəvanın Azadlıq meydanında cəmi 8 min etirazçının toplaşması həmin ölkə müxalifəti üçün, özlərini revanşist adlandıranlar üçün uğursuzluq hesab olunur. Heç şübhəsiz ki, etiraz aksiyasına toplaşanların sayının dəqiq açıqlanmaması da təsadüfi deyildi və bu, Ermənistan müxalifətinin öz uğursuzluğunu gizlətməsi, bədbinlik yaratmamaq niyyətindən irəli gəlir, amma özləri öz uğursuzluqlarını yaxşı görürlər.

“Mübarizəmiz qələbə qazanacaq”, deyən “Daşnaqsütyun” nümayəndəsi, “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyan aksiya zamanı etirazçıları ümidsiz olmamağa çağırıb. Bu isə o deməkdir ki, “Daşnaqsütyun” nümayəndəsi çox yaxşı başa düşüb ki, uğursuzluqla qarşılaşıblar. Məsələ burasındadır ki, etiraf etməyə çətinlik çəkib. Yeganə çıxış yolunu isə aksiyaya gələnlərə vəd verməkdə, təskinlik verməkdə görüb. “Ermənistanda milli hakimiyyət formalaşmalıdır. Bu hökumətin formalaşması üçün isə güc mənbəyi erməni xalqıdır. Bizə xalqımızın qeyd-şərtsiz dəstəyi lazımdır”, deyərək səsini ucaldan Saqatelyanın məhz dəstəyin olmaması qorxusu açıq-aşkar özünü büruzə vermiş olub.

Görünən odur ki, Saqatelyanın və özlərini revanşist adlandıran digər ermənilərin arzularını həyata keçirəcək, heç olmasa buna ümid belə yaradacaq qüvvə, say etiraz etiraz aksiyasında müşahidə edilməyib. Açıq şəkildə görünür ki, erməni xalqı, Ermənistan cəmiyyəti onların avantüralarına qeyd-şərtsiz dəstək nümayiş etdirməyib. “İndiki hakimiyyət nə vaxt gedəcək”, sualı qarşısında aciz qalan, buna cavab verməkdə çətinlik çəkən Saqatelyan konkret bir söz deyə bilməyib. O, həmin suala qeyri-müəyyən cavab vermək məcburiyyətində qalıb. Yəni, əminlik ifadə edə bilməyib. “Bu bir nəfərin məsələsi deyil, bu, mübarizədir, ölüm-dirim mübarizəsi”, deyən “Daşnaqsütyun” nümayəndəsi İşxan Saqatelyan əslində, bununla vəziyyətdən çıxmağa çalışıb.

Qarabağ separatçılarının keçmiş başçısı, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan özü də etiraz aksiyası ilə bağlı ortaya çıxan, təzahür edən uğursuzluğu ört-basdır etmək üçün müəyyən izahata ehtiyac duyub. “Bu son dərəcə çətin, lakin guya ümidsiz olmayan vəziyyətdən çıxış yolu, dəfələrlə qeyd etdiyimiz kimi, ilk növbədə antimilli hakimiyyətin aradan götürülməsindən keçir”, - deyən Sarkisyan əvvəla Ermənistan cəmiyyətinin çətin vəziyyətdə olduğunu etiraf edib. Digər tərəfdən isə, “ümidsiz olmayan vəziyyət”, deməklə, əslində, özünün ümidsizlik kömpleksi keçirdiyini ifşa edib. Həqiqətən də, Ermənistan Respublikasının üçüncü prezidenti olmuş biri üçün bu vəziyyət nəinki acınacaqlıdır, həm də çox rüsvayçı, biabırçıdır.

Xatırladaq ki, özlərinin “anti-milli hakimiyyət” adlandırdıqları Nikol Paşinyan hakimiyyəti Serj Sarkisyanı 2018-ci ildə çox asanlıqla tarixin zibilliyinə göndərib. Amma bu gün qisas almaq niyyəti ilə ortaya atılan Serj bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini də qəbul edir, ümidsiz olmamaq tövsiyyə etməsi fonunda özünün ümidsiz vəziyyətdə olduğunu da ifşa edir. Revanşistlər üçün ən gülünc və rüsvayçı məqam ondan ibarətdir ki, onlar 44 günlük müharibədə məğlub olan, kapitulyasiya sənədini imzalayan birini hakimiyyətdən uzaqlaşdırmaq istədikləri halda, həmin o kapitulyant adlandırdıqları Nikol Paşinyan məğlubiyyətdən sonra da hakimiyyəti öz əlində saxlaya bilib və buna onlar mane belə ola bilməyiblər.

Xatırladığımız kimi, Ermənistan tərəfi müharibədə rüsvayçı məğlubiyyətlə qarşılaşdıqdan sonra, ermənilər məğlubiyyət acısını daddıqdan sonra, Azərbaycanın onilliklər ərzində işğal altında olan ərazilərini qarət edənlərdən ibarət qisasçılar növbədənkənar parlament seçkilərində Paşinyanı devirmək arzusunda olsalar da, arzuları ürəklərində qaldı. Onlar həmin dövrdə, “Vətənin xilası” adı altında hərəkat yaratsalar da, Ermənistanın baş naziri postuna Vazgen Manukyanın namizədliyini irəli sürsələr də bir nəticə əldə edə, kapitulyant kimi göstərdikləri Nikol Vovayeviç Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmədilər. Halbuki, belində çanta, əli sarıqlı küçə nümayişçisi Paşinyan onları, illərlə özünü öz kürsüsündə möhkəmləndirmiş Sarkisyanı, onun komandasını hakimiyyətdən qovmağa nail olmuşdu və bunun üçün çətinlik belə çəkdiyini dilə gətirməmişdi. Yaxud da Nikolun ağlına ümidsizlik barədə nəinki danışmaq, heç düşünmək belə gəlməmişdi və onun həmin proseslərdə tam əminlikdə hərəkət etməsi fonunda indi Ermənistanın müxalifət qüvvələrinin, özlərini revanşist adlandıranların, hətta uzun müddət işğalçı ölkənin hakimiyyət kürsüsündə oturanların bunu bacara bilməməsi, hətta uğursuzluqları, ümidsizliyə düşmələri təkcə zəiflik, bacarıqsızlıq deyil, bu, hər şeydən əvvəl, onlar üçün çox rüsvayçı durumun təzahürü kimi yadda qalır. Elə indi də həmin o olanların ardınca heç istədikləri qədər etirazçı görmədikləri zaman uğursuzluqlarını dərk etmək məcburiyyətində qalıblar ki, bu, sözün əsl mənasında onlar üçün ən böyük rüsvayçılıqdır və rüsvayçılıqlarına hələ bundan sonra da rast gəlinəcəyi zərrə qədər şübhə doğurmur.

Həqiqətən də, erməni xalqı hələ o zaman da revanşistlərə şans vermədi. Heç indi də şans verəcəyini onlar yuxularında da görə bilməzlər. Ən azından bu, heç inandırıcı görünmür. Görünən odur ki, yenə də erməni müxalifəti, revanşistlər ümidsizlik girdabına düşüblər. Doğrudur, Nikol Paşinyan heç də arzu olunan bir ölkə rəhbəri deyil. O, ermənilərin arzuladıqları kimi, gözlədikləri kimi bir lider, ölkə rəhbəri ola bilmədi. Beli çantalı Nikol küçə nümayişlərindən hakimiyyətə özünü daşıyandan sonra ermənilərə “qızıl dağlar” vəd etdiyini heç xatırlamadı belə. Sanki o həmin Nikol deyildi və gündən-günə vəziyyəti pisləşən ermənilərin daha da səfalət içərisinə düşdüklərini hakimiyyəti qamarladıqdan sonra elə bil daha görə bilmədi. O, vədlərini də unutdu, səfalət içərisində olan cəmiyyəti də vecinə almadı. Üstəlik, müharibəni də labüd etdi, ən tez müddətdə, böyük rüsvayçılıqla məğlubiyyətə də, rəzalətə də imza atmalı oldu, hansı ki, bu, erməni cəmiyyəti üçün heç də ürəkaçan sayıla bilməzdi. Həmçinin, minlərlə erməni əsgərinin həyatını itirməsi fonunda hazırki erməni baş nazirinə olan simpatiyadan da danışmaq gülünc olardı. Bütün bunları qeyd etməkdə məqsəd hazırki erməni baş nazirini tərif etmək deyil və Nikol Paşinyan, ona öz ölkəsi daxilində münasibət müzakirə mövzusu da deyil. Amma ən ilginc maraqlı məqam odur ki, erməni xalqı həmin o tarixin zibilliyinə atılmış xuntadansa, cinayətkar hakimiyyətdənsə, revanşistlərdənsə elə kapitulyant dedikləri Nikol Paşinyanı üstün saydı, bəyənmədikləri birini, Nikolu seçməklə, əvvəlki hakimiyyəti neçə arzulamadıqlarını, hətta nifrət etdiklərini göstərdilər və diqqətə çatdırmaq istədiyimiz həmin müqaisədir. Bu müqayisə onu göstərir ki, onların qətiyyən şansları yoxdur və bu rüsvayçılıq, bu xəcalət, bu biabırçılıq əslində, onlar üçün kifayətdir.

Ən rüsvayçı, ən biabırçı məqam isə, hakimiyyəti bərpa etmək üçün yeni cəhdin uğurlu ola biləcəyinə erməni xalqını revanşistlərin aldatmaq, onları inandırmaq istəyidir. Axı ümumilikdə haylar özləri də bəzi məsələləri görməyə başlayıblar və bu gün əgər rüsvayçı durumdadırlarsa, deməli, həmin duruma sürükləniblər. Artıq ermənilərə, sanki “sehrli çubuq” vasitəsilə vəziyyəti dəyişəcəkləri barədə nağıl danışa bilməyən Ermənistan hakimiyyəti də, həmin hakimiyyətə müxalifətdə olanlar da özlərini çox pis durumda hiss edirlər və bu onların hamısı üçün elə rəzalətdir, rüsvayçılıqdır və təbii ki, primitiv ifadələrdən ruhlanaraq, ermənilərin bu rüsvayçılıqlardan sonra onların hansınasa, ələlxüsus da revanşistlərə inanacağı ağıla sığan deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə