Son sözü yenə Azərbaycan deyəcək
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqlarda fasilə Qarabağda bir sıra həlli vacib məsələləri üzəçıxarıb. Vəziyyətə uyğun qalmaqallar və mübahisələr də dolu olub. İrəvan və Qarabağdakı separatçılar Azərbaycanı təkcə “Laçın yolunu bağlamaqda” deyil, həm də “soyqırımı”nda ittiham etməsi prosesi yaxından izləyən beynəlxalq təşkilatları belə “pat” vəziyyətinə salıb. Maraqlı budur ki, dünyanın tanıdığı, lakin Qarabağda baş verənlərdən bixəbər kimi görünən bəzi tanınmışlar, daha dəqiq desək Beynəlxalq Cinayət Məhkəməsinin birinci prokuroru Luis Moreno Okampo kimilər erməniləri dəstəkləməklə özlərini gülünc vəziyyətə salırlar. Halbuki, rəsmi Bakı güzəştə getməyə hazırlaşmır və metodik şəkildə təkrar edir ki, məsələ ölkə daxilində həll olunmalıdır və Qarabağ ermənilərinin iki yolu var - Azərbaycan vətəndaşı olmaq və ya getmək.

Sakitlik zamanı fırtına
Gərgin Azərbaycan-Ermənistan sülh danışıqlarında fasilə yaranıb - sonuncu təmas iyulun sonunda Moskvada baş tutub. Diplomatik sakitlik fonunda iki ölkənin sərhədində və Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanatların və ittihamların çoxluğu xüsusilə nəzərə çarpır. İrəvan və Xankəndidə yaşayan ermənilər Azərbaycanı “blokada”da ittiham edirlər. Bu, ötən ilin dekabrında ekoloji fəalların tanınmamış "dqr"-ı Ermənistanla birləşdirən yolu bağlaması ilə başladı. Aprel ayında Laçın yolunda tam hüquqlu Azərbaycan nəzarət-buraxılış məntəqəsi peyda oldu və mülki vətəndaşlar buradan sərbəst şəkildə Ermənistana və əks istiqamətə hərəkət edə bilirlər. Amma bəzi istisnalar da var ki, bu da cinayət törətmiş şəxslərlə bağlıdır. Ötən ay Azərbaycan sərhədçiləri Xocalı rayonunun Meşəli kəndində qətliamlar törətmiş Vaqif Xaçatryanı saxlayıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilində “müalicə” üçün Ermənistana getmək istəyən bu cinayətkarın arzusu ürəyində qalıb. Rəsmi orqanların açıqlamasına görə, o, birinci Qarabağ müharibəsində törətdiyi soyqırımı cinayətlərində iştirak etdiyi üçün saxlanılıb. İrəvan isə qarşılıqlı iddialarla çıxış edib.
Bakı “blokada" ilə bağlı ittihamları rədd edir və bildirir ki, Laçındakı post qanuni əsaslarla dayanır, Ermənistan da daxil olmaqla, bütün Qarabağın Azərbaycana mənsub olması ilə bağlı heç kim mübahisə etmir. Ermənistanın baş naziri Nikol Paşinyan bu il dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən tanınması ilə bağlı bəyanatlar verib və bundan belə nəticə çıxır ki, Ermənistan tərəfi bütün Qarabağı, o cümlədən onun hələ Bakının nəzarətində olmayan hissəsini qonşu ölkənin ərazisi kimi tanıyır.
Rusiya da eyni mövqedən çıxış edir. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin rəhbəri Denis Qonçar avqustun 4-də TASS-da dərc olunmuş müsahibəsində sülh danışıqlarındakı vəziyyəti şərh edərək deyib: “Biz hələ də bir sıra mürəkkəb məsələlər üzrə həll yolları tapmalıyıq. Onlardan ən mühümü Azərbaycanın qanunvericilik bazası çərçivəsində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunmasının təmin edilməsi problemidir”. Qarabağdakı erməni separatçılar isə bu mövqe ilə qəti şəkildə razılaşmırlar.
Onlar özlərinin iddialarını fəal şəkildə təbliğ edir, eyni zamanda, Qarabağ ermənilərinin problemini öz daxili işləri adlandırdıqları Bakının oyununu pozmağa ümid edərək məsələni “beynəlmiləlləşdirməyə” çalışırlar. İrəvan da, Xankəndidəki ermənilər də Azərbaycanın guya “soyqırımı” siyasəti yürütdüyünü iddia edirlər.
İyulun 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bolqarıstan, Yunanıstan, İspaniya və Litvanın xarici işlər nazirləri Mariya Qabriel, Giorgos Gerapetritis, Xose Manuel Albares Buenoya, Qabrielius Landsberqisə, eləcə də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Yuri Kimlə söhbətində “Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində yaranmış Qarabağda vəziyyətin gərginləşməsi haqqında” əhvalatı danışıb. XİN başçıları erməni həmkarlarının fikirlərinə bir o qədər də əhəmiyyət verməyiblər.

BMT-yə səsləndi
Avqustun 8-də Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan BMT-ni təcili olaraq Azərbaycana təsir göstərməyə və onu Laçın dəhlizinin blokunu açmağa məcbur etməyə çağırıb. O, "Artsaxın blokadası” nəticəsində törədilmiş “soyqırımı və humanitar fəlakəti” müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağa, habelə Azərbaycanı Laçın yolunu dərhal açmağa məcbur edən qətnamə qəbul etməyə çağırıb. Bundan əlavə, Arayik Rusiya, ABŞ, Fransa, Avropa İttifaqı, Avropa Şurası, eləcə də Ermənistandan vəziyyətə təcili müdaxilə etməyi xahiş edib. “Laçın dəhlizinin blokadası tək bir epizod deyil. O, Azərbaycanın “Artsax xalqını məhv etməyə yönəlmiş planlaşdırılmış genişmiqyaslı və əlaqələndirilmiş siyasətinin tərkib hissəsi kimi qəbul edilməlidir”, deyə mesaj göndərib.
Arayik Arutyunyan Ermənistan rəhbərliyinə ayrıca müraciət edib: “Heç bir bəyanat və ya hərəkət Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu şübhə altına almamalı və ya Azərbaycanın gələcək təcavüzkar hərəkətlərinə töhfə verməməlidir”. Bu sözlər birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsini şübhə altına almağa hesablanmış çağırış kimi oxunmalıdır. Arutyunyan deyib ki, heç kimin “Artsax adından belə bəyanatlar verməyə haqqı yoxdur”. Ermənistan rəhbərliyi isə məsələyə başqa tərəfdən yanaşaraq Qarabağ məsələsinin onun Azərbaycanla müzakirə predmeti olmadığını dəfələrlə qeyd edib. O bildirib ki, təkcə Ermənistan vətəndaşları deyil, bütün erməni xalqı adından belə qərarlar qəbul etməyə nə qanuni, nə də mənəvi səlahiyyəti yoxdur. Rusiyalı oliqarx-milyarder, Qarabağda Kremlin maşası sayılan Ruben Vardanyan isə Qarabağ məsələsini “bütün erməni dünyasının məsələsidir” deyə qeyd edib.
Beynəlxalq Cinayət Məhkəməsinin birinci prokuroru Luis Moreno Okamponun avqustun 7-də hazırladığı və dərc etdiyi hesabat ən azı informasiya baxımından erməni tərəfinin işinə qismən yarayıb. Okampo giriş sözündə qeyd edir ki, onun məqsədi Azərbaycanın hərəkətlərinin nə üçün "Qarabağın etnik ermənilərinə qarşı “soyqırımı” kimi qiymətləndirilməli olduğunu" izah etməkdir. “Burada krematoriya hücumları yoxdur. Aclıq soyqırımın görünməz silahıdır. Dərhal kardinal dəyişikliklər edilməzsə, ermənilərin bu qrupu bir neçə həftə ərzində məhv ediləcək”, Luis Moreno Ocampo qeyd edir. Bu şəxs guya uzun illərin təcrübəsinə söykənərək bu fikirləri səsləndirir. Bəs 30 il ərzində 1 milyondan artıq azərbaycanlı Qarabağ və ətraf rayonlardan məcburi qaydada çıxarılanda “dünya şöhrətli” hüquqşünas harada itib-batmışdı, azərbaycanlılar əsir götürülərkən, öldürülərkən, diri-diri yandırılarkən harada idi “möhtərəm Osampo cənabları. Bəlkə humanitar ifadəsi yalnız ermənilərə aid edilə bilər. Ermənilərdən başqa yerdə qalan millətlər buhüquqdan istifadə edə bilməzlər. Dünua şöhrətli prokuror sözlərini seçərkən, münasibət bildirərkən ehtiyatlı olmalıdır. Əks təqdirdə proseslər ona qarşı yönələ bilər. Beynəlxalq Cinayət Məhkəməsində prokuror kimi çalışmaq ona kimisə, baş verməyən hansısa cinayətdə ittiham etməyə yetərli deyil.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, sənəd qərəzlidir və real vəziyyəti təhrif edir, ciddi faktiki və hüquqi səhvlər ehtiva edir. “Azərbaycan Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olunması və Qarabağ bölgəsində yaşayan ermənilərin öz konstitusiyasına uyğun olaraq reinteqrasiyası, hüquqlarının, təhlükəsizliyinin və öhdəliklərinin təmin edilməsi istiqamətində ardıcıl səylərini davam etdirəcək”, - deyə Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 1-də Euronews telekanalına müsahibəsində Bakının vəziyyətə münasibətini kifayət qədər sərt şəkildə açıqlayıb. Bildirib ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində - Qarabağda yaşayan insanlar seçim etməlidirlər, bizim vətəndaşlığımızı qəbul edib etnik azlıq kimi yaşamaq istəyirlərsə burada qala bilərlər, ya da ərazini tərk edib getməlidirlər.

Bakı göz yaşlarına inanmır
Moskvada vəziyyət çox mürəkkəb kimi qiymətləndirilir və onlar hesab edirlər ki, Bakı güzəştə getmək niyyətində deyil. Qərblilərin, beynəlxalq təşkilatların vəziyyəti birtəhər sakitləşdirmək cəhdləri heç bir nəticə vermir. Bakı geri çəkilmir. Qarabağdakı separatçılar da ara-sıra müqavimət şousu da göstərirlər. Qarabağda yaşayan ermənilər üçün Bakının təklif etdiyi alternativ tədarük marşrutu olan Ağdam-Xankəndi təklifi də “ac ermənilər” tərəfindən rədd edilir. Rusiya mənbələri isə məsələyə bir az fərqli tərəfdən yanaşaraq, çeynənilmiş bir üsulu ortaya atırlar. Qeyd edirlər ki, regionda digər kommunikasiyaların cəlb edilməsi mövzusunun müzakirəsi 9 noyabr tarixli Üçtərəfli Bəyanatın altıncı bəndinə uyğun olaraq, Laçın yolunun açılmasından və Rusiya sülhməramlı kontingenti tərəfindən bu marşruta tam nəzarətin bərpasından sonra mümkün ola bilər. Bununla da Rusiya özünü düşündüyünü bir daha göstərir.
Rusiya dövlət strukturlarında Ağdamdan keçən yolun sonda açılacağına inam var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilkin olaraq həm Azərbaycan tərəfi, həm də Qarabağda yaşayan ermənilər tərəfindən razılaşdırılan variant təklif etdiyini bildirib. Mahiyyəti ondan ibarət idi ki, Ağdamdan keçən yol açılsa BQXK vasitəsilə lazım olan hər şeyin oradan çatdırılmasına başlanıla bilər. Və bu yerdə hərəkət başlayandan düz bir gün sonra Moskvanın təklifinə əsasən Laçın yolunda da nəqliyyatın hərəkəti bərpa edilə bilər. Xankəndi erməniləri isə Laçın yolunun 24 saat ərzində deyil, dərhal açılmasını tələb edəndən sonar məsələnin həlli yenə dalana dirənib. Ermənilərin “Vaqif Xaçatryanın azad edilməsindən sonar humanitar yüklər daşına bilər” şərti isə ölü doğulduğu kimi də öldü.
“Biz gözləyirik ki, beynəlxalq strukturlar və dövlət rəhbərləri Azərbaycanın Qarabağda yaşayan ermənilərə qarşı törətdiyi beynəlxalq cinayətlərə son qoymaq üçün sözdən əmələ keçəcəklər”, - Masis Mailyan deyir. Reallıq budur ki, regionda nüfuz uğrunda bir-biri ilə rəqabət aparan oyunçuların heç biri Azərbaycana şifahi təsirdən kənara çıxmağa hazır görünmür. Rusiya, Aİ və ABŞ Bakı ilə İrəvan arasında potensial sülh müqaviləsini birdəfəlik dəfn etməmək üçün ehtiyatlı davranır və paralel olaraq əsas sülhməramlı olmaq hüququ uğrunda yarışırlar.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB