İqtisadi inkişaf, biznes, məşğulluq sahəsində NİKBİN PROQNOZLAR - TƏHLİL
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrinin sürətlə reallaşdırılmasının həmin ərazilərin, eyni zamanda, iqtisadi baxımdan irəliləyişinə təkan verdiyi göz önündədir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan da görünür ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi artım əhəmiyyətli dərəcədədir və statistik göstəricilər gələcək perspektivlər üçün daha nikbin düşünməyə əsas verir.
Statistik göstəricilərə görə, bu ilin birinci yarısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,2 mindən çox fərdi sahibkar fəaliyyətə başlayıb və cari ilin birinci rübü ərzində yeni iş yerlərinin sayı düz 2,4 dəfə artıb. Həmçinin göstəricilər önu deməyə əsas verir ki, Qarabağ iqtisadi rayonunda özünüməşğulluq və mikro-biznes layihələri çox fəal, çox sürətli şəkildə inkişaf edir. Deməli, dövlətimizin ayırdığı maliyyə və infrastrukturun sürətli şəkildə bərpası iqtisadi aktivliyə, biznes sahəsinin inkişafına, məşğulluq səviyyəsinin artmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir və artıq öz bəhrəsini də verir.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 2021-2023-cü illər üçün işğaldan azad edilmiş ərazilərin bərpasına ümumi xərclər 9,7 milyard manat təşkil etməlidir. Bu, çox böyük bir rəqəmdir və qeyd olunduğu kimi, proseslərə, ələlxüsus da iqtisadi məsələlərə, məşğulluq məsələlərinə öz müsbət təsirini göstərməkdədir, özü də dinamik şəkildə. Həmçinin nəzərə almaq lazımdır ki, görülən işlər həmin ərazilərə qayıdacaq vətəndaşlarımızın rifah halı, sosial durumu, yaşayış şəraiti üçün mühüm əhəmiyyət kəsb edir. Böyük qayıdış proqramının həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə yaşayış və sosial infrastrukturun yaradılması, aqrosənaye klasterlərinin formalaşdırılması nəzərə alınmaqla 2027-ci ilədək 35 minə yaxın keçmiş məcburi köçkünün tədricən buraya qayıtmasına şəraitin yaradılması deməkdir. İşğaldan azad edilən ərazilərə geri dönüş, orada iqtisadi aktivliyin artması, biznes mühitinin yaxşılaşdırılması və biznesin inkişadı, yeni iş yerlərinin formalaşmasında mühüm rol oynayır. Azad edilən ərazilərdə şəhərlər və kəndlər minlərlə inşaatçının çalışması sayəsində canlanır. Bundan sonra da həmin ərazilərdə çoxlu sayda mühəndislərin, xidmət, layihə, konsaltinq və nəqliyyat şirkətlərinin mütəxəssisləri çalışacaq, çoxlu sayda mütəxəssislər irimiqyaslı mənzil tikintisinin həyata keçirilməsinə, o cümlədən paylayıcı və kommunal infrastrukturun çəkilməsinə, sosial və kommersiya obyektlərinin tikintisinə cəlb olunacaqlar. Təbii ki, bütün bunlar məşğulluq səviyyəsinin nə dərəcədə artacağını təsəvvür etmək üçün kifayət edir. Bu isə, öz növbəsində, həmin ərazilərimizə qayıdacaq vətəndaşlarımızın yaşayış səviyyəsinin, rifah halının, sosial durumunun hansı səviyyədə olacağı barədə nikbin düşünməyə əsas verir.
Nümunə üçün qeyd edək ki, məsələn, Ağdam Sənaye Parkı yeni iş yerlərinin yaradılmasına və investisiyaların cəlb edilməsinə mühüm töhfə verəcək. Nəzərə alsaq ki, birinci mərhələdə buraya 50 milyon manatdan çox investisiya qoyuluşu, sonrakı dövrdə investisiyaların 100 milyon və daha çox artırılması planlaşdırılır, deməli, gəldiyimiz qənaətdə haqlıyıq. Bundan əlavə, Araz Vadisi iqtisadi zonasına 30 milyon manatdan çox vəsaitin daxil edilməsi, ardınca isə investisiya axınının dəfələrlə artması gözlənilir ki, elə yalnız inkişafın zirvəsində olan bu iki böyük sənaye klasteri yeddi-səkkiz mindən çox insanın işlə təmin olunması deməkdir. Bütün bunlar da hələ son deyil və nəzərə almaq lazımdır ki, sadalananlarla yanaşı, kənd təsərrüfatı, mədənçıxarma, turizm sektoru da iqtisadi irəliləyişə, məşğulluq səviyyəsinin artmasına öz töhfəsini verəcək. Proqnozlara əsasən, 2030-cu ilə qədər Qarabağ bölgəsində, əsasən sənaye parklarında, kənd təsərrüfatı və mədənçıxarma sektorlarında və turizm sektorunda bir neçə on minlərlə iş yerinin açılacağı gözlənilir. Elə təkcə kənd təsərrüfatı sahəsində - 15 mindən 17 minə qədər, mədənçıxarma sənayesində - 1,5 mindən 2 minədək, turizm sektorunda-təxminən 1,5-2 minə qədər, kiçik və orta biznes sahələrində 10 mindən 11,5 minə qədər iş yeri təklifi olmalıdır və məhz bu istiqamətdə də durmadan fəaliyyət planları həyata keçirilməkdədir, bu məqsədə nail olmaq üçün də çalışılır.
İşğaldan azad edilmiş ərazilərdə xarici kapitalın iştirakı ilə bir sıra iri aqrar-sənaye və xidmət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur ki, niyyət də elə həmin məqsədlərə nail olmaqdır. Qarabağ bölgəsinin faydalı qazıntı ehtiyatlarının, o cümlədən, qızıl və mis yataqlarının işlənilməsi, həmçinin turizm sahəsi, kənd təsərrüfatı məhsullarının emalı, geyim və istehlak malları, tikinti materialları istehsalı və başqa sahələrdə Türkiyə şirkətləri çalışırlar. Bununla yanaşı, Qarabağda biznes təşəbbüslərini həyata keçirmək istəyən Qazaxıstan şirkətlərindən çoxlu müraciətlər daxil olub. Artıq Macarıstan, Özbəkistan, Böyük Britaniya, İsrail, Pakistan, ümumilikdə, dünyanın 40 ölkəsindən sahibkarlardan bir sıra təkliflər qeydə alınıb. Biznes nümayəndələri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmiş potensial layihələrin sayı artıq 1500-ə çatır, hansıki bu müraciətlərin ümumi sayının üçdə birinə yaxın hissəsi xarici şirkətlərin payına düşür. Deməli, işğaldan azad edilmiş ərazilərimizə maraq günü-gündən artıq və bu da, öz növbəsində, hər bir sahədə dinamikanın olacağı deməkdir.
Artıq statistik göstəricilər bir sıra məqamlardan xəbər verir və vəziyyətin nə yerdə olduğunu, hansı irəliləyişlərin əldə edildiyini, ümimiyyətlə nəticələri ortaya qoyur. Beləki, Azərbaycan Dövlət Statistika Komitəsinin mətbuatda dərc olunan hesabatında bildirilir ki, 2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda 69 yeni müəssisə və təşkilat, o cümlədən 1238 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Bunun nəticəsində, yəni həyata keçirilən təşəbbüslər, görülən işlər nəticəsində 623 yeni iş yeri açılıb. Keçən ilin analoji dövrü, yəni ötən ilin birinci yarısı ilə müqayisədə yeni müəssisə və təşkilatların sayı 68 faiz, fərdi sahibkarların sayı 11 faiz artdığı bəlli olur. İşğaldan azad edilmiş ərazilərdə kiçik və orta sahibkarlıq subyektlərinin fəallığının artmasının aparıcı qüvvəsi Füzuli, Zəngilan, Laçın və Ağdam rayonları, həmçinin keçmiş məcburi köçkünlərin geri qayıtma sürətinə görə lider olan Şuşa şəhəri hesab olunur. Yaşayış və sosial obyektlərin tikintisinin həcmi bu rayonlarda daha çoxdur. Son statistik məlumata görə, fəaliyyət göstərən fərdi sahibkarların sayına görə Ağdam rayonu liderdir. Ümumiyyətlə, statistikaya nəzər saldıqda görürük ki, fəaliyyət göstərən fərdi sahibkarların sayı Ağdam rayonunda 472, Füzuli rayonunda 333, Laçın rayonunda 117, Qubadlı rayonunda 97, Cəbrayıl rayonunda 73, Zəngilan rayonunda 48 olub.
Diqqətə çatdıraq ki, 2017-ci ildən etibarən, yəni son 6 ildə dövlət tərəfindən özünüməşğulluq proqramı həyata keçirilir və bu proqram özünü doğruldub. Beləki, bu zamana qədər 60 mindən çox işsiz ailəyə mikro və kiçik biznesin yaradılmasına köməklik göstərilibdir. Hətta 2023-cü ilin sonuna qədər 17 minə yaxın Azərbaycan vətəndaşının fərdi sahibkarlığın və özünüməşğulluğun inkişafı layihələrinə cəlb edilmədi planlaşdırılır. Elə bütün bunlara olan maraq dairəsində Qarabağ bölgəsində özünüməşğulluq layihələrində iştirak etməyə hazır olan keçmiş məcburi köçkünlərin və digər Azərbaycan vətəndaşlarının sayı artmaqdadır. Bu gün özünüməşğulluq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əmək resurslarının cəlb edilməsi, iş adamlarına inventarların, avadanlıqların, xırda heyvandarlıq təsərrüfatlarının inkişafı üçün maliyyə vəsaitlərinin verilməsi, digər sahələrdə layihələrin həyata keçirilməsi də diqqət mərkəzindədir. Məqsəd, kənd təsərrüfatı sektoru, həmçinin kiçik xidmət və pərakəndə ticarət obyektlərinin yaradılması, onların sayının daha da artırılmasıdır ki, bütün bunlar nəticə etibarı ilə istisadi inkişafı şərtləndirən amillərdən sayılır.
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Laçın və Füzuli rayonlarında da analoji işlər fəal şəkildə həyata keçirilir. Diqqətə çatdıraq ki, bu yaxınlarda Laçında 35-ə yaxın şəxs özünüməşğulluq proqramında iştirak etmək üçün artıq qeydiyyatdan da keçib. Təbii ki, onlar üçün biznes təlimləri təşkil olunacaq, bunun ardınca isə mikrobiznes yaratmaq üçün onlar lazımi vəsaitlərlə təmin olunacaqlar. Eyni ilə Füzuli rayonunda da yaxın zamanda bunun şahidi ola biləcəyik və bu rayonda da qısa müddətdə 144-ə yaxın ailə üzvünün müxtəlif özünüməşğulluq təşəbbüslərinə cəlb olunacağı, fərdi sahibkarlıq və peşə hazırlığı kurslarına cəlb ediləcəyi gözlənilir. Deməli, özünüməşğulluq proqramı artıq özünü nəinki doğruldub, hətta bu proqrama olan maraq da göz önündədir və vətəndaşlar bundan kifayət qədər yararlanırlar. Deməli, Bərdədə Qarabağ regional DOST mərkəzinin və Qarabağ regional peşə hazırlığı mərkəzinin açılması bu baxımdan son dərəcə mühüm addım sayılır. Qeyd edək ki, Qarabağ DOST mərkəzinin fəaliyyət dairəsinə doqquz inzibati rayon daxil olacaq və burada 15 istiqamət üzrə bir pəncərə əsasında 159 xidmət göstəriləcək. Həmçinin, Qarabağ həmkarlar ittifaqı mərkəzində dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, o cümlədən 1200 nəfər vətəndaşın 48 peşə üzrə illik təlim keçməsi üçün infrastruktur formalaşdırılıb. Bu, artıq dinamik inkişafdan xəbər verir və yüksək göstəricilər vəd edir. Çünki təlim keçəcək, öyrədiləcək, peşə və ixtisas veriləcək mütəxəssislər yaxın onillikdə Qarabağ iqtisadi rayonunun iqtisadi artımının təkanverici qüvvəsi olacaq. Sözsüz ki, görülən işlər bizə nikbin proqnozlar söyləməyə əsas verir və görünən odur ki, iqtisadi artım dinamikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB