"Təxribatçı hərəkət BBC-nin imicinə böyük ləkədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Təxribatçı hərəkət BBC-nin imicinə böyük ləkədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu cür təxribatçı hərəkət BBC kimi nüfuzlu bir xəbər agentliyinin imicinə çox böyük ləkədir. Məsələni araşdırmadan hansısa bir ölkə haqqında yalan məlumat yaymaq heç də ona yaraşan bir addım deyil. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Ermənistanın rəsmi dairələri və xaricdəki erməni diasporu dairələri bizə qarşı separatizmi dəstəkləyirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, onlar Azərbaycanın Qarabağ iqtisadi zonasında gedən prosesləri dünyaya təhrif olunmuş şəkildə çatdırmağa çalışırlar: "Heç bir problem olmadığı halda Laçın dəhlizi və Qarabağda yaşayan ermənilərin humanitar böhran yaşadığı barədə yalan fikir formalaşdırmağa çalışılır. Azərbaycanın mövqeyi göz qabağındadır. Ağdam-Əskəran yolunda ərzaqla dolu Azərbaycanın yük maşınları dayanaraq rus sülhməramlıları ilə danışıqlar aparır".

"Laçın dəhlizi açıq fəaliyyət göstərir. Ermənilərin hər iki tərəfə gediş-gəlişi üçün hansısa bir problem yoxdur. BMT TŞ-da Laçın dəhlizi ilə bağlı aparılan müzakirələrdə Şuranın əksər üzvləri Azərbaycanın ədalətli mövqeyini müdafiə etdilər. BBC-nin iki ermənini efirə çıxardaraq Azərbaycan haqqında yalan yaymasının arxasında ya siyasi təxribat, ya da sadəcə olaraq maddi maraqlar durur. Təəssüf ki, BBC buna uydu. Əlbəttə ki, Azərbaycan özünə qarşı olan bu cür təxribat qarşısında heç vaxt sakit dayana bilməz",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə