USAİD rəhbərinin təxribat xarakterli bəyanatında SÜRREALLIQ - TƏHLİL
Təxribat xarakterli bəyanatlar Ermənistanla Azərbaycan arasında nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı məsələlərə heç də müsbət təsir etmir, əksinə, prosesi ləngidir və qarşısını almağa xidmət edir. Təəssüf ki, müxtəlif ölkələrin və təşkilatların nümayəndələrinin bir sıra təxribat xarakterli bəyanatlarının ardınca USAİD-in rəhbəri Samanta Pauerin tviti də yer alıb və təxribat xarakteri ilə digərlərindən seçilmir. Amma görünən odur ki, Pauer öz ermənipərəstliyi ilə digərlərindən seçilir, hansı ki, onun belə bir mövqeyini ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbərinə heç də yaraşdırmaq olmur.
Samanta Pauerin öz tvitində dövlət katibi Blinkenin fikirlərini təhrif olunmuş şəkildə qeyd edərək, bundan istifadə etməsi isə ikrah doğurur və buna görə öz ölkəsində belə narazılqla qaşılanmalıdır. Çünki dövlət katibinin fikirlərini təhrif etmək, öz bildiyi, yaxud istədiyi kimi ifadə etmək narazılığa səbəb olmaya bilməz. “Dağlıq Qarabağda ərzaq təhlükəsizliyinin olmaması və dərman çatışmazlığı çox narahatlıq doğurur. Laçın dəhlizi Dağlıq Qarabağ əhalisinə həyati əhəmiyyətli yüklərin çatdırılması üçün vacibdir. Mən dövlət katibi Blinkenin dəhliz vasitəsilə kommersiya və humanitar ləvazimatların sərbəst hərəkəti ilə bağlı çağırışına qoşuluram”, - deyə qeyd edən Pauer məhz Blinkenin ifadələrini tamamilə fərqli şəkildə ifadə edərək öz ermənipərəst mövqeyini bir daha ortaya qoyub.
Xatırlatmaq yerinə düşərdi ki, xanım Pauer təzəliklə ermənipərəst olmayıb və dəfələrlə ədalətsiz şəkildə öz dırnaqarası “mövqeyini” açıq-aşkar şəkildə göstərib. Hələ bu ilin yanvarında, daha dəqiq desək, Laçın yolunda eko-fəalların aksiyası başladıqdan bir ay sonra Pauer eyni ilə indiki kimi bir tviti ilə diqqəti cəlb etmişdi. “Bir aydan çoxdur ki, Laçın dəhlizi ilə nəqliyyat bağlanıb. Kommersiya daşımaları və humanitar yardımların Dağlıq Qarabağa sərbəst şəkildə daxil ola bilməməsi humanitar böhranın baş vermə ehtimalını hər gün artırır. Dəhliz boyu sərbəst hərəkət bərpa edilməlidir”, - deyə qeyd edən Pauerin şəxsən sözügedən məsələ ilə bağlı da hansı mövqedə olduğu hələ onda da bəlli idi. İş orasındadır ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi kimi bir qurumun rəhbərinin tvitləri real deyil, sürreal səslənir. Necə olur ki, altı ay bundan əvvəl, onun dili ilə desək, “humanitar böhran” hələ də davam edir, amma bircə nəfər də ermənin oldüyü qeydə alınmır? “120 min erməni acından ölür”, deyə haray-həşir salan ermənilər niyə indi orada eyni sayda erməni əsilli insanın qaldığını iddia edirlər və o zaman da, indi də eyni şəkildə çıxış edən USAİD rəhbərinin düşüncə, mövqe baxımından ermənilərdən fərqi nədir?
USAİD rəhbəri görünür ki, heç xislət baxımından da ermənilərdən fərqlənmirmiş. O, eyni ilə tipik bir erməni kimi dövlət katibinin fikirlərini öz istədiyi kimi əvəzləməyi özünə rəva bilibsə, deməli, həmin fikrimizdə haqlıyıq. Fakt budur ki, dövlət katibi Blinken malların sərbəst hərəkətinə çağırış etməyib və hər halda, bu hərəkəti sırf Laçın yoluna bağlamayıb. “Dünən mən Azərbaycan Prezidenti Əliyevlə Dağlıq Qarabağda pisləşən humanitar vəziyyətlə bağlı dərin narahatlığımızı ifadə etmək məqsədi ilə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə çağırır”, - deyə bəyan edən Blinkenin fikirlərinə Pauer özü istədiyi şəkildə, istədiyi rakursda istinad edib və tviti də buna müvafiq şəkildə olub. Məsələ burasındadır ki, Qarabağda humanitar vəziyyətin pisləşməsi deyilən halın baş verib-verməməsindən asılı olmayaraq, Blinken sadəcə olaraq, narahatlıq barədə fikir ifadə edib. Blinken, əgər həmin o humanitar vəziyyətlə bağlı pisləşmə varsa belə, bunu Azərbaycan tərəfinin hərəkətləri ilə əlaqələndirməyib axı. Amma USAİD rəhbəri dövlət katibinin fikirlərini istədiyi kimi istifadə edərək, hətta istinad belə edərək, tamamilə başqa şəkildə, başqa rakursda yanaşma ilə çıxış edib və tviti də bu baxımdan ermənipərəstliyini bir daha təsdiqləyir.
Ermənistan tərəfinin davam edən təxribatları, xüsusən də, Laçın Sərhəd Buraxılış Məntəqəsinə qarşı təxribatları barədə, eləcə də erməni tərəfinin humanitar yüklərinin daşınması üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməkdən imtina etdiyi barədə dövlətimizin başçısının Blinkenin diqqətinə çatdırması ilə onsuz da məsələnin nə yerdə olduğu barədə ABŞ dövlət katibi məlumatlanmışdı və “humanitar vəziyyət”, yaxud da, “blokada” dediklərinin siyasi manipulyasiya olduğu haqda çoxdan doğru qənaətə gəlmişdi. Təsadüfi deyild ki, dövlət katibi Blinken “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrə ABŞ-ın davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhəd-keçid məntəqəsindən və digər alternativ yollardan keçmənin vacibliyinə, sərhədlərin qorunmasının vacibliyinə toxunub və qeyd edib ki, danışıqlarda müsbət impuls var.
Göründüyü kimi, dövlət katibi Blinken tərəfləri dialoqu davam etdirməyə çağırmaqla kifayətlənib. Amma Samanta Pauer dövlət rəsmilərinin bəyanatlarını sərbəst şəkildə, özü də öz istədiyi formada şərh edib və ümid edirik ki, buna görə Ağ Evdə töhmətlə üzləşməli olacaq. Hər halda Ağ Ev üçün də bəllidir ki, Samanta Pouer ermənilərin dəyirmanına su tökmək üçün əldən-ayaqdan gedir. Məsələ burasındadır ki, USAID sıradan bir təşkilat deyil, ona görə də Pauerin belə bir ermənipərəst mövqeyi təsadüfi ola bilməz. Təbii ki, ola bilsin, bu təşkilat ABŞ-ın hazırkı administrasiyasında müəyyən dairələrin mövqeyini əks etdirir.
Onu da qeyd edək ki, ABŞ-ın hərəkətlərinin geosiyasi motivləri nə olursa olsun, rəsmi Bakı siyasətini sırf öz milli maraqlarına uyğun qurur. Məhz həmin bu milli maraqlar da USAID-in Azərbaycandakı fəaliyyətini dayandırmağı qəti surətdə diktə edir. Hazırda bir sıra sahələrdə yardım göstərmək adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə edən bu struktur, eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının yaradılmasına yardım etmək adı altında dövlət çevrilişləri və məxməri inqilablar planlarını həyata keçirir. Bu təşkilatın 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” yaratmaq üçün 9,5 milyard dollar vəsait ayırması da təsadüfi sayıla bilməz. Məsələ burasındadır ki, 1991-ci ildən Azərbaycanda da fəaliyyət göstərən USAID-in bəyan edilmiş missiyası inkişaf etməmiş və ehtiyacı olan ölkələrə dəstək olmaqdır. Ola bilsin ki, həmin təşkilatın Azərbaycanda 1990-2000-ci illərdəki fəaliyyəti hardasa başa düşülən idi. Amma indi iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanda bu təşkilatın fəaliyyəti sual altındadır. Ümumiyyətlə, bir halda ki, Azərbaycan beynəlxalq miqyasda yardım məsələlərində də iştirak edirsə və yardımın donoru kimi çıxış edirsə, deməli, USAİD artıq ölkəmizlə vidalaşmalıdır. Ən təzadlı məqam isə odur ki, vidalaşmaq əvəzinə, həmin təşkilatın rəhbəri üstəlik, qeyd etdiyimiz həmin o ermənipərəst mövqeyini sərgiləyən tviti ilə gündəmə gəlir.
Yuxarıda qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, həqiqətən də USAİD-in Azərbaycandakı fəaliyyətinə ölkəmizdə heç bir zərurət yoxdur. Bununla belə Bakı ofisində 200-ə yaxın əməkdaşının çalışdığı təşkilat ölkədə fəaliyyətini hələ də davam etdirir. Bir tərəfdən də həmin təşkilatın təhbəri ermənipərəst mövqe sərgiləyir. Bunu gizlətmir də. Açıq-aşkar şəkildə, özü də nümayişkəranə şəkildə göstərir də. Buna dəstək demək olarmı? Olmaz. Deməli, həmin təşkilatın ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır, özü də Pauerin çılğın təxribat xarakterli bəyanatından sonra təcili şəkildə buna nail olmaq gərəkir. Amerikanın dövlət büdcəsindən maliyyələşən agentliyin rəhbərinin bu cür özbaşına davranışına ABŞ prezident administrasiyası tərəfindən ictimai reaksiya verilməsi də tam yerinə düşərdi və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına Vaşinqtonun yardım etmək niyyətinin səmimiliyini nümayiş etdirərdi. Əgər hələ də bunu müşahidə etmiriksə, deməli, həmin təşkilatın ölkəmizdə fəaliyyətinə son qoyulması tam məntiqi olardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB