Elxan Poluxov təyinat məktubunu Baş katibə təqdim edib

Elxan Poluxov təyinat məktubunu Baş katibə təqdim edib

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi məlumat yayıb. Səfirlikdən SİA-ya verilən məlumata görə, cari ilin 31 avqust tarixində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Elxan Poluxov Azərbaycan Respublikasının ƏDL-də daimi müşahidəçi təyin edilməsi ilə əlaqədar təyinat məktubunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Əl-Ğeytə təqdim edib. Təqdimat mərasimində Səfir E.Poluxov Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrin inkişafına, o cümlədən ƏDL Baş Katibliyi ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bir çox formatlarda keçirilən görüşlərin münasibətlərin inkişafı üçün vacib olduğunu bildirib.

Ə.Əbu Əl-Ğeyt səfir E.Poluxovu təyinatla bağlı təbrik edərək, işində uğurlar arzulamış, bu təyinatın əməkdaşlığa öz töhfəsini verəcəyini bildirib. O, keçən ilin iyun ayında Bakıya səfər etdiyini, AR Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşləri xatırladaraq, ƏDL ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərindən söhbət açıb.

Səfir E.Poluxov son zamanlar regionda baş verən hadisələrə toxunaraq, Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar, sərhədlərin müəyyən edilməsi, Zəngəzur dəhlizi, Laçın yolunda gedən proseslər və azad olunmuş torpaqlarda aparılan quruculuq işləri barədə geniş məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə