"Ermənistana qarşı informasiya savaşı dövlətimizə və xalqımıza qarşı bu ölkədən gələn təcavüzkarlıq siyasəti əleyhinə mübarizəmizin əsas xətt və istiqamətlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hətta ümumi şəkildə bu təcavüzkarlığa qarşı mübarizənin uğurlarının böyük bir hissəsi məhz bu istiqamətdə atdığımız addımlardan, onun nəticəsindən asılıdır və asılı olub: "Necə ki Vətən müharibəsində biz öncədən və müharibə günlərində apardığımız total informasiya mübarizəsi əsasında Ermənistanın dünya miqyasında mövqelərini sarsıda, Ermənistan lobbisinin və diasporunun dünyadakı təsirlərini xeyli dərəcədə məhdudlaşdıra bildik və onun nəticəsi özünü göstərdi. Eynilə də müharibədən sonrakı dövrdə də bu siyasəti davam etdiririk və etdirməliyik".
Aydın Quliyev sözlərinə belə davam edib: "Ermənistanın özünün də təcavüzkar siyasətinin içində bir informasiya müharibəsi var. Ancaq Ermənistanın informasiya müharibəsinin mahiyyətini dezinformasiyalar təşkil edir.
Ermənistan dezinformasiyaları bəllidir ki, iki əsas hədəfə yönəldir. Birincisi Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı siyasətin və Qarabağ uğrunda gedən müharibənin tarixi, müasir həqiqətlərini gizlətmək, təhrif etməkdir. İkincisi isə Ermənistanın özünün Azərbaycana qarşı yürütdüyü təcavüzkarlıq və ərazi iddiaları siyasətinin əsl mahiyyətini dünya ictimaiyyətindən gizlətməkdir".
Ermənistanın dezinformasiya müharibəsinin hədəfləri əsasən bu iki istiqamətdə cəmləşib. Buna görə də düşünürəm ki, Azərbaycanın əsaslı informasiya siyasəti Ermənistanın bu iki məqsədini hədəfləyərək də qurulmalıdır. Biz bunun qurulduğunu görürük.
Azərbaycanın informasiya siyasəti və informasiya müharibəsi həm Ermənistanın Azərbaycana qarşı apardığı dezinformasiya siyasətinin mahiyyətini ifşa etməyə yönəlməli, həm Azərbaycanın özü və haqq işi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını özündə əks etdirməli, həm də Azərbaycanın apardığı mübarizənin həqiqi mahiyyətinə qarşı erməni informativ hücumlarının neytrallaşdırılması və ifşa edilməsini hədəfləməlidir. Düşünürəm ki, bu üç istiqamətdə qurulan və qurulacaq informasiya savaşının mütləq şəkildə nəticələrini görəcəyik və görürük.
Ermənistanın Azərbaycana qarşı informasiya siyasəti dezinformasiyalar üzərində qurulduğuna görə onun heç bir perspektivi yoxdur. Amma sakit dayanmamalıyıq və dayanmırıq. Azərbaycanın informasiya savaşı təcavükara qarşı ədalətli müharibəmizin tərkib hissəsidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB