GALLUP sorgusu ilə üzə çıxan MƏNZƏRƏ – TƏHLİL

GALLUP sorgusu ilə üzə çıxan MƏNZƏRƏ – TƏHLİL

Son illər aparılan sorğuların da, seçkilərin də nəticələri təsdiq edir ki, erməni cəmiyyəti Ermənistanda dəyişiklik istəmir. Ermənilərin belə dəyişiklik istəməməsinin səbəbi ölkə hakimiyyətinə inamın, etibarın olması, yaxud onun dəstəklənməsi demək deyil, sadəcə olaraq, mövcud hakimiyyətə alternativin olmamasından irəli gəlir. Daha dəqiq desək, görünən odur ki, ermən cəmiyyəti bir zaman küçə və meydanlarda pafoslu çıxışlar edən əli sarıqlı, beli çantalı nümayişçiyə artıq güvənməsə də, ondan əvvəlkilərə, həmin cəmiyyətin bərbad vəziyyətə düşməsinə səbəbkar olanlara, hazırkı erməni müxalifətinə ümumiyyətlə, inanmır və belə demək mümkünsə, onları heç yaxına belə buraxmaq istəmir. Bu fakt özünü həm seçkilərdə, həm mitinqlərdə, həm də sorğularda dəfələrlə təsdiq edib və bu gün də təsdir etməkdədir.

Doğrudur, bir zamanlar heç də sorğulara etibar edilmirdi. Məsələn, SSRİ dövründə sosioloji sorğuların məxsusi olaraq, hakimiyyətin maraqları naminə keçirildiyi düşünülürdü. Hətta həmin sorğuların məhz hakimiyyətin sifarişi ilə təşkil olunduğu qənaətində olanlar da azlıq təşkil etmirdi. Məsələ burasındadır ki, artıq indiki zamanda sorğular hökumətin sifarişi ilə deyil, mötəbər xarici strukturlar tərəfindən aparılır və bu zaman sorğunun nəticələrinə etibar etməmək məntiqi deyil. Elə erməni cəmiyyəti də yaxşı bilir ki, mötəbər xarici strukturlar tərəfindən təşkil olunan sorğuları etibarsız saya bilməz və hazırkı sorğular həmin cəmiyyətin hansı durumda olduğunun elə həmin cəmiyyətin özü tərəfindən də etiraf edilməsi deməkdir.

Ermənistanla bağlı Amerikanın ictimai rəy institutu olan GALLUP Beynəlxalq Assosiasiyasının apardığı sorğunun nəticələrinə nəzər saldıqda görürük ki, bu sorğuda həqiqətən də erməni cəmiyyətinin etirafları öz əksini tapıb. Görürük ki, həqiqətən də aparılan sorğu erməni cəmiyyətindəki əhval-ruhiyyəni tam çılpaqlığı ilə ortaya qoyub. Hətta, belə demək mümkünsə, GALLUP kimi mötəbər xarici struktur tərəfindən aparılan sorğu işğalçı ölkədə cəmiyyətin nəbzini ifadə etmiş olub və mövcud durumun nə vəziyyətdə olduğu da öz əksini tapıb.

Diqqətə çatdıraq ki, ötən həftənin cümə günü İrəvanda keçirdiyi mətbuat konfransında GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan ictimaiyyətə sorğunun nəticələrini təqdim edib və nəticələr, hətta erməni cəmiyyətinin vəziyyəti barədə bilməyənlərdə belə kifayət qədər aydın təsəvvür yaradır. Sorğuların nəticələri hakim “Mülki Müqavilə” fraksiyasının yenə də parlament seçkilərində qalib gələcəyindən xəbər verir. Eyni zamanda, nəticələr onu deməyə əsas verir ki, respondentlərin 13,3%-i Dövlət Dumasına, 3,8%-i “Ermənistan” blokuna, 1,8%-i “Çiçəklənən Ermənistan”a, 1,5%-i isə “Mənim şərəfim” fraksiyasına səs verəcək. Ən böyük uğursuzluq yenə də “Daşnaqsütyun” üçün gözlənilir. Belə məlum olur ki, respondentlərin maksimum 0,8%-i ona səs verə bilər. Bu anons erməni cəmiyyəti barədə yetərincə məlumatlanmaq üçün kifayət edir və bir çox mətləblərdən xəbər verir.

Navasardyanın mətbuat konfransında ictimaiyyətə açıqladığı rəqəmlərdən, statistikadan belə məlum olur ki, Ermənistan vətəndaşları bundan sonra ümumiyyətlə, seçkiyə getmək fikrində deyillər. Yəni, ilk öncə də qeyd etdiyimiz kimi, ermənilər seçim etmək kimi bir qərar verməyiblər. Bir halda ki, respondentlərin 36,3 %-i ümumiyyətlə seçkiyə getməyəcəklərini bildiriblərsə, deməli, belə qənaətə gəlməkdə haqlıyıq. İndi ermənilər özləri hamıdan yaxşı bilirlər və fərqindədirlər ki, siyasi rəqiblər arasında çox böyük bir uçurum var. Ən çox diqqət çəkən isə, belə bir siyası vəziyyət heç ermənilərin özləri üçün qəribə, yaxud qeyri-adı görünmür. Görünür, elə buna görə də işğalçı ölkədə insanlar öz fikirlərini açıq şəkildə söyləməkdən çəkinməyiblər və seçkilərin qətiyyən onların maraqları daxilində olmadığını açıq-aşkar şəkildə bildiriblər.

Əlbəttə ki, Nikol Paşinyanın bugünkü reytinqi 2018-2019-cu illərdə onun erməni xalqı qarşısında pafoslu çıxışlar etdiyi zamankı qədər ola bilməz. Həmin dövrlərdə öz xalqına qızıldan dağlar vəd edən birinə heç 2020-ci ilin birinci yarısında göstərilən etimad belə indiki dövrlə müqaisəyə gəlməz. Sözsüz ki, 44 günlük müharibədə düçar olduqları rüsvayçı məğlubiyyətin fonunda Nikol barəsində hansısa erməninin yüksək fikirdə olması mümkün deyil. Bununla yanaşı, rəsmi İrəvanın diplomatik müstəvidə də məğlubiyyətlərlə üzləşməsi erməni baş nazir üçün arzuolunan sayılmır və ona olan son ümidlərin belə sarsılması deməkdir. Üstəlik, işğalçı ölkənin rəzalətlə qarşılaşması, səfil vəziyyətə düşməsi, miqrasiyanın günü-gündən artması erməni baş nazirin yox dərəcəsində olan nüfuzunu tamamilə sıfıra endirmiş olub.

Görünən odur ki, bütün bunlara, yəni erməni baş nazirə olan etimadın, etibarın sıfıra enməsinə baxmayaraq, yaxın gələcəkdə seçkilər baş tutsa, Nikol yenə asanlıqla qalib gələ biləcək. Sorğunun nəticələrindən görünür ki, Koçaryan, Sarkisyan, daşnaklar və digər müxalifət qüvvələri bir blokda birləşsələr belə istəklərinə nail ola bilməyəcəklər və Paşinyanı məğlub etmək onların yuxularına da girə bilməz. Belə məlum olur ki, respondentlərin böyük əksəriyyəti sadəcə olaraq, Paşinyanı özlərinə daha az zərərverici, daha kiçik şər hesab edirlər və hələlik onu digərlərinə baxanda məqbul sayırlar. Ermənistanda insanlar dəyişiklik haqqında da ona görə düşünmürlər və elə hesab edirlər ki, Koçaryan, Sarkisyan kimi əbədi nifrətə layiq olanlardansa, hələlik, yenə də Nikol qalsa yaxşıdır.

Erməni cəmiyyəti hərdən küçə və meydanlara üz tutur və mövcud hakimiyyətə qarşı narazılığını da ifadə edir. Amma göründüyü kimi, əvvəla, İrəvann küçələrində təşkil olunan etiraz aksiyalarında sona qədər iddialı şəkildə çıxış edilmir. Digər tərəfdən də axı etirazçıların sayı da göstərir ki, Paşinyandan nə qədər narazı olsalar belə, sonda Ermənistan vətəndaşları Koçaryana və Sarkisyana deyil, könülsüz də olsa, ona Vovayeviçə səs verəcəklər, hansıki sorğunun nəticələri də bunu təsdiq edir. Ermənistanda müxalifət qüvvələri Nikol Paşinyanın istefası tələbi ilə nə qədər çıxış etsə də, indiki hakimiyyətə qarşı nə qədər kəskin mövqe nümayiş etdirsə də, bunun, etiraz aksiyalarının çoxsaylı, yaxud izdihamlı olmaması bəzi məqamlardan xəbər verir. Ermənisyan müxalifətinin, əvvəlki hakimiyyətin, xunta rejiminin, cinayətkar rejimin indiki hakimiyyəti devirmək üçün lazım olan kütləni toplaya bilmədikləri göz önündədir və buna görə də heç bir nəticə verə bilmir, hansıki sorğunun nəticələri də bunu açıq-aydın şəkildə təsdir edir.

Ermənistanın mövcud hakimiyyəti erməni cəmiyyətini qane etməsə də, Paşinyanın hələlik real alternativi gözə dəymir, çünki onun güclü və bir dənə də olsa gənc siyasi rəqibi yoxdur. Məsələn, 2018-ci ilin yazında olduğu kimi, müxalifət xalq dəstəyinin onda birini belə toplaya bilmirsə, vəziyyətin nə yerdə olduğunu ermənilər özləri hamıdan yaxşı bilirlər. Əgər Koçaryanın, Sarkisyanın və daşnakların düşərgələrində bu günə qədər vəziyyətin dəyişəcəyinə inanılırdısa, sorğunun nəticələri onları çox məyus etmiş oldu. Ona görə məyus etmiş oldu ki, Ermənistandakı siyasi Olimpi fırtına ilə ələ keçirə bilən, erməni cəmiyyətini qızışdırıb vəziyyəti dəyişdirə bilən gənc siyasətçilərin olmadığı aydın şəkildə üzə çıxdı. Üzə çıxdı ki, “keçmişin” düşərgəsində olanlara, Koçaryan və Sarkisyan kimi əclaflara kimsə inanmır və onların Ermənistanı məhvə sürüklədiyi erməni cəmiyyətində dərk olunur. Məhz sorğunun nəticələri ən azından bunu deməyə əsas verir ki, sonuncu səsvermə zamanı belə erməni cəmiyyəti Paşinyana deyil, əvvəlki rejimin, canilərin, cinayətkarların uzaqlaşdırılmasına səs verməli oldu. Daha dəqiq desək buna məcbur qaldı. Təsadüfi deyil ki, son sosioloji sorğunun məyusedici nəticələrinə görə, Ermənistanın ikinci və üçüncü prezidentinin kabinetində onlar üçün əsəbi ab-hava hökm sürür. Əlbəttə ki, bu, başa düşüləndir, çünki onlar Paşinyanı devirmək üçün nə qədər qədər vəsait xərcləsələr də, səy göstərsələr də, özlərinin dili ilə desək, "nankor" erməni xalqı onların səylərini qiymətləndirmədi. Əslində isə, erməni xalqı gec də olsa vəziyyəti görməyə başlayıb və sorğunun nəticələri göstərir ki, bu zamana qədər aldadıldıqlarının fərqindədir.

Əslində, GALLUP Beynəlxalq Assosiasiyası öz sorğusu ilə Ermənistanın iç üzünü, mənzərəsini açıb ortaya qoydu. Ortada olan odur ki, hələ də kimlərsə, daha dəqiq desək, Ermənistanda cinayətkar rejim öz hakimiyyəti naminə erməni xalqını alət olaraq istifadə etmək niyyətindədir və respondentlərin cavablarından belə məlum olur ki, onların belə çirkin niyyətlərinin fərqində olanlar artmaqdadır. Bu günə qədər hansısa bir manipulyatorun oyunlarına alət edilən ermənilərin deyəsən “ayılmaq” astanasında olduğu sorğunun nəticələrində özünü göstərir. GULLOP sorğusu Ermənistanın əsl mənzərəsini açıq şəkildə ortaya çıxardı ki, bu, elə erməni cəmiyyətinin özü üçün bu gün ən lazım olan məqamdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə